Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4380/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və Cavabdeh iştiraklarıilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin nikahı Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsilə pozulmuş, uşaqları Zəhranın saxlanması üçün 93 manat məbləğində aliment tutulmuşdur. Zəhranın 9 yaşı var, tutulan aliment onun tələbatlarənə ödəmir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsinə və iddianın rədd edilməsinə, iddia qalan hissədə rədd edilsin hissəsindən dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qeyriqanuni və əsassızdır, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır, ləğv edilməlidir. İddiaçı ilə aralarında olan nikah Sabunçu rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur və 09 aprel 2012-ci il təvəllüdlü Quluzadə Zəhranın cavabdehin himayəsində saxlanılması qət edilmişdir və hər ay sabit məbləğdə 93 manat alimentin tutulması müəyyən edilmişdir. Tərəfindən hər ay aliment ödənilir və iddiaçıya aliment borcu yoxdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-505/2018 saylı, 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə uşaqla ünsiyyətdə olmasına dair iddia tələbi qismən təmin edilmişdir və hər həftənin şənbə günləri ünsiyyətdə olmaq hüququ verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı tərəf uzun müddət qətnamənin icrasından yayınmışdır, onun uşaqla ünsiyyətdə olmasına şərait yaratmamışdır və icra tədbirləri nəticəsində uşaqla ünsiyyətdə olmağı mümkün olmamışdır. Uşaqla bir neçə dəfə görüşərkən onunla ünsiyyətdə olmaq istəməmişdir, uşağa nə isə almaq, birlikdə parkda gəzmək təkliflərinə etinasız yanaşmışdır və o hiss etmişdir ki, uşaq təsir altında olduğundan bu cür davranır. Məlum olmuşdur ki, uşağa anası və nənəsi – X5 tərəfindən psixoloji təsir edilir , onu uşağın yanında daima pisləyirlər, onun barəsində uşaqda mənfi rəy formalaşdırırlar və bu da təbii ki, uşağın ona olan münasibətinə çox ciddi şəkildə mənfi təsir göstərir. İddiaçı məqsədli şəkildə onun uşaqla ünsiyyətinə imkan vermir, əksinə isə aliment məbləğinin artırılması tələbini irəli sürür, aydın olur ki, iddiaçı heç də uşağın mənəvi və psixoloji inkişafını deyil, öz şəxsi maraqlarını güdür. Məhkəmənin nəzərinə çatdırır ki, o uzun müddətdir ürəyin işemik xəstəliyi , gərginlik stenokardiyası , ürək çatışmazlığı , hipertoniya xəstəliyindən əziyyət çəkir və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İİ dərəcəli əllilik verilmişdir. O, tələb edilən miqdarda alimenti ödəmək iqtidarına malik deyil, qazancı aldığı əlliliklə bağlı pensiyadan ibarətdir, başqa gəlir və qazancı yoxdur. Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan onun maddi vəziyyətində hər hansı bir dəyişiklik, yaxşılaşma halı baş verməmişdir. Onun özünün maddi tələbatlarının ödənilməsi üçün maddi vəsaitə ehtiyacı vardır. Qanunun normasında tərəflərdən birinin maddi vəziyyətində dəyişiklik olduğu halda aliment miqdarının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Lakin onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış, yaxşılaşma halı baş verməmiş və aliment miqdarının dəyişdirilməsi üçün əsas yaranmamışdır. İddiaçı faktiki olaraq işləyir, gəlir əldə edir və onun da vəzifəsi uşağın maddi tələbatlarının ödənilməsidir. İddiaçı tərəf hər vəchlə uşağın onunla ünsiyyətinə maneə törədir, amma alimentin artırılması tələbini irəli sürür. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamışdır, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdehin xəstəliyi ilə bağlı məlumatlı olmasa da, onun faktiki olaraq tikinti işləri ilə məşğul olduğunu, çoxlu sayda işçilərinin olduğunu bilir. Ona görə də, cavabdehin maddi imkanının olmaması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cu il tarixli, 2(008)-240/13 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə cavabdeh X4 arasında bağlanmış 12 iyul 2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 09 aprel 2012-ci il təvəllüdlü X3 iddiaçı X2 himayəsində saxlanılması və X1 üçün Cavabdeh iddiaçı X2 xeyrinə 03 may 2013-cü il tarixdən başlayaraq, X3 3 yaşı tamam olanadək saxlanılması üçün 50 (əlli) AZN sabit pul məbləğində və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 93 AZN sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1377/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cu il tarixli, 2(008)-240/13 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanmasının vacibliyi kimi halları nəzərə almışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının onun yanında qalan uşağın saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi isə uşağın böyüməsi, tələbatlarının artması, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən 2022-ci il üçün yaşayış minimumun artırılması ilə əlaqədar əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin daimi iş yerinin olmaması, əlilliyinin olması onu uşağını saxlamaq öhdəliyindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliklə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün hər ay 193 manat müəyyən edildiyi halda, cavabdehdən tutulmalı olan alimentin məbləğinin hər ay 150 manat müəyyən edilməsi ilə birinci instansiya məhkəməsi maddi təminat almaq hüququna malik olan uşağın maraqları ilə aliment ödəyən valideynin maddi vəziyyəti arasında ədalətli balansı qorumuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4380/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4380/2022
07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver