Məhkəmə qərarları › İş №2(103)-4385/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4385/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4385/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası ilə bağı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1965/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4.708,83 manat əsas, 748,96 manat faiz, cəmi 5.457,79 manat məbləğində borcun və ödənilmiş 74,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1965/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 5.457,79 manat məbləğində borcun və 74,57 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1965/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən, əsas borc hissəsində təmin edilməsini, gecikməyə görə hesablanmış faizlər hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1965/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1965/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzürlü hesab edilmiş və buraxılmış müddət bərpa edilərək, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin apellyasiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilməyərək tərtib edilmiş və nəticədə qeyd edilən 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillər göstərilməmiş (əsaslandırılmamış), bu məsələlərin hər biri ilə bağlı formal olaraq bir cümlə qeyd edilmişdir. Həmçinin, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlil) olaraq Müllki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə, yəni prosessual hüquq normasına istinad edilmişdir. Digər tərəfdən apellyasiya şikayətinin məzmunu oxunaqlı olmayan şriftən istifadə edilməklə tərtib edilmişdir. Hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən formaya uyğun tərtib edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1965/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti Cavabdeh tərəfindən bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1965/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar