Məhkəmə qərarları › İş №2(103)-438/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-438/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-438/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 Dilavər qızına qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh Zamin2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 Dilavər qızına qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(004)-1344/2010 saylı qətnaməsindən cavabdeh Zamin2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, №nzaz6920 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Nizami” filialı Cavabdeh illik faiz dərəcəsi 33 % olmaqla 24 ay müddətinə 21500 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin 1.7-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər borcun yarandığı tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır, 1.8-ci bəndə əsasən faizlər hər ayın 25-dən gec olmayaraq ödənilməli, 2.3.2-ci bəndinə əsasən həmin müqavilənin şərtlərinin pozulduğu təqdirdə Bankın müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ var.

2. Həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2008-ci il tarixdə İddiaçı ASC-nin “Nizami” filialı ilə bağlanmış zaminlik müqavilələrindən görünür ki, Z.Ə,Əliyevz, Zamin3 və Zamin2 borclu Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi üçün bank qarşısında borclu ilə eyni dərəcədə, tam həcmdə və bigə məsuliyyət daşımalarını öhdələrinə götürmüşlər.

3. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2009-cu il tarixdən başlayıb xx.xx.2010-cu il tarixdə bitməli olan ödəniş cədvəli tərtib edilmişdir.

4. İş materiallarında olan tarixdə İddiaçı ASC-nin xx.xx.2010-cu il tarixli, RB/H698 saylı arayışından görünür ki, Cavabdeh həmin tarixə olan əsas borcu 21500 ABŞ dolları, 5657 ABŞ dolları adi kreditlər üçün faiz borcu, cəmi 27157 ABŞ dolları borcu vardır.

5. İş materiallarında olan xx.xx.2008-ci il tarixli №nzaz6920 saylı girov müqaviləsinə əsasən Cavabdeh eyni tarixli kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan dəyəri 25512 manat təşkil edən ev əşyalarını, dövriyyədəki malları və qızıl-zinət əşyalarını bankın “Nizami” filialına girov qoymuşdur. Müqavilənin 1.2-ci bəndinə əsasən girov qoyulmuş əmlak girovqoyanda saxlanılır, 3.3cü bəndinə əsasən isə borclu ardıcıl iki dəfə öhdəliklərini pozduqda bank girov əmlaka tələb yönəltmək hüququna malikdir.

6. İş materiallarında olan Cavabdeh xx.xx.2008-ci il tarixli razılıq ərizəsindən görünür ki, o, həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə banka saxlans girova verdiyi qızıl-zinət əşyalarını banka gəlmədiyi halda belə, borcu ödəmək məqsədilə məhkəmədən kənar qaydada satmaq səlahiyyətini vermişdir.

7. İş materiallarında olan xx.xx.2008-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 61 qram çəkidə, 732 ABŞ dolları dəyərində qızıl-zinət əşyası olan saatı banka təhvil vermişdir.

8. İş materiallarında olan xx.xx.2009-cu il tarixli aktdan görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna görə onun bankda girovda olan qızılı 3030 ABŞ dollarına qiymətəndirilərək bankın Nizami filialı tərəfindən E.S.Novruzova satılmışdır. Həmin məbləğ iş materiallarında olan xx.xx.2009-cu il tarixli ödəmə qəbzinə əsasən alıcı Etibar Novruzov tərəfindən Cavabdeh banka olan borcu əvəzinə onun hesabına daxil edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 Dilavər qızına qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ev əşyaları, dövriyyədəki mallarına yönəldilməklə açıq hərraca çıxarılaraq satılmaqla əldə edilmiş vəsait hesabına müqavilə üzrə 21500 ABŞ dolları əsas kredit borcu, 5322 ABŞ dolları adi kreditlər üçün faiz borcu, cəmi 26822 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun, habelə qətnamə icra olunan günədək həmin məbləğə hesablanmış 33% məbləğlərin və satışdan əldə edilmiş vəsait kifayət etmədikdə borcun xx.xx.2008-ci il tarixli kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlərdən müştərək olaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(004)- 1344/2010 saylı qətnaməsi ilə (hakim Xəqani Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 Dilavər qızından 21500 ABŞ dolları əsas kredit borcu, 5322 ABŞ dolları faiz borcu, cəmi 26822 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386.1, 425, 445.1 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh Zamin2 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə tam ləğv edilməsinin xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən məlumatı olmamış, əlilliklə bağlı aldığı təqaüdün yarı hissəsi tutulduqda, onu araşdırarkən qətnamədən məlumatı olmuşdur. Bundan əlavə o, heç vaxt banka getməmiş və müqavilə bağlamamışdır. İddiaçı ilə zaminlik müqaviləsi bağlamadığından zaminlik müqaviləsi araşdırılmalı və iş üzrə xətşünaslıq ekspertizası təyin olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 445.1. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən iddianın cavabdeh Zamin2 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın cavabdeh Zamin2 qarşı təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi ona münasibətdə təmin edilməməlidir.

27. Belə ki, iş materiallarınan əsasən xx.xx.2008-ci il tarixli №nzaz6920 saylı kredit müqaviləsi üzrə 26822 ABŞ dolları məbləğində borcun olduğu müəyyən edilir.

28. Cavabdeh Zamin2 apellyasiya şikayətində 05 dekabr 2018-ci tarixli zaminlik müqaviləsindən xəbərdar olmadığını və onun tərəfindən imzalanmadığını qeyd etmişdir.

29. Bununla əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilmişdir.

30. Həmin qərardada əsasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/1604 №-li ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsinin 1-2-ci səhifələrinin aşağı hissələrində sağdan 1-ci imzalar və sonuncu səhifəsində “Zamin” qrafasındakı imza – Zamin2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

31. Belə olan halda kollegiya hesab edir ki, qeyd edilən zaminlik müqaviləsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən iddia tələbi cavabdeh Zamin2 münasibətdə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Zamin2 apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(004)-1344/2010 saylı qətnaməsi mübahisələndirilən - iddianın cavabdeh Zamin2 21500 ABŞ dolları əsas kredit borcu, 5322 ABŞ dolları faiz borcu, cəmi 26822 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi ona münasibətdə təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(004)- 1344/2010 saylı qətnaməsi mübahisələndirilən - iddianın cavabdeh Zamin2 21500 ABŞ dolları əsas kredit borcu, 5322 ABŞ dolları faiz borcu, cəmi 26822 ABŞ dolları və 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavbdeh Zamin2 münasibətdə təmin edilməsin. Ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manat İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar