Məhkəmə qərarları › İş №2(103)-4385/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4385/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4385/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair 2(006)-40/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 81190,33 ABŞ dolları əsas borc, 15666,73 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, xx.xx.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 13490,81 ABŞ dolları əsas borc, 5272,23 ABŞ dolları faiz borcu, 82,15 ABŞ dolları cərimə borcu, cəmi 116202,25 ABŞ dolları pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və məhkəmə xərclərinin 45 manatının Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 məxsus xx.xx.2015-ci il tarixli, 115hds/15 saylı pul vəsaitinin sonrakı girov müqaviləsi üzrə girov predmeti olan xx.xx.2013-cü il tarixli, D0002753 saylı müddətli əmanət müqaviləsinə əsasən əmanət hesabına qoyulmuş 75000 manat məbləğində girov predmetinə və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 16A ünvanında yerləşən qeyri-yaşayış binasına (ipoteka predmeti) yönəldilməsi, qeyri-yaşayış binası ilkin satış qiymətinin 557400 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, girov predmeti olan vəsaitdən və ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 116202,25 ABŞ dolları pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçının hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş araşdırılmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Aralarında olan razılaşmalara əsasən banka olan kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. Lakin manatın devalvasiyasından sonra maddi çətinlikləri başlanmış, 1-ci devalvasiyasından sonra da ödənişlər etsə də, 2-ci dəfə olan ucuzlaşmadan sonra daha maddi imkanı olmamışdır. Bank tərəfindən ödədiyi pullar faizlərə silindiyindən əsas borcu demək olar ki, azalmamışdır. Belə olan halda ödənişləri dayandırmaq məcburiyyətində qalmış və bankdan əvvəlki məzənnə ilə krediti qaytarmasına şərait yaratsınmasını xahiş etmiş, lakin bank qərəzli olaraq bundan imtina etmişdir. Bank tərəfindən əsassız olaraq əsas borclarından əlavə olaraq xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 15.666,73 ABŞ dolları faiz borcu, 40.917,15 ABŞ dolları cərimə borcu, xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 5.272,23 ABŞ dolları faiz borcu, 82,15 ABŞ dolları cərimə borcu hesablanmışdır.Eyni zamanda, bank tərəfindən qərəzli olaraq ağır vəziyyətə salınmışdır. Belə ki, Azərbaycan Respublikasının milli valyutası Manat olmasına baxmayaraq iddiaçı Bank ona ABŞ dolları ilə borc vermişdir. Bankla ilkin müqavilə bağlayan vaxtda azərbaycan manatı ilə kredit götürmək istəmiş, lakin bankın əməkdaşları onu inandırmışlar ki, heç bir problem olmayacaq, krediti manatla da ödəyəcək. Kredit xəttinə ona manatla kredit verilməli idi. Son aylarda hər ay 2000 ABŞ dolları (3400 AZN) iddiaçının hesabına pul köçürür. Bu barədə ödəniş qəbzləri də vardır.Birinci instansiya məhkəməsində tədqiq olunan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin qiymətləndimə rəyinə etirazını bildirir, həmin rəy iddiaçının maraqlarına uyğun qiymətləndirilmişdir. Belə olan halda, məhkəmə tərəfindən həmin qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilməsi barədə qərardad qəbul edilməli idi. Lakin məhkəmə qərəzli olaraq yenidən qiymətləndirmə keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 illik 20% hesablanmaqla 36 ay müddətinə 90000 ABŞ dolları kredit vermişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 20% hesablanmaqla 33 ay müddətinə 30000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus olan xx.xx.2013-cü il tarixli D0002753 saylı müddətli əmanət müqaviləsinə əsasən AZ98UBAZ**********1210AZN001 saylı müddətli depozit hesabına qoyulmuş 75000 manat pul vəsaiti girov qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 16A ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən, əlavə kredit müqaviləsinin faiz dərəcəsi dəyişdirilərək illik 18,5 faiz, müddəti isə 15 ay uzadılaraq xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli Sazişə əsasən, əlavə kredit müqaviləsinin faiz dərəcəsi dəyişdirilərək illik 14 faiz müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli, 85B8/14-2 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əlavəyə əsasən əlavə kredit müqaviləsinin faiz dərəcəsi dəyişdirilərək illik 18,5 faiz, müddət isə 16 ay uzadılaraq xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, borcalanın xx.xx.2018-ci il tarixə Banka xx.xx.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 81.730,86 ABŞ dolları, faiz borcu üzrə 15.666,73 ABŞ dolları, cərimə borcu üzrə 40.917,15 ABŞ dolları, cəmi 138.314,74 ABŞ dolları məbləğində borc, xx.xx.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 13.490,81 ABŞ dolları, faiz borcu üzrə 5.272,23 ABŞ dolları, cərimə borcu üzrə 82,15 ABŞ dolları, cəmi 18.845,19 ABŞ dolları məbləğində borc hesablanmışdır. Bank ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. “X1” MMC-nin xx xxxxxx 2017-ci il tarixli, ƏEM/N 45-1297/17 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 16A ünvanında yerləşən qeyriyaşayış binasının xx xxxxxx 2017-ci il tarixinə real bazar dəyəri 395.000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx 2” MMC-nin xx xxxx 2018-ci il tarixli, QXM 76/M nömrəli qiymətləndirmə rəyinə əsasən, ünvan 2 A ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixə bazar dəyəri 557.400 manat müəyyən edilir. Xidmət haqqı 520 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 18347 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 Banka xx.xx.2018-ci il tarixə xx.xx.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 81190,33 ABŞ dolları, faiz borcu 23706 ABŞ dolları müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli, 85B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 13.548,05 ABŞ dolları, faiz borcu 5333,04 ABŞ dolları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443, 448.1, 462, 467 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya daha az məbləğdə borcun qaldığı barədə hər hansı sübut təqdim edilməmişdir. İş üzrə rəylər kifayət qədər əsaslandırılmışdır, rəylərin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-40/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar