Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4361/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmasına Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və sair” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatların verilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB ilə İddiaçı oglu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli (2 kredit müqaviləsi) və 22 may 2012-ci il tarixli kredit müqavilələri üzrə üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi qalmamışdır. İddiaçı nə indi, nə də gələcəkdə cavabdehdən qeyd olunan kredit müqaviləsi üzrə pulları tələb edə bilməz. Çünki artıq öhdəliyin və tələb etmək hüququnun olmaması digər məhkəmə qətnamələri ilə müəyyən olunmuş, 2018 və 2019-cu illərdə LPO QSC "xxxx" KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun borcun qaytarılması tələbi ilə ona qarşı ayrı-ayrılıqda 4 (dörd) iddia ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin müxtəlif tarixlərdə qəbul etdiyi qətnamələrə əsasən, hər 4 (dörd) kredit müqavilələri üzrə iddialar təmin edilməmişdir. Sabunçu Rayon Məhkəməsinin qətnamələrindən bank tərəfindən verilmiş apellyasiya şikayətləri və sonradan apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarlarından məlum olur ki, İddiaçı yuxarıda qeyd etdiyi kredit müqavilələri üzrə bank qarşısında heç bir öhdəlikləri yoxdur. Yəni artıq bank ikinci dəfə eyni tələblə məhkəməyə müraciət edə bilməz. Lakin məhkəmə tərəfindən qeyd olunan məsələ aydınlaşdırılmamışdır. Bank eyni tələblərlə yenidən məhkəməyə müraciət edə bilməz. Əgər bank qarşısında hər hansı bir ödəlik varsa deməli tələb etmək hüququ da olmalıdır. Lakin hazırda Bankın cavabdehdən hər hansı bir göstərilən kredit müqaviləsi üzrə İddiaçı pul məbləği tələb edə bilməz. Çünki artıq bu məsələyə qiymət verilmişdir. Belə olan halda məhkəmə dügün nəticəyə gəlməmişdir.
4. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2754/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4682/12 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5066/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4530 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2468/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4614/12 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1524/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4615/12 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı banka borcu yaranmış, lakin bank iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6528/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MKnın 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6528/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə isə iddiaçı LPO QSC “Bank Standart” KB-nın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/2020 saylı xx.xx.2020ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)-12692/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 777/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə isə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(103)- 12692/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2(008)-5066/2018 və 2(008)-2754/2018 saylı məktubdan görünür ki, iddiaçı QSC «Bank Standart» KB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5066/2018 nömrəli xx.xx.2018-ci il tarixli və 2(008)-2754/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamələr qəbul edilmişdir. İşdə qətnamələrin tərəflərə rəsmi qaydada çatdırılmasını təsdiq edən sənəd mövcud olmadığına görə qətnamələrin qanuni qüvvəyə minibminməməsi barədə məlumat vermək mümkün deyildir. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5066/2018 nömrəli xx.xx.2018-ci il tarixli və 2(008)-2754/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnamələrindən apellyasiya şikayətləri daxil olmamışdır.
14. Azərbaycan Kredit Bürosundan xx.xx.2023-cü il tarixli SF9850 nömrəli çıxarışın borcalanın aktiv öhdəlikləri bölməsində İddiaçı yuxarıda sözügedən 4 müqavilə üzrə öhdəliklərinin olması qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. ...İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. ...Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki, bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki, onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
22. Tətbiq edilən prosessual hüquq normaları:
23. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mülki iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, bankın həmin dörd kredit müqaviləsinə görə iddiaçıya qarşı olan iddia tələbləri təmin edilməmişdir, eyni tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir, bu borcun olmaması anlamına gəlir. Çünki əgər borc varsa tələb etmək hüququ da var, ancaq hazırkı işdə cavabdehin iddiaçıdan öhdəlik üzrə tələb etmək hüququ yoxdur. Bütün bunlar onu göstərir ki, göstərilmiş hallar işin nəticəsinə uyğun gəlmir. Məhkəmə əsassız olaraq iddianın təmin edilməməsi qərarına gəlmişdir.
38. Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı ilə hazırda ləğv prosesində olan QSC «Bank Standart» KB arasında 4 kredit müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən bank məhkəməyə müraciət edərək borcun tutulmasını tələb etmiş, lakin məhkəmələr tərəfindən hər 4 müqaviləyə müvafiq olaraq iddia ərizələri bank tərəfindən iddia müddətinin ötürülməsi ilə məhkəməyə verildiyindən bankın tələbləri rədd edilmişdir. İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin kredit müqavilələri üzrə bank ona artıq tələb irəli sürə bilmədiyindən cavabdeh ilə aralarında bağlanmış kredit müqavilələri üzrə üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçının təqdim etdiyi məhkəmə aktları ilə müəyyən olunur ki, iddia tələbləri iddia müddətinin keçməsinə görə təmin edilməmişdir. Bu isə öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcudluğu halı yoxdur. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının silinməsini tələb etdiyi borc öhdəlikləri mövcuddur, belə ki, məhkəmə aktları ilə bu hal öz təsdiqini tapmışdır.
40. Rayon məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir (bənd 21).
41. Göründüyü kimi cavabdeh dörd kredit müqaviləsi üzrə tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanından məhrum olmuşdur. Həmin kredit müqavilələri üzrə öhdəliyə xitam verilməmiş, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirmişdir.
42. Bundan başqa Mülki Məcəllənin 527-ci maddəsində öhdəliyə xitam verilməsi əsasları göstərilmişdir, həmin əsaslar sırasında iddia müddətinin keçməsinə görə öhdəliyə xitam verilməsi halı nəzərdə tutulmamışdır. Bu səbəbdən, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz.
43. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
44. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov