Məhkəmə qərarları › İş №2(103)-4391/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4391/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4391/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(008)-2145/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 03 may 2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı cavabdehdən torpaq sahəsi almaq üçün ona 5000 manat məbləğdə beh vermişdir.

2. Daha sonra Cavabdeh torpaq sahəsini iddiaçıya sata bilmədiyi üçün o, ona verilmiş behdən 2500 manat məbləğini geri qaytarmış olsa da, yerdə qalan hissəsini qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı özünə torpaq sahəsi alıb ev tikdirmək istəmişdir. İş yoldaşı ona demişdir ki, Cavabdeh və X2 adlı dəllallar torpaq alqı-satqısı ilə məşğul olurlar. O, həmin dəllallara müraciət etmiş, ona bildirmişlər ki, Maştağa qəsəbəsi Savalan massivi adlanan ərazidə torpaq sahəsi satılır. O, birlikdə gedib həmin torpaq sahəsinə baxmışdır. 5 sot torpaq sahəsinin 24000 manata alqı-satqısı barədə razılığa gəlmişlər. Cavabdeh ona bildirmişdir ki, torpaq sahəsinin sahibi ona etibarnamə verib, alqısatqıda o özü iştirak edəcək. Sonra onlar ofisə gəlib, orada 03 may 2022-ci il tarixdə beh müqaviləsi bağlamışlar və o, Cavabdeh 5000 manat ödəniş etmişdir. Öncədən razılaşdığı kimi alqı-satqı müqaviləsi bağlamaq üçün o, 11 may 2022-ci ci il tarixdə Koroğlu metrostansiyasının yaxınlığında yerləşən “ASAN Xidmət” mərkəzində notariat ofisinə getmişdir. Cavabdeh və torpaq sahəsinin sahibi də orada olmuşlar. Cavabdeh ona bildirdi ki, o torpaq sahəsinin sahibi ilə ünsiyyətdə olmalıdır. Bütün bu alqı-satqı prosesini özü həll edəcək. Cavabdeh notariusun otağına getmiş, bir qədər sonra qayıdıb ona bildirmişdir ki, etibarnamənin vaxtı keçdiyinə görə alqı-satqı müqaviləsi bağlaya bilməyəcəklər. O, Cavabdeh əgər bir həftə ərzində alqı-satqı baş tutmasa onun 5000 manat pulunu qaytarmasını bildirmişdir. Vasif də onunla razılaşmışdır. 25 may 2022-ci ci il tarixdə Cavabdeh ilə görüşmüş, Vasif ona ödədiyi 5000 manat puldan 2500 manat pulu qaytarmış və bildirmişdir ki, yerdə qalan 2500 manat pulu tez bir zamanda ona qaytaracaq. Ondan sonra dəfələrlə zəng vurub pulunun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaqdan yayınır. Cavabdeh ondan aldığı 5000 manat puldan 2500 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(008)- 2145/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Qətnamə onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin alqı-satqı müqaviləsinin, habelə beh verilməsini həyata keçirilmə qaydası imperativ norma olaraq qanunvericlik ilə konkret olaraq notarial qaydada həyata keçirilməsi müəyyən edilmiş olduğu halda, tərəflər qanunvericliyin bu tələbinə riayyət etmədən öz aralarında əhəmiyyətsiz müqavilə bağlayaraq, iddiaçı tərəfindən cavabdehə 5000 manat pul verilmiş, cavabdeh isə heç bir əsas olmadan pulu qəbul edərək iddiaçının hesabına varlanmışıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 337.3, 337.5, 491.1, 646.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, məhkəmə iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə hüquqi qiymət verərkən yanlış olaraq qeyd etmişdir ki, tərəflər arasında olan münasibət beh münasibəti deyil və cavabdehə verilmiş pul məbləği avansdır. Bundan başqa, məhkəmə əsassız olaraq cavabdehin aldığı məbləği əsassız varlanma kimi qələmə vermişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırırıq ki, Mülki Məcəllənin 491.3-cü maddəsi müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğin, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılması qeyd olunmuşdur. Maddəyə diqqət yetirilsə görülər ki, qanunverici dolayı yolla məhkəmənin üzərinə tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə aydınlıq gətirmək vəzifəsi qoyur. İddiaçı öz izahatında sözügedən 5000 manat vəsaitin Cavabdeh məhz daşınmaz əmlakın alqısatqısı üçün beh qismində ödədiyini bildirir. Cavabdeh də bunu inkar etmir. Yəni bu işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmənin tərəflər arasında mövcud olan münasibətə behin qaydalarını tətbiq etməməsi kobud pozuntudur. Çünki 493.1-ci maddədə qeyd edildiyi kimi, hər iki tərəf pulun məhz beh qismində verildiyini təsdiq edir. İddiaçı məhkəmənin mövqeyini yanlış yerə yönəltmək üçün əsassız olaraq bildirmişdir ki, guya ki, alqı-satqı müqaviləsinin bağlanılmasından cavabdeh imtina etmiş və əsas kimi guya etibarnamənin müddətinin bitməsini göstərmişdir. Sözügedən etibarnamə alqı-satqı predmeti olacaq daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən Cavabdeh 50 il müddətinə verilmişdir. Əksinə, daşınmaz əmlakın alqı-satqısından İddiaçı özü imtina etmiş və müqavilənin bağlanılmasından dəfələrlə yayınmışdır. İddiaçının cavabdehə verdiyi pul məbləğinin beh qismində verildiyinə, eləcə də cavabdehin həmin məbləği beh qismində aldığına dair heç bir şübhə yaranmadığından mövcud münasibətə Mülki Məcəllənin 492.2ci maddəsi tətbiq edilməli və beh məbləği cavabdehdə qalmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. İddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. Tərəflər arasında bağlanmış 03 may 2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı cavabdehdən torpaq sahəsi almaq üçün ona 5000 manat məbləğində beh vermiş, müqavilə sadə yazılı formada tərtib olunmuşdur.

18. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında beh müqaviləsi bağlanmasının işin mübahisəsiz halı olmasını bildirsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iddiaya əsassız varlanmaya dair müddəaları tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 491.2-ci maddəsi imperativ qayda da tələb edir ki, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Hazırkı iddianın faktiki əsasını təşkil edən müqavilə isə notariat qaydada təsdiqlənməmişdir. Elə buna görə də tərəflər arasında beh münasibətlərinin yarandığını demək olmaz.

19. Cavabdehin istinad etdiyi hallardan biri də odur ki, daşınmaz əmlakla bağlı etibarnamə əmlakın mülkiyyətçisi tərəfindən ona 50 il müddətində verilmiş, yəni alqısatqıdan o yox, iddiaçı özü imtina etmişdir. Lakin, cavabdeh bu halı – yəni, mülkiyyətçi tərəfindən ona verilmiş etibarnamənin mövcudluğu barədə nə birinci instansiya məhkəməsində sənəd təqdim etməmiş, nə də apellyasiya şikayətinə bu barədə heç bir sübut əlavə etməmişdir.

20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(008)- 2145/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(008)- 2145/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar