Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4368/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X3 Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: su təhcizatı, suölçən cihazların quraşdırılması, su təchizatının dayandırılması, mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı X3 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə X3 Cavabdeh ASC-yə qarşı “su verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün Cavabdeh ASC və Durna Hüseynova arasında xx.xx.2014 il tarixdə müqavilə bağlanmış, ona **********000 nömrə ilə abonent kodu verilmişdir.
2. Həmin ünvana xx.xx.2014-cü il tarixdə ALFASU-20 markalı 49798955 nömrəli, xx.xx.2021-ci il tarixdə ALFASU-20 markalı 49798955 nömrəli, xx.xx.2022-ci il tarixdə “CSS-20” markalı 21063214 nömrəli sayğaclar quraşdırılmış, abonentin 2015-ci il üzrə 2,76 manat artıq ödənişi olmuş, 2016-cı il üzrə 2,2 manat borcu qalmış, 2017-2020ci illər üzrə borcu qalmamış, 2021-ci il üzrə 35 manat, 2022-ci il üzrə 560,13 manat borcu yaranmışdır.
3. 22 fevral 2023-cü il tarixdə çap edilmiş abonent kartına görə, Durna Hüseynovanın əvvəlki illər üzrə borclar nəzərə alınmaqla ümumi borcu 594,57 manat təşkil edir.
4. X4 ünvan 1 ünvanında yaşayır.
5. Cavabdeh ASC-nin Vidadi Hüseynova ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “...sözügedən ünvanın su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat su xətti üzərində quraşdırılmış 49798955 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Qeyd olunan sayğac istismara yararsız olduğundan xx.xx.2022-ci il tarixdə dəyişdirilərək 21063214 nömrəli mexaniki tipli su sayğacı ilə əvəz edilmişdir. Həmin sayğac göstəricisi 1m3 olmaqla xidmətlərdən istifadəyə görə abonent hesabınızda 594,57 manat borc var. Qeyd olunan borc istismardan çıxarılmış sayğacın göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən hesabınızda olan borcla bağlı Sizə hər ay hesab-faktura təqdim edilməsinə baxmayaraq son 1 il ərzində heç bir ödəniş edilməmişdir. “Sudan istifadə qaydaları”nın 7.10-cu bəndinə əsasən, bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. Bu səbəbdən, müraciətdə qeyd etdiyiniz hər iki ünvan üzrə (**********000, **********0000) su təchizatı dayandırılmışdır. Yaranmış borc məbləği ödənildikdən və ya su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissəli ödəniş protokolu imzalandıqdan sonra su təchizatınız bərpa oluna bilər”.
6. Cavabdeh ASC-nin Vidadi Hüseynova ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, abonent kodu **********000 olan istehlakçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2021-ci il tarixədək 49798955 nömrəli smart kart tipli sayğacın yükləmələrinə əsasən aparılmış, xx.xx.2022-ci il tarixdə həmin sayğac istismara yararsız olduğundan son göstəricisi 5622 m3 olmaqla sökülmüş və yerində 21063214 nömrəli sayğac quraşdırılmış, abonent hesabına 114,87 manat düzəliş edilmiş və hazırda sayğac göstəricisi 1 m3 olmaqla xidmətlərdən istifadəyə görə (istismardan çıxarılmış və yeni quraşdırılmış sayğacın göstəricisinə əsasən) 594,57 manat borc vardır.
7. ünvan 1 ünvanına suyun təchizatı Cavabdeh ASC tərəfindən dayandırılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. X4 (iddiaçı) Cavabdeh ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, suyun verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş 50 000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Almaniya Respublikasının vətəndaşı olmaqla ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, yaşadığı mənzildə 2 ədəd su sayğacı mövcuddur. Birinci sayğac üzrə abonent kodu **********000 olmaqla X5 adına, digər sayğac üzrə abonent kodu **********000 olmaqla onun adınadır. Cavabdeh ASC-nin Binəqədi rayon su idarəsinin rəisi Elçin Bağırov və müavini Tural Quliyevin göstərişi əsasında ildə bir dəfə olmaqla hesab faktura təqdim olunaraq su sərfıyatına görə ödəniş həyata keçirilmişdir. 2022-ci ilin oktyabr ayının 26-27-i ərazi üzrə nəzarətçi ona zəng edərək heç bir bildiriş, hesab faktura təqdim etmədən abonent kodu **********000 olmaqla X5 adına olan sayğac üzrə borcun 700 (yeddi yüz) manat olduğunu bildirmiş və bir gün içərisində ödəməsini istəmişdir. Nəzarətçiyə bu borcu birdəfəyə ödəyə bilməcəyini bildirmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Binəqədi rayon Su İdarəsinin rəisi Elçin Bağırovun göstərişi ilə yaşadığı ünvana su verilməsi dayandırılmışdır. Bundan əlavə, qərəzli şəkildə digər abonent kodu **********000 olmaqla onun adına olan su sayğacında 150 manat balans olmasına baxmayaraq su verilməsi dayandırılmış, üstəlik əməkdaşların kobud müdaxiləsi nəticəsində su klapanı da qırılmışdır. Balansında yetərincə su deposu olan sayğacın hansı səbəbə kəsilməsinin, eyni zamanda heç bir yazılı bildiriş təqdim edilmədən su verilməsinin dayandırılmasının izahını bu günə kimi verə bilmirlər. Yaranmış vəziyyətlə bağlı həm Cavabdeh ASC-nin qaynar xəttinə, həm də idarənin ərazi üzrə nəzarətçisinə zəng edərək bu halı bildirmiş və etdiklərinin qanunsuz hərəkət olduğunu xatırlatmışdır. Su idarəsinin əməkdaşları tərəfindən hər iki sayğac üzrə su verilməsi dayandırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi hesab faktura göndərilərək 709,44 (yedd yüz doqquz manat 44 qəpik) manat borcun olduğu bildirilmişdir. Halbuki, idarə tərəfindən bildiriş suyun dayandırılmasından əvvəl təqdim edilməli idi. Qeyd edilən hesab fakturanın məlumat bölməsində qeyd edilmişdir ki, “borcunuzu bilidriş təqdim edildikdən sonra 1 ay ərzində ödəməsiniz su təchizatınız dayandırılacaqdır”. Beləliklə yaranmış olan borcun ödənilməsi üçün 1 ay müddəti olduğu halda, idarənin rəisinin qanunsuz göstərişi əsasında bu hüququndan məhrum edilərək heç bir hesab faktura təqdim edilmədən, qanunvericiliklə heç bir müddət verilmədən qanunsuzluq edilərək su təchizatı dayandırılmışdır. Tərəfindən yaranmış vəziyyətlə bağlı dövlət orqanlarına müraciət edilmiş, amma məsələlə bu günə kimi öz həllini tapmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində su təlabatını ödəmək üçün əlavə 3-4 maşın su almaq məcburiyyətində qalmışdır ki, bu da onun maddi ziyan çəkməsinə səbəb olmuşdur. Göstərilənlərlə yanaşı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan da dəymişdir. Belə ki, bu hallar onda mənfi psixoloji reaksiyalar yaratmış, pisixi təsir göstərmiş, mənəvi əzab, iztirab və sarsıntı keçirməsinə səbəb olmuş, güclü əsəb gərginliyi yaratmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini 50 000 (əlli min) manat qiymətləndirir və həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını xahiş edir.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçıya Cavabdeh ASC tərəfindən borcun olması barədə bildiriş təqdim edilməmiş, ünvanda Durna Hüseynovanın adına olan sayğac üzrə yaranmış borca görə Vidadi Hüseynov adına olan sayğac üzrə suyun verilməsi dayandırılmış, suyun verilməsinin dayandırılması qaydalara uyğun həyata keçirilməmişdir. Buna görə də iddiaçı səbəbsiz olaraq susuz qalmış və stress keçirmişdir. Hətta bununla bağlı 2-3 gün sonra həkimə müraciət etmiş, həkim isə müalicə təyin etmişdir. Su istehlakına görə 594 manat borc olduğunu qəbul edirlər, həmin borcu istənilən an ödəyə bilərlər.
11. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi abonent kodlarından biri Cavabdeh ASC-nin balansında mövcud deyil, digər kod üzrə isə 594 manat borc vardır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Sudan istifadə qaydaları”nın 7.10-cu bəndində göstərilmişdir ki, bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. İddia ərizəsində göstərilən borcdan 114 manat düzəliş edilmiş, yəni Cavabdeh ASC tərəfindən akt göndərilərək borcun az olduğu müəyyən edilmiş və borc azaldılmışdır. Yaranmış borca görə bir ay ərzində ödəniş edilmədiyi halda suyun verilməsi dayandırıla bilər. Abonentə borcun ödənilməsi barədə xəbərdarlıq edilməli olmasına baxmayaraq, hazırda Cavabdeh ASC tərəfindən iddiaçıya xəbərdarlıq edilməsi barədə sübutu yoxdur. Qeyd olunan ünvana suyun verilməsi dayandırılmışdır. İddianın rədd olunmasını xahiş edir.
12. Birinci instansiya məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə su verilməsinin bərpa edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırılmışdır:
13.1. İşin mübahisəsiz halları odur ki, ünvan 1 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı Durna Hüseynova və Vidadi Hüseynovla müqavilələr bağlanmış və hər bir istehlakçının adına ayrıca abonent kodu verilərək ayrı sayğaclar quraşdırılmışdır. X6 adına olan sayğac üzrə hazırda 594,7 manat borc müəyyən edilir, iddiaçı Vidadi Hüseynovun adına olan sayğac üzrə isə borcun olması müəyyən edilmir. Lakin hazırda ünvan 1 ünvanına su verilməsi hər iki sayğac üzrə ümumiyyətlə dayandırılmışdır. 13.2. İşin hallarından görünür ki, iddiaçı Vidadi Hüseynov və Durna Hüseynova birgə təsərrüfat aparır, eyni əmlakı birgə idarə edirlər və qeyd olunan hər iki sayğac eyni əmlaka - Bakı şəhəri, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, 3/A saylı evə aid olan sayğaclardır. Bu halda məhkəmə qeyd edir ki, qanunveriliyin tələbinə əsasən STKM eyni əmlaka dair abonentlərdən birinin yaranmış borcunun 1 ay ərzində ödənilməməsi əsası ilə digər abonentin adına olan sayğac üzrə su verilməsinin dayandırılmasında haqlıdır. Lakin hazırkı halda yaranmış borcun məbləği və ödənilməsi müddətini özündə əks etdirən bildirişin iddiaçıya nə vaxt təqdim edilməsi müəyyən edilmədiyindən, qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş 1 ay müddətin hesablanması mümkün deyildir. Belə ki, borcun ödənilməsi müddəti suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən sonra hesablanmağa başlayır. 13.3. Məhkəmə hesab edir ki, bu halda STKM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Bakı yolu döngəsi 8, 3/a saylı evə suyun verilməsinin dayandırılması əsassız və qanunsuz olmuşdur. 13.4. İddiaçı eyni zamanda mənəvi zərərə görə 50 000 manat pulun cavabdehdən tutulmasını tələb edir. İddiaçının sübut qismində təqdim etdiyi "Adil” X11 Mərkəzi tərəfindən verilmiş 4 nömrəli arayışa əsasən iddiaçıya "stresə qarşı kəskin reaksiya” diaqnozun qoyulması müəyyən olunsa da, həmin halın məhz cavabdehin təqsirli hərəkətləri nəticə baş vermiş stress, əsəb və digər mənəvi narahatçılıqla bağlı olması sübut olunmur.
14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.1-ci, 389.1-ci, 390.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci, 4.1.3-cü, 7.10-cu, 8.1-ci, 8.2-ci bəndlərinə, həmin Qaydaların 1 nömrəli Əlavəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı Qərarına, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.
15. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara və işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iddiaçının mənzilinə cavabdeh tərəfindən təchiz edilən suyun qanunsuz kəsilməsi nəticəsində onun və ailə üzvlərinin əsəb, gərginlik, stress keçirmələrinin sübuta ehtiyacı olmayan hal olduğunu nəzərə almadığını, suyun kəsilməsindən cəmi 3 gün sonra həkim tərəfindən iddiaçıya “stressə qarşı kəskin reaksiya” diaqnozunun qoyulduğuna əhəmiyyət vermədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydaları
21. Bənd 2. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək), həmçinin verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
22. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
23. Bənd 7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər.
24. Bənd 8.1. Su təchizatı və kanalizasiya müəssisəsi - STKM istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, STKM ilə müvafiq müqavilə bağlanılmadıqda, məişət (təsərrüfat)-içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı olduqda, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər.
25. Bənd 8.2. İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
26. “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavə olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”nin 3.7-ci bəndi. İstehlakçının öz adına birdən çox müqaviləsi olduğu təqdirdə, onun bir ünvanda olan borcuna görə borcu olmayan digər ünvanlarındakı su təchizatı da dayandırıla bilər.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
27. Maddə 1. İstehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.
28. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı Qərarı
29. Mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunmaması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verməmiş, iddiaçı isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı, ünvan 4 ünvanında yaşadığı mənzildə 2 ədəd su sayğacının olduğunu, birinci sayğacın abonent kodu **********000 olmaqla X5 adına, digər sayğacın abonent kodu **********000 olmaqla özünün adına qeydiyyata alındığını irəli sürsə də, bu hal, yəni sözügedən ünvanda özünün adına da sayğacın quraşdırıldığı və onun ayrıca abonent olaraq qeydiyyata alındığı sübuta yetirilməmişdir.
38. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı sözügedən ünvanda suyun istehlakçısı olmaqla müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüquq sahibidir.
39. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
42. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehin əməkdaşı ona abonent kodu **********000 olmaqla X5 adına olan sayğac üzrə borcun 700 (yeddi yüz) manat olduğunu bildirmiş və bir gün içərisində ödəməsini tələb etmiş, bu borcu birdəfəyə ödəyə bilməyəcəyini söylədikdən sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ASCnin əməkdaşları tərəfindən Binəqədi rayon Su İdarəsinin rəisi Elçin Bağırovun göstərişi ilə yaşadığı ünvana su verilməsi dayandırılmışdır.
43. İşin hallarından aydın olur ki, sonradan iddiaçıya göndərilən bildirişdə borcun 594,57 manat olduğu bildirilmişdir.
44. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəssisə iddiaçının yaşadığı ünvanda yaranmış borca görə su təchizatını dayandırmaqda haqlı olsa da, bunu borcun mövcudluğu barədə iddiaçıya bildiriş göndərmədən etməklə qanunsuzluğa yol vermişdir.
45. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir və buna görə də kollegiya bu nəticə ilə bağlı mülahizə bildirməyərək iddiaçının mənəvi ziyan tələbinin əsaslı olubolmadığı məsələsinə münasibət bildirəcəkdir.
46. Lakin şübhəsizdir ki, həmin tələbə qiymət verilərkən iddiaçı tərəfindən su istehlakına görə 594,57 manat məbləğdə borcun mövcudluğunun qəbul edildiyi, həmin borcun uzun dövr ərzində yarandığı və ödənilmədiyi, iddiaçının yaşadığı ünvana su təchizatının məhz borca görə kəsildiyi nəzərə alınmalıdır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
48. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X10 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
49. Kollegiya cavabdeh təşkilatın üzərinə fərdi yaşayış evinə su verilməsinin bərpa edilməsi öhdəliyinin qoyulmasını iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.
50. Bununla belə kollegiyanın qənaətinə görə məhkəmə, iddiaçının ödədiyi dövlət rüsumunun məbləğinin tam şəkildə onun özünə aid olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin rüsum iddiaçını iddia qaldırmağa vadar edən və məhkəmə tərəfindən qanunsuz hesab olunan hərəkətlərə məhkəmə tərəfindən qiymət verilməsi üçün ödənilmiş, nəticə etibarilə həmin hərəkətlərin qanunsuz olduğu qənaətinə gəlinmişdir. Bu isə o deməkdir ki, həmin rüsum məbləğinin iddiası qismən təmin olunan iddiaçıya aid edilməsi, məhkəmə xərclərinin bölüşdürülməsi zamanı əsas götürülməli olan mütənasiblik prinsipinə uyğun olmamışdır.
51. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı istehlakçı olmaqla əslində rüsum ödənişindən azad edilən şəxsdir.
52. Bu mənada kollegiya hesab edir ki, qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmadan məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli, iddiaçının iddia qaldırarkən ödədiyi rüsum məbləğinin 200 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
53. Apellyasiya şikayəti əsassız hesab edildiyindən apellyasiya üçün ödənilən rüsum iddiaçının özünə aid olunmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1148/2023 saylı iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçının “mənəvi zərərin əvəzi olaraq 50 000 manatın cavabdehdən tutulub ona ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə “dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində dəyişdirilsin. İddia ərizəsi verilərkən ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun 200 (iki yüz) manatı Cavabdeh ASC-dən tutulub iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. X1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə