Məhkəmə qərarları › İş №2(103)-4375/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4375/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4375/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə Açar sözlər: («kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2609/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2395,88 manat əsas, 352,94 manat faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 352,44 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, ümumilikdə 3101,26 manat və dövlət rüsumu olaraq ödənilmiş 51,02manat məbləğində vəsaitin tutulması barədə tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2609/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2395,88 manat əsas, 352,94 manat faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 352,44 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, ümumilikdə 3101,26 manat və dövlət rüsumu olaraq ödənilmiş 51,02 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respubikasının mülki Məcəlləsinin 445.7, 472.1, 472.2, 472.3, 739, 741; Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 28-5.3, 284-6.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh1 və zamin Cavabdeh2 “Borcverən” iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741 -ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385- ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, , iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 02/4373/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən xx.xx.2019-cu il tarixli 02/4373/DİK nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında 29 aprel 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, sözügedən müqavilələr üzrə cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Zamin qismində iştirak edən Cavabdeh2 müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə subsidiar məsuliyyət deyil, əsas borclu Cavabdeh1 ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Lakin, zamin də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır.Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli 02/4373/DİK nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinə 2395,88 (iki min üç yüz doxsan beş manat səksən səkkiz qəpik) manat əsas, 352,94 (üç yüz əlli iki manat doxsan dörd qəpik) manat faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 352,44 (üç yüz əlli iki manat qırx dörd qəpik) manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, ümumilikdə 3101,26 (üç min bir yüz bir manat iyirmi altı qəpik) manat borcu yaranmışdır. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sənəd, sübut və materiallar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - xx.xx.2019-cu il tarixli 02/4373/DİK nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı ləğv prosesində olan "NBC Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir; - xx.xx.2019-cu il tarixli 02/4373/DİK nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, iddiaçı ləğv prosesində olan "NBC Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmiş, əsas müqavilə üzrə öhdəliyin təminatı tədbiri qismində zamin qismində Cavabdeh2 məsuliyyəti üzərinə götürmüşdür. Müqavilə üzrə zamin əsas borclu ilə bərabər məsuliyyət daşıyır; - xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 02/4373/DİK nömrəli kredit müqaviləsinə əsasən 2395,88 manat əsas, 352,94 manat faiz, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 352,44 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, ümumilikdə 3101,26 manat borcu vardır; - İddiaçı ləğv prosesində olan "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişə əsasən, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh X2 Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2609/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia müddəti ötürüldüyündən ləğv edilməsi və iddiaçı NBC Bank ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit faiz borcunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair apellyasiya şikayəti vermiş və Mülki Məcəllənin 376, 462.1, 467, 754.4-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 2609/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassız çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında AR X4 24 fevral 2023-cü il tarixli qanununda, Mülkü Məcəllənin 745.4-cü maddəsində göstərilmişdir ki, borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə müddəti bir ildir. Belə olan halda, əsas borclu və zaminə qarşı kredit müqaviləsi tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, yeni redaksiyada və Mülkü Məcəllənin həmin maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun iddia irəli sürmədiyi halda kredit müqaviləsinə xitam verilir. Beləliklə, bank cavabdehlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda haqqından istifadə etməmiş və bu müddətdə bizə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın bizə qarşı təl yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən bizə qarşı tələ sürülmədikdə, kredit müqaviləsinə xitam verilmiş hesab edilir. Mülkü Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Hal-hazırda əsas tələb üzrə iddia müddəti keçmişdir. Odur ki, zaminliyə də xitam verilməlidir. Eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsininə dair, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə almadan yüksək miqdarda cərimə hesablamış yəni 352,44 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Hazırda isə kreditin icrası xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti bitmiş, bunun üzərindən 3 ilə yaxın müddət keçdikdən sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Hal-hazırda əsas tələb üzrə iddia müddəti keçmişdir. Odur ki, zaminliyə də xitam verilməlidir. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

5. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı mövcud qanunvericiliyin tələbləri pozulmaqla, iddia müddəti ötürülməklə verildiyi üçün, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və həmin əsasla iddia tələbi rədd edilərək qətnamə ləğv edilməlidir. Bunları yazmaqda məqsədi o deyil ki, iddiaçının tələbi haqlıdır, sadəcə müddəti ötürüb. Xeyr ! Əksinə məqsədi məhkəmənin diqqətini iddiaçının yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətinə yönəltməkdir. Çünki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsində qeyd edilir ki, borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Belə olan halda, əsas borclu və zaminə qarşı kredit müqaviləsi üzrə iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, yeni redaksiyada verilmiş Mülkü Məcəllənin həmin maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor iddia irəli sürmədiyi halda kredit və zaminlik müqaviləsinə xitam verilir. Baxmayaraq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir, amma nəzərə alınmalıdır ki, Mülki Məcəlləyə 2023-cü ilin fevral ayında edilmiş son dəyişikliyə əsasən kredit və zaminlik müqavilələri üzrə iddia müddəti 1 il müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı həmin dəyişiklikdən 1 il 2 ay sonra (2024-cü ilin aprel ayının 19-da) məhkəməyə müraciət etməklə həmin 1 illik müddəti ötürmüşdür, iddiaçı məhkəməyə müraciət edərkən, 3 illik müddəti deyil, son dəyişikliyə uyğun olaraq 1 illik iddia müddətini nəzərə almalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda yazılanları, iddiaçı tərəfindən tələbetmə müddətinin ötürülməsini nəzərə alıb məhkəmədən xahiş etmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən hazırkı tələb üzrə iddia müddəti tətbiq edisin və iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin.

6. İddiaçı məhkəməyə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, zaminə qarşı tələbetmə müddəti keçdiyindən zaminliyə xitam verilməlidir. Cavabdehin bu dəlili ilə razı deyillər. Belə ki, MPM-in 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər hər biri ayrılıqda qətnamədən şikayət verə bilərlər. İş materiallarından göründüy kimi Cavabdeh1 digər Cavabdeh2 adından çıxış etmək, onu təmsil etmək və onun adından hər hansısa bir məhkəmə aktını mübahisələndirmək səlahiyyəti yoxdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini ancaq özünə aid hissədə mübahisələndirə bilər. Bundan əlavə, Cavabdeh1 apellyasiya şikayətində növbəti dəlilil kimi qeyd etmişdir ki, iddiaçı MM-nin 745.4-cü maddəsinin tələbi baxımından iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin bu dəlili ilə də razı deyillər. Belə ki, iş materiallarına əlavə etdikləri hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh Kredit öhdəliyi üzrə borcu etiraf edərək xx.xx.2020-ci il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN və xx.xx.2024-cü il tarixdə isə 50 AZN ödənişlər həyata keçirmişdir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri isə müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması halları dedikdə: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009- cu il tarixli və s. qərarlar). Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli Qərarında da iddia müddətinə geniş şəkildə izah verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxalnılmasını xahiş etmişdirlər. Apellyasiya baxışının hədləri:

7. Mülki Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

10. Məcəllənin 560-ci maddəsinə əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn:560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.

11. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 377-ci maddəsinə əsasən: 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

12. Şikayətçi tələb üzrə iddia müddətinin keçməsini qeyd etsə də, birinci instansiya məhkəməsində icraat zamanı müvafiq ərizə ilə müraciət etmədikləri müəyyən edilmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvana bildiriş göndərilsə də, öz etirazını məhkəməyə təqdim etməmişdir. İddia müddətinə qiymət verilməli olsa belə, ödənişlərin həyata keçirilməsi baxımından etirafedici hərəkətlərin edilməsi və Cavabdeh1 digər Cavabdeh2 adından çıxış etmək, onu təmsil etmək və onun adından hər hansısa bir məhkəmə aktını mübahisələndirmək səlahiyyəti olmadığından, müddətin ötürülməsi müəyyən edilmir. Şikayətdə istinad edilən Mülki Məcəllənin 745.4-cü maddəsinə dair qeyd edilməlidir ki, bu norma məcəlləyə 24 fevral 2023-cü il tarixdə edilmiş dəyişiklik nəticəsində yeni norma olduğundan və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmadığından tətbiq edilə bilməz. Üç illik iddia müddəti müqavilənin qüvvəsinin bitdiyi tarixdən hesablandığı təqdirdə belə ötürülməmişdir. Belə ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir, müqavilə müddətinin bitdiyi tarix isə xx.xx.2021-ci tarixidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425, 427, 442, 443, 445, 448, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir, apellyasiya şikayətinin özünün dəlillərini isə hüquqdan suiistifadəyə yönəlmiş cəhd kimi qiymətləndirilir.

15. Qeyd edilməlidir ki, cavabdehin özünün imzaladığı kredit müqaviləsi üzrə ödənişlərinin edilməsini istisna edən sübutedici hallar, bununla da ekspertizanın keçirilməsinə əsaslar müəyyən edilməmişdir.

16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2609/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar