Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4403/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)-528/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər DYPİ-nin İXP seriyalı ******* nömrəli protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
2. Bakı şəhər DYPİ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir.
3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mercedes Benz E200» minik markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir.
4. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/9485 saylı ekspert rəyinə görə, müstəqil ekspert X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Mercedes Benz E» markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12812,0 manat müəyyən edilir.
5. Nəqliyyat vasitəsinin zədələnməsi barədə 045877 №-li arayışa əsasən Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 18:40 radələrində Nərimanov rayonu, Həsənoğlu küçəsində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 99 XZ 66 dövlət qeydiyyat nişanlı avtomoblin ön hissəsinə zərər vurulmuşdur.
6. xx.xx.2021-ci il tarixli qəbzə əsasən avtomobil qəzasının qiymətləndirilməsi üçün İddiaçı tərəfindən müstəqil ekspert X2 200 manat ödəniş edilmişdir.
7. xx.xx.2021-ci il tarixli qəbzə əsasən 4036,30 manat sığorta ödənişi İddiaçı ödənlmişdir.
8. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 125 manat məbləğində ödəniş etmişdir.
9. Hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 100 manat məbləğində vəkil xərci ödənilmişdir.
10. Apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5295 saylı ekspert rəyinə görə, nəzəri hesablama yolu ilə, müstəqil ekspert X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Mercedes Benz E» markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12812,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/9485 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus «MERCEDES BENZ E» markalı, buraxılış ili 2017-cü olan minik avtomobilinə vurduğu maddi ziyana görə 10893,7 manat, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 200 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və ödənilmiş 125 manat dövlət rüsumu olmaqla, cəmi 11317,7 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sonradan, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, ona məxsus «Mercedes Benz E» markalı, buraxılış ili 2017-ci il olan ** XZ *** qeydiyyat nişanlı minik avtomobilinə vurduğu maddi ziyana görə 8775,7 manat, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 200 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və ödənilmiş 125 manat dövlət rüsumu olmaqla, cəmi 9200,7 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ** XZ *** qeydiyyat nişanlı, «Mercedes Benz E» markalı, buraxılış ili 2017-cü olan minik avtomobil ilə xx.xx.2021-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə 5 saylı xəstəxana istiqamətində hərəkətdə olarkən, arxadan gələn ** PB *** qeydiyyat nişanlı, «Hyundai Sonata» markalı minik avtomobilini etibarnamə əsasında idarə edən Cavabdeh ona məxsus avtomobilin arxa tərəfinə (və yolun kənarında dayanmış digər avtomobilin arxa tərəfinə) zərbə ilə çırpılmış və nəticədə onun avtomobilinə küllü miqdarda zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən bir müddət sonra DYP əməkdaşları hadisə yerinə gəlmiş və bəlli olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh təqsirlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehin barəsində Bakı şəhəri DYPİ YNH inspektoru X3 tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən, yol nəqliyyat hadisəsinə görə ** PB *** qeydiyyat nişanlı, «Hyundai Sonata» markalı minik avtomobilini etibarnamə əsasında idarə edən Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada cərimə olunmuşdur. Hadisədən dərhal sonra, cavabdeh ona vurduğu ziyanı ödəməyə söz vermiş, aralarında ona məxsus avtomobilə vurulmuş zərərin ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılmış və sonradan cavabdeh telefon zənglərinə belə cavab verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokola əsasən baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdehin təqsiri sübut olunmuşdur. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus avtomobilə dəymiş zərəri müəyyən elmək üçün müstəqil ekspert kimi fəaliyyət göstərən X2 (VÖEN: **********) müraciət etmiş, ekspert tərəfindən avtomobilə baxış keçirildikdən sonra müəyyən olmuşdur ki, cavabdehin təqsirli hərəkəti nəticəsində mülkiyyətində olan ** XZ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz E» markalı, buraxılış ili 2017-cü olan minik avtomobilinin bərpasına cəmi, 14.930 manat vəsait lazımdır. Cavabdehə məxsus avtomaşın "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta olduğundan, baş vermiş hadisəyə görə, ona sığortaçı tərəfindən 4036,30 manat sığorta haqqı ödənilmişdir. Yəni, mülkiyyətində olan avtomobilə dəymiş 14930 manat zərərdən, 4036,30 manat sığorta haqqı ödənilmişdir (14930 – 4036,30 = 10893,7). Hesab edir ki, yerdə qalan 10893,7 manat zərəri cavabdeh ona tam ödəməlidir. İşə baxan məhkəmə qətnamə çıxararkən cavabdeh tərəfindən mülkiyyətində olan avtomaşına vurulmuş (aldığı sığorta haqqı çıxıldıqdan sonra) 10893,7 manat maddi ziyanın ödənilməsi ilə yanaşı, Azərbaycan Respublikası MPM-nin 107, 115 və 119-cu maddələrinin tələblərinə əsasən, ona məxsus avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspert kimi fəaliyyət göstərən X2 (VÖEN: **********) ödədiyi 200 manat, bu işin məhkəməyə hazırlanması və baxılması ilə əlaqədar (xx.xx.2021-ci il tarixdə Vəkil (VÖEN: **********) ilə «Hüquqi yardım göstərilməsi haqqında» 60/21 nömrəli müqaviləyə əsasən vəkilin bank hesabına (**********58********) eManat ödəniş sistemi vasitəsi ilə ödənilmiş (xx.xx.2021-ci il tarixli, əməliyyat nömrəsi ********** olan) 100 manat və ödədiyi 125 manat dövlət rüsumu da cavabdeh tərəfindən ona qaytarılmalıdır.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(005)-528/2022 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbi təmin edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1108.1, 1115-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə təkrar ekspertiza təyin olunmaqla, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı ona vurulmuş ziyanın ödənilməsinin tələb etməkdə haqlı olsa da, zərərin həcminin hesablanması zamanı qiymətlər çox şişirdilmişdir və nəticədə hesablanmış zərərin yekun həcmi faktiki vurulmuş zərərdən xeyli artıq olmuşdur. Göründüyü kimi, məhkəmə aidiyyatı hüquq normalarını nəzərə almadığından yekun məhkəmə aktı cavabdehin çətin maddi vəziyyətə düşməsinə səbəb olmuşdur. İşdə olan ekspert rəyi obyektiv araşdırılmamış və düzgün qiymətləndirilməmiş, səhv qətnamənin çıxarılması ilə nəticələnmiş, bu da onu maddi cəhətdən çətin vəziyyətə salmışdır. Ona görə də, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı və bu iş müstəqil ekspertə yox, Ədliyyə Nazirliyinin ekspertlərinə həvalə olunmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
24. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
26. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspert rəyi əsaslı deyil, belə ki, dəymiş zərər düzgün hesablanmamış, ekspert rəyində dəymiş zərərin həcmi çox göstərilmişdir.
36. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, cavabdeh ekspertin qərəzli, qeyri-obyektiv olmasına, avtomobilə dəymiş zərərin real həcmi deyil, şişirdilmiş məbləğ göstərməsinə (avtomobilin daha az pul vəsaiti hesabına keyfiyyətli şəkildə təmir edilməsinin mümkünlüyünə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5295 saylı ekspert rəyinə görə, nəzəri hesablama yolu ilə, müstəqil ekspert X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı «Mercedes Benz E» markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12812,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/9485 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2022 saylı iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.