Məhkəmə qərarları › İş №2(103)-4408/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4408/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4408/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı “X1 Kredit Təşkilatı” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(006)-733/2021 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Kredit Təşkilatı” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla QSC arasında bağlanmış 07.05.2019-cu il tarixli, BO0005720-2019 nömrəli Kredit, ZM1-1-5720-2019 saylı zaminlik müqavilələrinə əsasən Axund-Zadə Seyran oğlu və Cavabdeh2 ödənilməmiş 3280,59 manat məbləğində əsas, 1828,30 manat faiz borcu olmaqla, cəmi 5108,89 manat məbləğində pulun və ödənilməmiş 30 manat dövlət rüsumunun alınaraq QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə QSC arasında bağlanmış 07.05.2019-cu il tarixli B00005720-2019 nömrəli kredit müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, illik 45 % olmaqla, 3700 manat məbləğində kredit verilmiş, kreditin ödənilməsinin təminatı olaraq həmin tarixdə cavabdehin zamini Cavabdeh2 ilə ZM1-1-5720-2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 07.05.2019-cu il tarixindən bu günə qədər borclular tərəfindən 3700 manat məbləğində əsas borcun 419,41 manat və müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1051,17 manat məbləğini təşkil edən hissəsinin ödənişi həyata keçirilmişdir. Bundan əlavə, müqavilənin 7.2-ci bəndinə əsasən 177,42 manat məbləğində cərimə ödənilmişdir. 18.09.2020-ci il tarixinə cavabdehin 255 günlük gecikməsi mövcuddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(006)-733/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3280,59 manat əsas borc, 1828,30 manat faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5138,89 manat məbləğində pulun alınaraq iddiaçı “X1 Kredit Təşkilatı” QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir, əgər məhkəmə iclasında iştirak etsə idi, tətbiq edilmiş cərimə və hesablanmış faizlərin düzgünlüyünün yoxlanılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb edərdi, məhkəmə isə ekpertiza keçirilmədən iddia tələbini tam təmin etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər, məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, faiz məbləğinin düzgün hesablanmadığını göstərərək, həmin hissəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, “X1 Kredit Təşkilatı” QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.05.2019-cu il tarixli, B00005720-2019 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istehlak məqsədi ilə 36 ay müddətinə illik 45 faiz olmaqla, 3700 manat məbləğində kredit verilmişdir. QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 07.05.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. “X1 Kredit Təşkilatı” QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən borclu Cavabdeh1 kredit təşkilatına 3280,59 manat əsas borcu, 1828,30 manat faiz borcu olmaqla, cəmi 5108,89 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh1 apelyasiya şikayətində faizlərin düzgün hesablanmadığını qeyd etmişdir. Kollegiya faiz borcuna aid hissədə apelyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, bu hissədə məhkəmənin qətnaməsi dəyişdirilməlidir. Belə ki, təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, cavabdeh tərəfindən sonuncu dəfə 10.12.2019-cu il tarixdə 650 manat ödəniş edilmiş və həmin ödənişdən sonra ödənilməmiş faiz borcu qalmamışdır. Qalıq qalmış əsas borc məbləği olan 3280,59 manat məbləğində kreditin gündəlik faizləri 4,10073 manat (3280,59x45%:360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 282 gün, yəni sonuncu ödəniş günündən (10.12.2019) maliyyə arayışının verildiyi günədək (18.09.2020) olduğu müəyyən edilir ki, bu da 1156,40 manat (4,10073x282) təşkil edir. Həmin məbləğdən də 10.09.2020-ci il tarixdə faiz borcundan edilmiş sonuncu ödəniş – 77,13 manatı çıxdıqda (1156,40- 77.13=1079,27), cavabdehlərdən tutulmalı olan faiz borcunun 1079,27 manat olduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, faiz borcunun məbləğini yuxarıda göstərilən qaydada aydın şəkildə hesablamaq mümkün olduğundan xüsusi bilik tələb olunmur və bunun üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına hər hansı zərurət yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən Banka ödənilməmiş faiz borcu 1079,27 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh1 qeydiyyatda olduğu (həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində göstərilən) ünvan üzrə məhkəmə bildirişləri poç vasitəsilə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-733/2021 saylı iş üzrə 08 fevral 2021-ci tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “X1 Kredit Təşkilatı” QSC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 1079,27 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar