Məhkəmə qərarları › İş №2(103)-4387/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4387/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4387/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)-429/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh1 (bundan sonra, 1-ci cavabdeh) və Cavabdeh2 (bundan sonra, 2-ci cavabdeh) qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1152,81 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31.08.2017-ci il tarixinə hesablanan 663,52 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 165,76 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1165,85 ABŞ dolları cərimə borcunun, cəmi 3147,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31.08.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmişdir. Digər Cavabdeh2 ilə 31.08.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu 1152,81 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31.08.2017-ci il tarixinə faiz borcu 663,52 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 165,76 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1165,85 ABŞ dolları, cəmi borcu 3147,94 ABŞ dolları təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Borcalanla bağlanan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının təsiri dairəsinə düşsə də, cavabdeh banka müraciət etmədiyindən onla yeni güzəştli müqavilə bağlanmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)- 429/2021 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia qismən təmin olunmuş, Cavabdeh1 31.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1152,81 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin dövlət rüsumuna görə 30 manat pul vəsaiti ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, müvafiq faizlərin və cərimənin də tutulmalı olmasını, beləliklə iddianın tam təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehlər apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlara əsasən - İddiaçı ASC ilə Cavabdeh1 arasında 31.08.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinin bağlanması, sonuncuya 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 1900 ABŞ dolları məbləğində kredit verilməsi, digər Cavabdeh2 ilə öhdəliyinin icrasının təmini kimi 31.08.2016-cı il tarixli zaminlik müqaviləsinin bağlanması işin mübahisə olunmayan hallarıdır. İşdə olan 07.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 31.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02.07.2020-ci il tarixinə əsas borc 1152,81 ABŞ dolları, müqavilə müddəti üzrə faiz borcu 663,52 ABŞ dolları, cərimə borcu 1165,85 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 165,76 ABŞ dolları, cəmi borcu 3147,94 ABŞ dolları təşkil edir. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının 26.11.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 31.08.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas kredit borcu 1781,62 ABŞ dolları təşkil etmiş, bundan başqa həmin kredit müqaviləsi üzrə Fərmanın tələbləri çərçivəsində cəmi 1068,97 manat kompensasiya hesablanmış və bu məbləğ Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə borclunun həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş və qalıq qalan 1959,78 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. İşin birinci instansiya məhkəməsi tərəifndən müəyyən olunmuş hallarına əsasən – tərəflər arasında bağlanan 31.08.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan 1152,81 ABŞ dolları əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da, borcverən borcalanla istinad olunan Fərmanın tələblərinə əsasən güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Halbuki, Fərmana əsasən vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikaytəinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (bundan sonra, Fərman) icrası qaydasında kredit borcu üzrə faiz və cərimənin silinməsini nəzərə alaraq, həmin hissələrdə iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 26.11.2020-ci il tarixli məktubundan və izahatlardan da göründüyü kimi - cavabdehin adına olan kreditin 1152,81 ABŞ dolları (məzənnə üzrə 1959,78 manat) hissəsi Restrukturizasiya məbləğinə aid edilmişdir. İddiaçı borclunun restrukturizasiya edilməsi məqsədi ilə dəvət edildiyinə və borclunun gəlib onlarla müqavilə bağlamadığına istinad edərək həm əsas, həm faiz, həm də cərimə borcunu tələb edir. Lakin məhkəmə hesab edir ki, borclunun Restrukturizasiya ilə bağlı müqavilə bağlamaması ondan əsas borcdan əlavə faiz və cərimə borcunun tələb edilməsinə əsas verə bilməz. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Fərmanın məzmunundan göründüyü kimi həmin onun qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin kreditorun təklifinə baxmayaraq borclunun təqsiri ucbatından bağlanıla bilməməsi, borclunun dövlətin dəstəyindən istifadə etmək və ya bankların qarşılaşdıqları maliyyə itkisini dövlətdən təmin etmək imkanından məhrum etmir, əksinə borclunu yalnız güzəştli şərtlərlə müqavilə bağlamaq imkanından məhrum edir. Yəni, borclu yeni güzəştli şərtlərlə müqavilə bağlamaqdan yayınırsa, onsuz da bu hal onun vəziyyətinin pisləşməsi ilə nəticələnir. Belə ki, borclu faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissəhissə 5 il müddətinə ödəmək imkanından (imtiyazından) imtina etmiş hesab olunur. Bu fakt isə banklara əsas borcdan əlavə faiz və cərimə borcunun da tələb edilməsi ixtiyarını vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli kredit müqaviləsinin bağlanmaması Fərmanın məqsədi və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilə bilməz. Odur ki, iddiaçı vaxtı keşmiş kredit müqaviləsi üzrə yalnız əsas borcu tələb etməkdə haqlıdır. İşdə olan sənədlərdən göründüyü kimi, Fərmanın icrası sahəsində cavabdehin kredit borcu üzrə faiz və cərimə məbləğləri silinmiş, əsas borca (1959,78 manat – mənəzənnə üzrə 1152,81 ABŞ dolları) isə restrukturizasiya tətbiq olunmuşdur. Belə olan halda isə, iddiaçının Fərmanın icrası sahəsində silinməsi qərara alınmış faiz və cərimələri (həmçinin, illk 5 faizi) tələb etməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Bununla yanaşı, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq zaminə (digər cavabdehə) aid hissədə də rədd etmişdir. Qeyd edilməlidir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin, zaminlik müddətsiz deyildir və kreditorun zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində iddia irəli sürmək hüququ vardır. Əks halda zaminliyə xitam verilir. Bu hal, Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinin dispozitiv şərtlərindən irəli gəlir. Belə ki, qeyd edilən normaların tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və işdə olan sübutlardan (kredit, zaminlik müqaviləsi və s.) aydın olur ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti (kreditin qaytarılması müddəti) 31 avqust 2018-ci il tarixdə bitmiş, lakin iddiaçı zamin Cavabdeh2 qarşı həmin vaxtdan sonra 1 il müddətində kredit və zaminlik müqaviləsinin şərtlərindən irəli gələn müvafiq iddianı irəli sürməmişdir. İşdən görünür ki, hazırki iddia ərizəsi 15 iyul 2020-ci il tarixdə, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən iki ilə yaxın müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud olmamışdır. Beləliklə, iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)-429/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)-429/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar