Məhkəmə qərarları › İş №2(103)-4367/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4367/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4367/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4165/2024 nömrəli 16 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin faktiki nikah münasibətlərindən 11 noyabr 2006-cı il təvəllüdlü X4 və 13 mart 2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2013-cü il tarixli 2(011)-5335/2013 nömrəli qətnaməsi ilə Cavabdeh həmin uşaqların saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 100 manat alimentin tutulması qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5335/2013 nömrəli 06 dekabr 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləği miqdarında təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırlar, övladları da onunla birlikdə qalmaqla onun himayəsindədirlər. Hazırda göstərilən vəsiat uşaqlarının saxlanılmasına kifayət etmir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4165/2024 nömrəli 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2013-cü il tarixli 2(011)-5335/2013 saylı qətnaməsi əsasında 11 noyabr 2006-cı il təvəllüdlü X1 və 13 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 noyabr 2006-cı il təvəllüdlü X1 və 13 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 72.80 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbinin həcmini, uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, belə nəticəyə gəlmişdir ki, iddia təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 112, 119.1, 124.1, 218.3-cü maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 260 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, işə onun iştirakı və məlumatı olmadan baxılmışdır. Valideynlərin hər biri uşaqların saxlanmasında onların təlim tərbiyəsində və maddi cəhətdən yardım edilməsində bərabər müştərək qaydada iştirak etməlidirlər. O, hazırda rəsmi olaraq heç yerdə işləmir və əlavə gəlir yeri yoxdur. Digər tərəfdən iddiaçı ilə münasibətləri pozulduqdan sonra hər biri öz həyatında yeni bir səhifələr açmış, o, xx.xx.2015-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı uşaqları var. O, çətinliklə öz ailəsini və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qət edilmiş hər ay hər uşaq üçün 100 manat sabit məbləğdə kəsilən alimenti ödəyir. Uşaqlarının saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmır, hesab edir ki, aliment məbləğinin aylıq hər uşaq üçün 130 manat, ümumilikdə 260 manat məbləğində tutulması məqsədə müvafiqdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu alimentin təyin edildiyi 2013-cü ildə 93 manat olduğu halda, 2024-üçün isə 235 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır.

25. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, hazırda bir uşağın saxlanması üçün 100 manat vəsait yetərli sayıla bilməz.

26. Göründüyü kimi qətnamə ilə nəzərdə tutulmuş aliment məbləği müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün alimentin məbləğinin yüksək olması, yeni ailə həyatı qurması və övladının olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, o cümlədən aliment öhdəliyindən azad etmir.

28. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

29. Həmçinin nəzərə alınmalıdır ki, 11 noyabr 2006-cı il təvəllüdlü X1 iki aydan sonra 18 yaşı tamam olur, yəni yetkinlik yaşına çatır.

30. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4165/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar