Məhkəmə qərarları › İş №2(103)-4390/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4390/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4390/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)- 2422/2020 saylı iş üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətnin xeyrinə 14 iyun 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsi üzrə 6097.5 (altı min doxsan yeddi manat beş qəpik ) manat məbləğində əsas borc, 867.85 AZN faiz borcu və 237.73 AZN cərimə borcu olmaqla cəmi 7203.08 AZN borcu; 23 oktyabr 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 AZN əsas borc, 929.63 AZN faiz borcu və 295.86 AZN cərimə borcu olmaqla cəmi 8781.05 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 14 iyun 2019- cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 8000 AZN, 23 oktyabr 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 8000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 iyun 2019-cu il tarixli və 23 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il mayın 18-dək Cavabdeh1 banka 14 iyun 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömərli kredit müqaviləsi üzrə 6097.5 AZN əsas borc, 867.85 AZN faiz borcu və 237.73 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7203.08 AZN borcu, 23 oktyabr 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 AZN əsas borcu, 929.63 AZN faiz borcu və 295.86 AZN cərimə borcu olmaqla cəmi 8781.05 borcu vardır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2422/2020 saylı iş üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 iyun 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsi üzrə 6097,5 manat əsas, 867,85 manat faiz, 25,00 manat cərimə borcu olmaqla, cəmi 6.989,90 manat məbləğində pulun və 23 oktyabr 2019-cu il tarixli 22-MZ- 1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 manat əsas borc, 929.63 manat faiz, 30,00 manat cərimə borcu olmaqla, cəmi 8515.19 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və tərəflər arasında qarşılıqlı razılaşma ilə işin həll edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətlərini birinci instansiya məhkəməsinin onların maddi vəziyyətinin pisləşmiş olmasını nəzərə almadığı və əsassız cərimə borcunun hesablandığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasını yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətin məzmunundan onların qətnaməni yalnız iddia tələbinin qismən təmin olunan hissəsində mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 14 iyun 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik 28 faizlə 18 ay müddətinə 8000 AZN kredit verilmişdir. İş materiallarında olan ilə 14 iyun 2019-cu il tarixdə Cavabdeh2 ilə kredit müqaviləsinin təminatı olaraq 15-MZ-1-0-201-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 18.05.2020-ci il tarix üzrə 6097.5 manat əsas borc, 867.85 manat faiz borcu, 237.73 (iki yüz otuz yeddi manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7203.08 manat borcu mövcuddur. İş materiallarında olan 23 oktyabr 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik 30 faizlə 18 ay müddətinə 8000 AZN kredit verilmişdir. İş materiallarında olan 23 oktyabr 2019-cu il tarixdə Cavabdeh2 ilə kredit müqaviləsinin təminatı olaraq 22-MZ-1-0-494-19 saylı zaminlik müqaviləsi bağlanmışdır . İş materiallarında olan 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 18.05.2020-ci il tarix üzrə 7555.56 manat əsas borc, 929.63 manat faiz borcu, 295.86 (iki yüz doxsan beş manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8781.05 manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış 18.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericliyin tələbinə uyğun tədbir görülməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin tutulması hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin kredit müqavilələri üzrə 6097,5 və 7555,56 manat olduğu mübahisələndirilməyən əsas borcuna münasibətdə iddiaçı bank müvafiq olaraq 237,73 və 295,86 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 25 və 30 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borclarına mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbimi təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2422/2020 saylı iş üzrə qəbul etdiyi 26 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar