Məhkəmə qərarları › İş №2(103)-4397/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4397/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4397/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-692/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2021-ci il tarixli, 2021/000832 nömrəli İstehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən İddiaçı illik 30 faiz hesablanmaqla 24 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.9-cu bəndinə əsasən borc alan borc verənə müqavilə məbləğinin 11% həcmində birdəfəlik komisyon haqqı ödəyir. Komisyon haqqı kredit verilərkən ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% qədər dəbbə pulu ödəyir.

2. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı, 71 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 2019/00581 nömrəli Sonrakı İpoteka müqaviləsi ilə "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. xx.xx.2022-ci il tarixli, 627 nömrəli bildirişlə "xxxx" BOKT MMC İddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu göstərməklə öhdəliklərin icra edilmədiyi təqdirdə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacağı barədə xəbərdar etmişdir.

4. Bildiriş İddiaçı ünvanına xx.xx.2022-ci il tarixdə göndərilmiş və həmin ünvanda xx.xx.2023-cü il tarixində “Camalova” qeydi edilməklə və imzalanmaqla qəbul edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pulblik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubu ilə "xxxx" BOKT MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır.

6. Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Şəhla Hüseynova tərəfindən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 2021/00832 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməyən 30.533,61 manat əsas, 6.036,12 manat faiz borcu, 15.120 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 51.689,73 manat təşkil edir) barədə xx.xx.2022-ci il tarixində icra qeydi verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi, "xxxx" BOKT MMC, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40 saylı Notariat Ofisinin İcra qeydinin ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış 15.120 manat məbləğində dəbbə pulunun silinməsi, eləcə də iddiaçıya məxsus olan Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 71 nömrəli mənzillə bağlı qiymətləndirmə bazar qiymətindən aşağı hesablandığı üçün pozulmuş hüququnun bərpası məqsədi ilə "xxxx" MMC tərəfindən verilmiş qanunsuz qiymətləndirmə rəyinin ləğv edilərək yenidən qiymətləndirmənin aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, 40 saylı Notariat Ofisinin icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli 2021/000832 nömrəli İstehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən ona illik 30 faiz olmaqla 24 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı 71 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 2019/00581 nömrəli Sonrakı İpoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri ipoteka müqaviləsi ilə 70.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixinədək ödənişlər mütəmadi olaraq həyata keçirilmişdir. Daha sonra maddi vəziyyətindən irəli gələrək növbəti ödənişləri həyata keçirə bilməmişdir. Belə ki, BOKT-un xx.xx.2022-ci il tarixli bildirişinə əsasən əsas borcu 30.533,61 manat məbləğində, ona hesablanmış 6.036,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 15.120 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 51.688,88 manat məbləğində borc yaranmışdır. Qeyd edilən BOKT-un müraciəti əsasında xx.xx.2022-ci il tarixdə 40 saylı Notariat Ofisinin xüsusi notariusu Hüseynova Şəhla tərəfindən öhdəliyi müəyyən edilmiş və ödənilməmiş göstərilən məbləğdə borcun əmlaka yönəldilməsi üçün reyestrdə 8i-3427 nömrəli ilə icra qeydi verilmişdir. xx.xx.2023-cü il tarixdə 5.000 manat ödəniş etmiş, müqavilə üzrə tərtib edilmiş cədvələ uyğun ödəniş etmək və normal faizdən başqa dəbbə pulunun silinməsi ilə bağlı müraciət etsə də, müsbət cavab verilməmişdir. Ümumi olaraq BOKT-a 21.817 manat məbləğində ödəniş etmişdir. Müqavilə bağlanan zaman 40.000 manat rəsmiləşdirilsə də, BOKT həmin puldan 5.000 manat müqavilə bağlamağı müqabilində iddiaçıdan almış və aldıqları pulu həm faiz, həm dəbbə pulunun hazırkı vaxtadək götürdüyü məbləğin üstünə qanunsuz olaraq hesablamışdırlar. İddiaçı əsas borca hesablanmış dəbbə pulunu düzgün hesablanmadığını hesab edirək bu məbləğin tənassübsüz və şişirdilmiş sürətdə yüksən olduğunu bildirdi. Belə olan halda, dəbbə pulunun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın rəyi vacibdir.

10. Məhkəmə sorğusu üzrə xx.xx.2022-ci il tarixində aparılmış icra qeydi, ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənəd, maliyyə arayışı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildiriş, bildirişin surətinin İddiaçı göndərilməsi barədə sənəd məhkəməyə təqdim edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildiriş xx.xx.2022-ci il tarixində İddiaçı təqdim edilmişdir.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 692/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilməmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, icra qeydinin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər notariusa təqdim edilmiş, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş vaxtında göndərilmişdir.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri 40 saylı Dövlət Notariat Ofisinin notariusu tərəfindən İddiaçı barəsində aparılmış 8i-3427 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas yoxdur.

14. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.3, 36.3-1, 36.4.1, 36.4.2, 37.1, 37.3-cü maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1 və 1.1-ni bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini araşdırarkən işə səthi yanaşmış, icra qeydinin verilməsi ilə bağlı notariat işi qətnamə elan edildikdən sonra məhkəməyə daxil olduğu təqdirdə məhkəmə məhkəmə iclasında araşdırılmamış sənədlərə istinad edərək iddia tələbini rədd etməsini əsaslandırmağa çalışmışdır. Məhkəmənin mövqeyindən belə nəticəyə gəlmək olar ki, əgər cavabdeh "xxxx" BOKT ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi iddiaçıya vaxtında çatdırmışdırsa, demək icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Halbuki, məhkəmənin özünün də istinad etdiyi Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci hissəsinin 1-ci abzasına əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimatın 161-ci hissəsinin 2-ci abzasına əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 162-ci hissəsinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə icra qeydi aparılır. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 2-ci hissəsinin “c” bəndinə əsasən alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı icra qeydi aparmaq üçün təqdim olunmalıdır. Göründüyü kimi, iş materiallarında borcun mübahisəsizliyini sübut edəcək heç bir sübuta rast gəlinmədiyi təqdirdə məhkəmə iddia ərizəsini rədd edərək maddi hüquq normasını pozmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək ödənişlər mütəmadi olaraq həyata keçirildiyi halda xx.xx.2022-ci il tarixə 387 gün dəbbənin hesablanması nəinki ağlabatan deyil, hətta BOKT tərəfindən onsuz da əlverişsiz şərtlərlə bağlanmış müqavilə üzrə əlavə yüklənməyinə səbəb olmuş, işə baxan məhkəmə isə bu hissədə heç bir araşdırma aparmamış, BOKT-dan lazımi sənədlərin təqdim edilməsini tələb etməmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini tələb etsə də, bu tələbi də gözardı edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, notarius borcun mübahisəsiz olduğu halda icra qeydi verir. Eyni zamanda, iş materiallarında maliyyə arayışı yoxdur. Maliyyə arayışında yalnız borcun məbləği qeyd olunub. Notarius da həmin arayış əsasənda icra qeydi verib. Müqavilənin üçüncü maddəsinə əsasən gecikmə faizi günlük 40 manatdır. İş materiallarına əlavə edilməsi məqsədi ilə ödənişləri təqdim etmişdir. Arayışdan görünür ki, 378 gün gecikmə mümkün və ağlabatan deyil. İddiaçı tərəfindən 40.000 manat pul götürülüb. Əgər vaxtında ödənilsə idi, 53.000 manat pul ödəniləcəkdi. İddiaçı 21.000 manat ödəməsinə baxmayaraq, 51.000 manat borcu qalıb. Hesab edir ki, bu mümkünsüzdür. İddiaçı bildirişi aldıqdan sonra cavabdeh BOKT-a müraciət etmişdir. Oradan ona cavab verilmişdir ki, onun müraciətinə baxılmış və yeni qrafik müəyyən olunub.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMCnin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflərindən maliyyə arayışı təqdim olunmuşdur. Həmin arayışda əsas borc, faiz borcu və cərimə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinə poçt qaiməsi təqdim olunmuşdur. Belə ki, mövcud borcla bağlı iddiaçıya rəsmi bildiriş göndərilmişdir. İpoteka haqqında qanunvericiliyə əsasən həmin bildirişdən iddiaçının 21 gün ərzində şikayət vermə hüququ olmuşdur. Lakin şikayət verilməmişdir. Nəticədə tərəfindən icra qeydinin aparılması ilə bağlı notariusa müraciət olunmuşudur. Hesab edir ki, onlar tərəfindən aparılmış hərəkətlər və notarius tərəfindən aparılmış hərəkətlər qanunvericiliyin tələblərinə uyğundur.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Qanuna uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" BOKT MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri - ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədini elektron qaydada iş üzrə digər cavabdeh olan notariat ofisinə təqdim etmişdir.

29. Bundan öncə isə ipoteka saxlayan "xxxx" BOKT MMC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş, bundan sonra ipoteka saxlayan bildirişi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir.

30. İddiaçı icra qeydində qeyd olunan məbləğin əsassız olduğunu, müqavilə bağlanarkən BOKT tərəfindən ondan 5.000 manat alındığını həmin məbləğin həm faiz, həm dəbbə pulunun hazırkı vaxtadək götürdüyü məbləğin üstünə qanunsuz olaraq hesabladığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumatın əks olunduğu bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" BOKT MMC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir.

31. Cavabdeh "xxxx" BOKT MMC isə həmin müddəti gözləmiş, müddət bitdikdən sonra icra qeydinin verilməsi barədə ərizə ilə digər cavabdeh 40 saylı Notariat Ofisinə müraciət etmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh 40 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-692/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar