Məhkəmə qərarları › İş №2(103)-4360/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4360/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4360/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2784/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşlar.

2. Masallı Rayon Məhkəməsinin 2(050)-108/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların anaları İddiaçı yanında və himayəsində saxlanılması, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir.

3. Masallı Rayon Məhkəməsinin 8(050)-64/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2974/2023 nömrəli qətnaməsinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-108/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat alimentin tutulması qət edilmişdir.

5. İddiaçı Hazar arıtım proje ve inşaat taahhüt sanayi ve ticaret anonim şirkətinin Azərbaycan Respublikasındakı filialında xidmətçi vəzifəsində işləməklə 441,15 manat əmək haqqı alır.

6. Elektron sistemdən gəlir məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, Cavabdeh ümumi xəstəlik üzrə 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2974/2023 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən alimentin miqdarı artırılaraq, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat müəyyən edilmişdir. Hazırda alimentin məbləğinin artırılmasına zərurət vardır. İddiaçı tərəflərin birgə nikahından doğulan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 235 manat sabit alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2784/2024 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia ərizəsi qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2974/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, valideynin az gəlir əldə etməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir.

11. Beləliklə, məhkəmə uşaqların maraqlarını əsas götürərək və tərəflərin maraqları arasında ədalətli tarazlığı qoruyaraq hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-2974/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün aylıq 200 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 600 manat aliment tutularaq İddiaçı ödənilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.4, 76.2, 78.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 82.3, 112.1.3, 119.1, 119.2, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hazırda da iddiaçıya 6.000 manata yaxın aliment borcu vardır. Aliment pulunu ödəyə bilmədiyindən bir neçə dəfə inzibati qaydada həbs olunmuşdur. Özü heç bir yerdə işləmir, 3-cü qrup əlilədir, 150 manat pensiya alır. Həmçinin, onkoloji xəstəlikdən əziyyət çəkir və bu barədə sənədlərini məhkəməyə təqdim etmişdir. O, uşaqlarının qayğısına həmişə qalmışdır. 2023-cü ildə alimentin miqdarı artırılaraq 450 manat olmuşdur. 1 il ərzində onun maddi həyatında heç bir dəyişiklik olmamışdır. İddiaçı özü xarici şirkətdə xadiməçi işləyir və 441 manat əmək haqqı alır. Həmçinin, məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əlavə olaraq 500 manat da paket alır. Lakin məhkəmə həmin izahata qətnaməsində qiymət verməmişdir. Uşağın minimum yaşayış üçün təyin edilmiş 235 manat pulun 117.5 manatı cavabdehin üzərimə düşür. Yəni bunu Azərbaycan Respublikasının Konstitusiyası yazır. Uşaqları saxlamaq hər iki valideyinin borcudur. Hər iki valideyinin borcudursa nəyə görə alimentin 90% cavabdehin üzərinə düşməlidir? Rayon yerində yaşayır, minimum əmək haqqı 345 manat təşkil edir.

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İdiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün qanunvericiliklə müəyyən olunmuş yaşayış minumumu miqdarında, yəni 235 manat məbləğində aliment ödəmək vəzifəsi vardır və onun gətirdiyi səbəblər bu vəzifəni icra etməmək üçün əsas ola bilməz. Cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, o uşağına münasibətdə sadəcə aliment öhdəliyini icra edir, uşaqla ünsiyyətdə olmur, onun təlim-tərbiyəsində iştirak etmir. Bu hallar da uşağın tərbiyəsi və inkişafı üçün şərait yaradılmasında sadəcə ananın rolunun olduğunu sübut edir və alimentin miqdarının artırılmasına əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı telegram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində, iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilərək cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 170 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılması barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir.

28. Kollegiya öncə qeyd edir ki, alimentin təyin olunduğu vaxtdan bir ilə yaxın müddət keçmiş, uşaqlara çəkilən xərclər artmış, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Ona görə də hazırda üç uşağa görə alimentin 450 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

29. Aliment ödəyən valideynin az qazanca malik olması isə onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Bununla belə, ailə qanunvericiliyinin tələblərinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

31. Nəzərə alınmalıdır ki, cavabdeh ümumi xəstəlik üzrə 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. İddiaçı isə xidmətçi vəzifəsində işləməklə 441,15 manat əmək haqqı alır. Qanunvericiliyin tələblərinə əsasən uşağı saxlamaq hər iki valideynin vəzifəsidir.

32. Belə olan halda kollegiya hesab edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.

33. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2784/2024 nömrəli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar