Məhkəmə qərarları › İş №2(103)-4364/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4364/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4364/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) X1 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin 10 il bundan əvvəl ondan hissə-hissə aldığı borcun qaytarılması məqsədi ilə 4.910 manat, ötən 10 il üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə (hər il üçün 491 manat hesablanmaqla) 4.910 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh təxminən 20 il bundan əvvəl eyni müəssisədə birlikdə çalışmış, iş yoldaşı olmuşlar. 2007-ci ildən 2009-cu ilə qədər cavabdeh iddiaçıdan hissə-hissə 3.110 manat pul borc almışdır. Pulu cavabdehə şəxsən özü vermişdir. Sonra iddiaçı cavabdehdən pulu qaytarmağı xahiş etmiş, lakin cavabdeh pulu qaytarmaq imkanın olmadığını bildirmişdir. Hər dəfə cavabdehdən pul istəyəndə, cavabdeh iddiaçıya eyni sözləri demiş və iddiaçı axırda başa düşmüşdür ki, cavabdeh onu aldadır. Bundan sonra, cavabdeh iddiaçıya təklif etmişdir ki, kreditlə mağazadan telefon alsın və bu telefonları versin cavabdehə, cavabdeh həmin telefonları sataraq ona olan borcunun bir hissəsini qaytarsın. Telefonların aylıq ödənişini isə cavabdeh özü ödəməli idi. Bundan sonra, iddiaçı, öz adına və bacısı oğlunun adına iki ədəd “Samsung S-6” markalı hər birinin qiyməti 900 manat olan mobil telefonları kreditlə almış və cavabdehə vermişdir. Cavabdeh iddiaçıya 2 saata telefonları satıb pulunu ona gətirəcəyini demişdir. Həmin vaxtdan sonra, iddiaçı cavabdehi tapa bilməmiş və məcbur qalıb hər ay çətinliklə krediti ödəmişdir. Bundan sonra, iddiaçı, pula ehtiyacı olduğundan bankdan külli miqdarda kredit götürmüş və evini banka girov qoymuşdur. Kredit ödəyə bilmədiyi üçün ev də iddiaçının əlindən alınmışdır. Hazırda cavabdehin iddiçıya 3.110 manat bir və telefonlara görə 1.800 manat, cəmi isə 4.910 manat əsas və eyni məbləğdə faiz borcu var. Cavabdeh iddiaçıya olan borcunu könüllü olaraq ödəmədiyindən iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 14.09.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas borcun ödənilməsi məqsədi ilə 4.910 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının əvəzinin – 15 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, tərəflər arasında 2007-ci il tarixdə borc münasibətləri olmuş, lakin 2009-cu ildə faizlərlə birlikdə 3500 manata yaxın borc ödənilmişdir. İddiaçı ərizədə borc münasibətlərinin 2009-cu ilədək davam etməsini göstərmişdir. Lakin 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman cavabdehin iştirakı təmin olunmamış, buna görə də cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə verə bilməmişdir. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, cavabdeh, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Odur ki, bunları və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında borc münasibətlərinin olması hazırki işin mübahisəsiz halıdır. İddiaçı, cavabdehdən nağd alınmış borcun ödənilməsi məqsədi ilə 3.110 manatın və cavabdehə verdiyi telefonlara görə ödədiyi 1.800 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırda borc məbləğinin ona qaytarılmadığını iddia edən iddiaçı borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdehin vəkili (nümayəndəsi), işə Rayon Məhkəməsində baxılan zaman cavabdehin iştirakı təmin olunmadığı üçün, işə apellyasiya qaydasında baxılan zaman iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Buna görə də, cavabdeh tərəf hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə, cavabdehin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutaraq hesab edir ki, 3.110 manat məbləğində pul tələbi hissəsində iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Çünki cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri 2007-2009-cu illərdə olmuşdur. İddiaçı 2009-cu ildən sonra uzun müddət sonra, 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasında cavabdehin iştirakını lazımi qaydada təmin etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və Azərbaycan Respublikası DİN-nin MAPS Şöbəsi tərəfindən verilmiş 20.04.2018-ci il tarixli arayışından görünür ki, cavabdeh, ünvan 1 ünvanında əvvəllər qeydiyyatda olmuş, lakin 14.04.2016-cı il tarixdə qeydiyyatdan çıxmışdır (iş v. 2). İşə baxmış Rayon Məhkəməsi isə bu halı nəzərə almamış, cavabdehə ünvanlanmış məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəni apellyasiya icraatı zamanı verməkdə haqlıdır. Daha sonra Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan, həmçinin iddiaçının məhkəmələrə verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh 2007-ci ildən 2009-cu ilədək iddiaçıdan borc pul almışdır. Həmin tarixdən sonra iddiaçı, pulu cavabdehdən tələb etsə də, cavabdeh ona geri qaytarmamışdır. Eyni zamanda iş üzrə müəyyən olunur ki, öhdəliyin icra müddəti iddiaçının tələb etdiyi an, yəni 2009-cu ildir. Belə olduqda üç illik iddia müddəti 2012-ci il tarixdə bitmişdir. Lakin buna baxmayaraq, iddiaçı həmin tarixdən iddia ərizəsi ilə müraciət etmək imkanının olmasına baxmayaraq, uzun müddət sonra müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 377.3-cü maddəsinə görə, öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alan Məhkəmə bu qənaətə gəlir ki, 3.110 manat borc pulun tutulması hissəsində iddia tələbi iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi üçün rədd edilməlidir. Məhkəmə telefonlara görə ödənilmiş 1.800 manatın cavabdehdən tutulması hissəsində iddia tələbini təmin edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı həmin hissədə tələbini sübut edə bilməmişdir. Həmin hissədə iddia tələbini təmin edən Rayon Məhkəməsi gəldiyi nəticəni sübutlarla əsaslandırmamış, iddiaçı həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi həmin nəticəsi də səhvdir işin hallarına uyğun gəlmir. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qeyd olunan əsasla rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; Rayon Məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmişdir. Odur ki, 385-ci maddəsinin tələbini, işin hallarını nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmeti olan tələbin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın qismən təmin edilməsi, əsas borcun ödənilməsi məqsədi ilə 4.910 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının əvəzinin – 15 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar