Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4372/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (Spero Hospital) qarşı iş üzrə (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Spero Hospitala xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Pasiyent oftalmoloq X5 tərəfindən müayinə olunaraq hər iki gözdə qocalıq kataraktı aşkar edilmişdir. xx.xx.2021-ci il tarixində X5 tərəfindən xəstənin sağ gözündə Fako+İol əməliyyat icra edilmişdir. Xəstəyə Amerikanın AMO şirkətinin EYEHANCE markalı süni linzası implantasiya edilmişdir. Əməliyyat üçün klinikaya 1200 manat ödəniş edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1nə (Spero Hospital) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci 1200 manat, əməliyyatdan sonrakı aylar əmək qabiliyyətini itirməyə görə 2000 manat, bu aylar ərzində müxtəlif müayinələr, müalicələr, dərman preparatlarının alınmasına görə 800 manat, cəmisi 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə həkim cərrah oftolmoloq Cavabdeh2 cavabdehdə sağ gözün katarakta əməliyyatını icra etmiş, lakin 19,5 dərəcəli linza əvəzinə 21,5 linza qoymaqla gözünü daha da şikəst etmişdir. Nəticədə ona 4000 manat ziyan yetirmişdir. Hal-hazırda, ağır xəstəlikdən əziyyət çəkir və sağlamlığını itirmişdir. Belə ki, səhhətində çoxlu problemləri vardır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə, iş № 2(006)-106/2023) iddia təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, EDOF linzalarda bir gözdə mini-mono Vision qərarı düzgün qərar olmuşdur. Belə olan halda iddiaçı cavabdehlərdən maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert qarşısında sual qoymamışdır ki, həmin qeyd olunan əməliyyatdan öncə xəstəyə əməliyyatdan sonra eynəyə ehtiyacı olub-olmayacağını cavabdeh əvvəlcədən bilə bilərdimi. Çünki cavabdeh tərəfindən əməliyyatdan öncə iddiaçıya heç bir eynəyə ehtiyacı olmayacağı barədə zəmanət verilmiş və buna görə də iddiaçı əməliyyata razılıq vermiş, lakin son nəticədə buna ehtiyac yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən əməliyyatın uğursuz icra olunduğuna istinad edərək ona dəymiş zərərin ödənilməsini tələb edir.
24. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbini sübuta yetirmədiyinə istinad edərək iddianı rədd etmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
26. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 80-81).
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
30. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
32. İddiaçı cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyinə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, onun səhhəti ilə bağlı problemlərin mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, həmin problemlərin məhz cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilməmişdir.
33. Əksinə iş materiallarından görünür ki, iş üzrə iki dəfə ekspertiza keçirilmiş, «Məhkəmə Tibbi Ekspertiza və X3» X6 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya “Hər iki gözdə qocalıq katarakta" diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə onun üzərində “OD Fako+lOL" cərrahiyyə əməliyyatı icra edilərək süni linza implantasiya edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə əməliyyatdan öncə onda hər hansı bir yan xəstəliklərin olubolmaması haqqında qeydiyyat aparılmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra edilmiş cərrahiyyə əməliyyatının fəsadının olmadığı müəyyən edilmişdir. Hal-hazırda sağ gözdə YAQ lazer olunması və sol gözdə Fako+lOL cərrahiyyə əməliyyatının icrası məsləhətdir. Belə ki, bu cür əməliyyatlardan sonra büllur arxası kapsul bulanır və YAQ lazer əməliyyatı ilə aradan qaldırılır. EDOF linzalarda bir gözdə mini-mono Vision qərarı düzgün qərar olmuşdur.
34. Göründüyü kimi, iddiaçının səhhətində xəstəliklərin yaranmasında cavabdehin təqsiri müəyyən olunmamış, məhkəmə araşdırması zamanı isə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
35. Maddi zərər tələbi təmin edilmədiyindən, mənəvi zərərin təmin edilməsi üçün də heç bir hüquqi əsas yoxdur.
36. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci insyansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
37. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
39. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.