Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4394/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdehv 16.000 manat əsas borc, bu əsas borcun üzərinə işləyən 1000 manat gecikmə faizi, 300 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 17.330 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh 16000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən işə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Geri qaytaılması tələb edilən pul məbləği cavabdehin şəxsi istifadəsi üçün yox, iddiaçının mənzilinin təmir edilməsi və konstruksiyasında dəyişiklik edilməsi məqəsilə alınmış və təyinatı üzrə sərf olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh, məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini və vəkilini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisində 3M-1751 nömrə ilə reyestrdə qeydə alınmış 23.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 16.000 manat borc vermiş və cavabdeh həmin məbləği 23.10.2019cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh, öhdəliyin icrasını gecikdirərək, borcunu müqavilədə göstərilən tarixdə qaytarmamışdır. Kollegiya tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, bildirir ki, Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci və 445.4-cü maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Nəzərə alınmalıdır ki, borc münasibətində pulun verilməsini təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi, yaxud borcun etirafı barədə sənəddir. Baxılan işdən görünür ki, Cavabdeh İddiaçı borc alması aralarında bağlanmış və notarial qaydada təsdiq olunmuş 23.07.2019-cu il tarixli kredit müqaviləsi ilə təsdiq olunur. Belə olan halda, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə qətnamədə qeyd olunan məbləğdə borcun tutulması barədə gəldiyi qənaət əsaslıdır. Kollegiya, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə ilk növbədə bildirir ki, cavabdeh, işə baxılmasında iştirakının təmin olunmadığını bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə onun qeydiyyatda olduğu ünvan üzrə məhkəmə birldirişləri göndərilmiş, sms xəbərdarlıq olunmuş və onun iştirakının təmin olunması üçün işə baxılması təxirə salınmışdır. Buna baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində də eyni ünvanı qeyd etməsinə və məhkəmə tərəfindən məhkəmə bildirişi ona həmin ünvan üzrə göndərilməsinə baxmayaraq, apellyasiya icraatında da iştirak etməmişdir. Cavabdeh, apellyasiya şikayətində, həmçinin, kredit müqaviləsində göstərilən məbləğin ona borc kimi yox, iddiaçının mənzilinin təmir edilməsi üçün verildiyinə və təyinatı üzrə sərf edildiyinə istinad edir. Lakin məhkəmə kollegiyası bu dəlili də əsaslı saymır, ona görə ki, cavabdeh məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, sübutetmə yükü baxımından bu halları sübut etmək iddiaçının vəzifəsidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2459/2020 saylı iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4394/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4394/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver