Məhkəmə qərarları › İş №2(103)-440/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-440/2023

26.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-440/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İsrafil qızına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh İsrafil qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İsrafil qızına qarşı “maneənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(008)- 447/2022 saylı qətnaməsindən Cavabdeh İsrafil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 0.04 hektar torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hisssəsi Cavabdeh mülkiyyətindədir.

2. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9775/2017 nömrəli, 17 noyabr 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki yerləşən 0.04 ha torpaq sahəsində İddiaçı payı ½ hissə müəyyən edilmiş, qalan ½ hissəsi isə Cavabdeh payı hesab edilmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qətnaməsnin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh İsrafil qızına məxsus olan 0.04 hektar torpaq sahəsi naturada bölünməsi, hər bir sahənin eni və uzunu iş materillarına əlavə edilmiş bölgü sxeminə uyğun müəyyənləşdirilməsi qərara alınmışdır.

4. Hazırda cavabdeh ona hasar çəkməyə imkan verməmişdir. O, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə torpağın naturada bölünməsi üçün ərizə vermişdir. Uzun çəkən proseslərdən sonra torpaq naturada bölünmüşdür. Yenə də Cavabdeh İsrafil qızı hasar çəkməyə imkan vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı Cavabdeh İsrafil qızına qarşı “maneənin qadağan edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin payına düşən hissəsinə tərəfindən hasarın çəkilməsinə Cavabdeh İsrafil qızı tərəfindən mane yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 may 2022-ci il tarixli, 2(008)-447/2022 saylı qətnaməsi ilə (hakim Cəfərli Nilüfər) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin İddiaçı payına düşən hissəsinə iddiaçı tərəfidən hasarın çəkilməsinə Cavabdeh İsrafil qızı tərəfindən maneə yaradılması qadağan edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qətnamədən Cavabdeh İsrafil qızı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən faktlar həqiqətə uyğun deyildir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsində X1 payının ½ hissədə müəyyən edilməsi, qalan ½ hissəsinin onun payı hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçı X3 özbaşına olaraq həyətyanı torpaq sahəsini iki hissəyə bölərək hasarlamaq istəyir, əgər onun pay torpağı hasarla ayrılarsa, ona düşən hissəyə gediş-gəliş yolu bağlanacaqdır. Ona görə də paylı mülkiyyət olan mübahisəli torpaq sahəsinin naturada bölgüsü mümkünsüzdür. X1 hazırkı iddiası həmin səbəblərdən əsassız və qanunsuzdur, mübahisəli torpaq sahəsinin onun istəyinə əsasən hasarla iki hissəyə bölünməsi yolverilməzdir. Əgər torpaq sahəsi iki hissəyə bölünərsə, onda evə giriş bağlanacaqdır. Torpaq sahəsinin uzununa bölgüsü mümkün deyildir, ev torpaq sahəsinin aşağı hissəsində inşa edildiyindən, torpaq sahəsi bölünə bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında Cavabdeh İsrafil qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cürhərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayəttinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin məhz iddianın təmin olunmuş hissəsinə münasibətdə ləğv olunmasını istəyir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşdən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 0.04 hektar torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hisssəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə qətnaməsinə əsasən də paylara uyğun aralarında naturada bölünmüşdür.

25. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdeh naturada müəyyən edilən hissə üzrə iddiaçının öz sahəsini ayırmaq üçün hasar çəkmək istədiyi halda, cavabdeh tərəfindən buna maneələr yaradılıq və buna əsas kimi yolunun bağlanmasını göstərir. Apellyasiya şikayətinin dəlilləri də bu yönümlüdür. Bununla bağlı kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hazxırki halla bağlı törədilən maneə qanunsuzdur və apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Belə ki, 21 fevral 2023-cü il tarixli, 10/8414 nömrəli ekspert rəyindən də göründüyü kimi, torpaq sahəsinin 2 tərəfdən yol ilə əhatə olunduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolunun açıla biləcəyinin mümkünlüyünü nəzərə alınaraq sərhəd hsarının çəkilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Belə ola halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

26. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(008)- 447/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar