Məhkəmə qərarları › İş №2(103)-4408/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4408/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4408/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5791.32 manat məbləğində əsas borc, 293.76 manat məbləğində faiz borcu, cəmi 6085.08 manat borcun və 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 18% olmaqla 5791.32 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər

3. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia qismən təmin edilmiş, cavabdehdən 5697.42 manat əsas borc, 162.08 manat faiz borcu olmaqla, cəmi 5859.50 məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmuş, iddia qalan hissədə rədd edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul müştərək qaydada İddiaçı ASC-dən və Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir.

5. Cavabdeh isə qətnaməni mübahisələndirmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

6. Cavbadeh qətnamədən apellyasiya şikayəti verərək bankın borc məbləğini qəsdən şişirtdiyini, 2022-ci il tarixdə bağladığı müqavilənin 2025-ci il 16 noyabr tarixə qədər qüvvədə olduğunu, bankın mediasiayaya müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmasını qanunsuz hesab etdiyini göstərmiş, əsassız qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Həsənova apellyasiya şikayətinə etiraz edərək şikayətin sadəcə vaxt uzatmaq üçün verildiyini bildirdi və təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gələməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RK/88719/88/28 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 5791.32 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

10. Ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay banka 209.37 manat (sonuncu ay 211.66 manat) ödəməli idi. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh X2 iddiaçı banka 6000 manat krediti 36 ay müddətinə 24,19% dərəcəsi ilə hər ay 228,93 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

11. iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 82 manat dövlət rüsumu ödənilmişdir.

12. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə banka 5791.32 manat əsas, 293.76 manat faiz, 0 manat cərimə borcu vardır.

13. 03.08.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh borcun dərhal ödənilməsini təmin etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir.

14. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh 5791.32 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır.

15. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində böyük mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 2677 manat təşkil edir, eyni zamanda, müharibə veteranı olduğuna görə hər ay 80 manat müavinət, ikinci qrup əlil olduğuna görə hər ay 363.87 manat pensiya alır.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9652 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023cü il tarixə əsas borc üzrə 5697,42 manat, faiz borcu üzrə 162,08 manatdır. Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:

18. Mülki Prosessual Məcəllə Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

19. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Mülki işin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RK/88719/88/28 nömrəli kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18 faizlə 5791.32 manat məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı da haqlı olaraq məhkəmə də iddia qaldırmışdır.

22. Kollegiya şikayətin “məbləğin şişirdilməsi” ilə bağlı dəlili üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

23. Apellyasiya şikayətinin digər - “bank məhkəmədə iddia qaldırmadan öncə mediasiaya müraciət etməli idi”- dəlilinə münasibətdə isə kollegiya bildirir ki, AR MPM-in 4.6-cı maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırki mülki iş isə bu maddənin təsiri altına düşmür, demək ki, apellyatorun bu dəlili də əsassızdır. Nəticə:

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar