Məhkəmə qərarları › İş №2(103)-4367/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4367/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4367/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2021-ci il tarixli qərardaddan iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank 25.11.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 29.10.2014-cü il tarixdə bağlanmış “Kredit kartın verilməsi və kreditin istifadəsi haqqında müqavilə” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 305,04 manat, borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 782,61 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faizin ödənilməsi məqsədi ilə 42,6 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.02.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam vermişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh 31.05.2020-ci il tarixdə, yəni iddia ərizəsi Rayon Məhkəməsinə daxil olmamışdan təxminən 6 ay əvvəl vəfat etmişdir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraata xitam verilməsi barədə Rayon Məhkəməsinin qərardad qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkiledildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarında deyilir: “Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını, müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclu kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir”. Buradan da görünür ki, Rayon Məhkəməsinin mövqeyi səhvdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.02.2021-ci il tarixli məktubla Rayon Məhkəməsinə təqdim edilmiş “Ölüm haqqında akt qeydindən” görünür ki, Cavabdeh 31.05.2020-ci il tarixdə ölmüşdür (iş v. 46). İş materiallarından görünür ki, iddiaçı Bankın Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsi 25.11.2020-ci il tarixdə daxil olmuşdur. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə bildirir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman Cavabdeh təxminən 6 ay əvvəl öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Buna görə də, onun məhkəmə icraatı zamanı varislə əvəz edilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iş üzrə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Qərardad qanuni və əsaslıdır. Şikayətin dəlillərini əsaslı deyil. Ona görə də şikayət təmin edilməməli, barəsində verilmiş şikayət dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar