Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4382/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-397/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1562,95 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 05.05.2017-ci il tarixinə hesablanan 1024,06 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 247,28 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1168,24 ABŞ dolları cərimə borcunun, cəmi 4002,53 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-397/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 05.05.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1562,95 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qərara alınmış, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlili: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir, rayon məhkəməsi iddia tələbinin faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu hissəsində rədd edərkən, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına əsaslanmışdır, lakin həmin fərmanda restukturizasiya olunmayan müqavilələr üzrə faiz, cərimə, müqavilənin bitmə müdətinə olan faiz məbləğinin silinməsi nəzərdə tutulmayıb. Bu səbəbdən, birinci instansiya məhkəməsinin iddia tələbinin faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi M.Süleymanov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər, eyni zamanda, ərizə verərək, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Sübutların tədqiqi: Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05.05.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 24 ay müddətinə qaytarmaq, illik 29 % ödəmək şərti ilə 2000 ABŞ dolları kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin 05.05.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 05.06.2015-ci il tarixdən 05.05.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2000 ABŞ dolları, faiz borcuna görə 659,13 ABŞ dolları olmaqla cəmi 2659,13 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC və zamin Cavabdeh2 arasında bağlanmış 05.05.2015-ci il tarixli zəmanət müqaviləsindən müəyyən olunur ki, zamin 05.05.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə bank qarşısında borcalanın öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Zəmanət müqaviləsinin 4.3-cü bəndinə əsasən zəmanət müqaviləsi bütün şərtlərin tam yerinə yetirilməsindən sonra qüvvədən düşür. Ləğv prosesində olan İddiaçı ASC-nin 05.06.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 05.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02.06.2020-ci il tarixinə Cavabdeh1 əsas borcu 1562,95 ABŞ dolları, müqavilə müddəti üzrə faiz borcu 1024,06 ABŞ dolları, cərimə borcu 1168,24 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 247,28 ABŞ dolları, cəmi borcu 4002,53 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 17.11.2017-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank cavabdehlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən “faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu” hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı qətnaməni “faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu” hissəsində mübahisləndirmişdir. Rayon məhkəməsi iddia tələbini “faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu” hissəsində rədd edərkən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına əsaslanıb. Həmin fərmanın, 6.1-ci bəndində qeyd edilir ki, banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmçinin, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatmışdır. Birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə 2019-cu ilin dekabrın 31dək olan müddətdə öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bank kredit müqaviləsinin bağlanması ilə peşəkar şəkildə məşğul olduğundan Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına əsasən, cavabdehləri restrukturizasiya müqaviləsi bağlanmasına təşviq etməli idi. Hazıkı halda iddiaçı bununla bağlı, yəni restrukturizasiya müqaviləsi bağlanması ilə bağlı cavabdehlərə təklif etməsi və sair barədə əsaslı və şübhədənkənar sübut məhkəməyə təqdim edə bilmədiyindən, rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olduğundan təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələr üzrə aşağıdakıları qeyd edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı işdə cavabdehlər iddia müddətinin tətbiqinə dair ərizəni apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Kollegiya qeyd edir ki, iddia müddətinin tətbiqinə dair ərizənin apellyasiya icraatı zamanı verilməsi cavabdehlərin rayon məhkəməsində işə baxılmasından məlumatsız və xəbərsiz olduğu halda mümkündür. Hazırkı halda isə cavabdehlər birinci instansiyada məhkəmə iclası barədə sms bildiriş vasitəsi ilə məlumatlı olduqlarını təsdiq etdiklərindən, onların iddia müddətinin tətbiq edilməsi barədə ərizələri apellyasiya icraatı zamanı qəbul edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-397/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4382/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4382/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver