Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4407/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Məmmədova Təranə Əli qızının vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2809/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "Azər-Türk Bank” ASC Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "borcun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc məbləği üzrə 1649,13 manat, faiz borcu üzrə 13,07 manat, cəmi 1662,20 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə ödənilmiş 37,03 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə "Azər-Türk Bank” ASC ilə Məmmədova Təranə Əli qızı arasında ******* nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Məmmədova Təranə Əli qızına istehlak yönümlü 2000 manat məbləğində pul ayrılmışdır və o, 12 (on iki) ay müddətində əsas borcun ödənilməsinə illik 11.5% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. "Azər-Türk Bank” ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Məmmədova Təranə Əli qızı kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "Azər-Türk Bank” ASC-yə olan əsas borc məbləği üzrə 1649,13 manat, faiz borcu üzrə 13,07 manat, cəmi 1662,20 manat məbləğində pul təşkil edir. AZ- İİ 421977 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədova Təranə Əli qızı xx.xx.2024-cü ildə vəfat etmişdir. Məmmədova Təranə Əli qızının vəfatından sonra 3 saylı "asan xidmət” mərkəzində notarius ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. İddiaçının xx.xx.2025-ci il tarixində notariat ofisinə göndərdiyi sorğusuna cavab olaraq, xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır və xx.xx.2024-cü il tarixində cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məmmədova Təranə Əli qızının vərəsələri - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. İddiaçı məhkəmədən iddia ərizə üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "Azər-Türk Bank” ASC-nin xeyrinə əsas borc məbləği üzrə 1649.13 (bir min altı yüz qırx doqquz manat, on üç qəpik) manat, faiz borcu üzrə 13.07 (on üç manat, yeddi qəpik) manat, cəmi 1662.20 (bir min altı yüz altmış iki manat, iyirmi qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə ödənilmiş 37.03 (otuz yeddi manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2809/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1649,13 manat əsas borc, 13,07 manat faiz borcu olmaqla, cəmi 1662,20 manat məbləğində kredit borcu və ödənilmiş rüsumunun əvəzi kimi 36,63 manat pulun müştərək qaydada tutularaq "Azər-Türk Bank” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462, 465.2, 1133.1, 1133.2, 1151.1, 1306.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, bankla Məmmədova Təranə Əli qızı arasında xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X3 Əli qızı xx.xx.2024-cü il tarixdə vəfat etmiş, cavabdehlər Məmmədova Təranə Əli qızının vərəsəsi olaraq ondan miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunvericiliyin tələbinə görə Cavabdeh2, Cavabdeh1 və Məmmədov Cavabdeh3 Təranə Əli qızının vərəsəsi olaraq onun kreditoru olan İddiaçı ASC-yə olan borcunu alınmış aktivdə özlərinin payına mütənasib surətdə ödəməli olduğu halda, bu öhdəliyi yerinə yetirməmiş və banka olan borcu qaytarmamışdırlar. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 1649.13 manat əsas borcları, 13.07 manat faiz borcları qalmışdır. Qeyd edilməlidir ki, sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin 3/7 hissəsinin dəyəri ümumi borcdan artıqdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1649.13 manat əsas borc, 13.07 manat faiz borcu olmaqla, cəmi 1662.20 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36.63 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə isə, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir .
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - İddiaçı ASC (Bank) ilə Məmmədova Təranə Əli qızı (borcalan) arasında bağlanmış xx.xx.2024-cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 2000 manat məbləğində pul ayırmışdır, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür ; - AZ-İİ 421977 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, Məmmədova Təranə Əli qızı xx.xx.2024-cü ildə vəfat etmişdir; - 3 saylı “Asan xidmət” mərkəzinin notariat ofisindən iddiaçının sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il məktubunda Məmmədova Təranə Əli qızının adına xx.xx.2024-cü il tarixli, v-48 nömrəli vərəsəlik işi açılmışdır; - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən, ölmüş şəxsin (miras qoyanın) qanun üzrə vərəsələri cavabdehlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur; - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2024-cü il tarixində vəfat etmiş Məmmədova Təranə Əli qızının vərəsələrinə miras üzrə əmlakdan - Cavabdeh2 1/7 pay, Cavabdeh1 2/7 pay və Cavabdeh3 1/7 pay irs almalıdır. Miras üzrə əmlak, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Məmmədova Təranə Əli qızına verilmiş **********95-05101-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59 kv/m olan mənzildən ibarətdir; - xx.xx.2025-cü il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir; - xx.xx.2025-ci il tarixli maliyyə arayışa əsasən, Məmmədova Təranə Əli qızının xx.xx.2024-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği üzrə 1649.13 manat, faiz borcu üzrə 13.07 manat, cəmi 1662.20 manat məbləğində kredit borcu mövcuddur; - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq 36.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2809/2025 saylı qətnaməsinin ləğv edilməsini; borcun cavabdehlərdən alınması məsələsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1, 1133.2, 1151.1 və digər aidiyyəti maddələri əsasında baxılmasını, Cavabdeh2 yalnız mirasdan ona düşən 1/7 pay miqdarında – əsas borc və faiz daxil olmaqla uyğun nisbətdə borc tutulmasını xahiş etmişdir. Şikayətdə Azəraycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1151.1, 1306; Azərbaycan RespublikasıAli Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14, 88, 217.1, 284.5.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 2024-cü il 5 fevral tarixində vəfat etmiş Məmmədova Təranə Əli qızı ilə İddiaçı ASC arasında bağlanmış ******* saylı kredit müqaviləsinə əsasən, 2000 manat məbləğində istehlak krediti rəsmiləşdirilmişdir. Lakin kreditor qarşısında götürülmüş öhdəliklərin icrası zamanı borcalan tərəfindən müqavilə şərtlərinə tam riayət edilməmiş və bu səbəbdən əsas borc 1649.13 manat, faiz borcu isə 13.07 manat olmaqla ümumilikdə 1662.20 manat borc qalmışdır. Məmmədova Təranə Əli qızının xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə bağlı müvafiq ölüm haqqında şəhadətnamə təqdim olunmuşdur. Ölüm faktı qeydə alındıqdan sonra qanuni qaydada vərəsəlik işi açılmış və vərəsəlik şəhadətnaməsinə əsasən, borcalanın əmlakı və digər aktivləri üç vərəsənin — Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında müvafiq olaraq 1/7, 2/7 və 4/7 nisbətlərində bölüşdürülmüşdür. Qanunvericiliyə əsasən, vərəsələr miras qoyanın kreditorları qarşısında yalnız aldıqları aktivlərin (miras əmlakın) payı miqdarında məsuliyyət daşıyırlar. Məhkəmə qətnaməsində borcun bütöv məbləğinin hər üç cavabdehdən birgə və müştərək qaydada tutulması, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin, habelə 1151.1 və 1133.2-ci maddələrinin tələblərinə ziddir. Belə ki, miras qoyanın öhdəlikləri vərəsələrə yalnız onların qəbul etdiyi aktivlər nisbətində keçə bilər. Bu baxımdan cavabdehlərin hər biri yalnız miras payları həcmində — yəni Cavabdeh2 1/7, Cavabdeh1 2/7, Cavabdeh3 isə 1/7 nisbətində borcun ödənilməsinə məsuliyyət daşıya bilər. Məhkəmə isə bu hüquqi həqiqəti nəzərə almadan cavabdehlərə əsas borcun tam məbləği üzrə ödəniş tələbi irəli sürmüş və bu tələbi təmin etmişdir. Bundan başqa, digər vərəsə X4 xx.xx.2024-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək, Məmmədova Təranə Əli qızından qalmış mirası qəbul etdiyini bildirmiş, bununla da miras qalmış əmlakın 3/7 hissəni qəbul etmişdir. Belə olduğu halda hesab edir ki, X4 da bank qarşısında qəbul etmiş olduğu mirasın həcmində öhdəlik daşıyır , borcun məcburən və şəxsi məsuliyyət kimi vərəsələrə yüklənməsi qanunsuzdur. . Vərəsələr borc müqaviləsinin tərəfi deyildirlər, buna görə də onlardan birgə və müştərək qaydada borcun tutulması qanuna ziddir. Vərəsələr yalnız mirasdan aldıqları pay həcmində məsuliyyət daşıyırlar. Vərəsə yalnız mirasdan aldığı pay qədər məsuliyyət daşıyır. 1/7, 2/7, 4/7 paylar müəyyən edildiyi halda, borcun ümumi şəkildə tutulması səhvdir. Birinci instansiya sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu maddəyə əsasən, iddianı irəli sürən şəxs – yəni, kreditor sübut etməlidir ki, cavabdehlər mirası qəbul etmiş və mirasdan əldə etdikləri əmlakın dəyəri borcun ödənilməsinə imkan verir. Lakin iş üzrə belə sübutlar təqdim edilməmişdir. Eyni zamanda cavabdehlərin mirası faktiki qəbul etməsi, aktivlərə sahib çıxması və onların dəyərinin borcun məbləğinə uyğun olub-olmaması araşdırılmamışdır. Məhkəmə kreditorun sübut etməli olduğu faktları vərəsələrin üzərinə qoyaraq, sübut yükünü qanunsuz şəkildə dəyişdirmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 394-1-ci maddələrinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.
6. Cavabdeh2 vəsatət vermiş, vəsatətdə qeyd etmişdir ki, 10 iyul 2025-ci il tarixli, 2(103)- 4407/2025 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə yazılı icraat qaydasında 04 avqust 2025-ci il tarixində baxılması barədə bildiriş daxil olmuşdur.Hazırkı iş üzrə hesab edir ki, birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmayan sübutları və iş üçün əhəmiyyət kəsb edən digər məlumatları, o cümlədən izahatları şifahi məhkəmə iclasının keçirilməsi vacibdir. Hansı ki, həmin məlumatlar işin hərtərfli, tam və obyektiv araşdırlması və iş üzrə yekun qərarın çıxarılması üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş edir. Apellyasiya baxışının hədləri:
7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə istinadən, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, mərhum Məmmədova Təranə Əli qızının iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərini tam yerinə yetirməməsi, borcalanın ölməsi və cavabdehlərin sonuncunun vərəsəsi olmaqla öhdəliklərə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği işin mübahisələndirilməyən halıdır. Mübahisəli məsələ isə cavabdehin mülki məsuliyyətinin həddi ilə bağlıdır. Belə ki, elə apellyasiya şikayətinin əsas dəlili də borclunun vərəsəsi tərəfindən qəbul edilmiş miras əmlakının həcmində iddiaının təmin edilməsindən ibarətdir. Bu dəlilə münasibətdə isə kollegiya qeyd edir ki cavabdehlərdən pulun tutulması, onların hər birindən eyni həcmdə pulun tutulması mənasına gəlmir və bu tərəflərin özləri arasında icra mərhələsində həll edilməli məsələdir. Hazırkı qətnamənin icra mərhələsində cavabdehlər miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə məsuliyyət daşısalar da iddiaçıya münasibətdə birgə borclu kimi çıxış edirlər.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
11. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.
12. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2809/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.