Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4411/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili Nümayəndə və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2358/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh imzaladıqları qəbz əsasında ondan almış olduğu təbii gönün əvəzinə ona verməli olduğu 32 000 (otuz iki min) ABŞ dolları məbləğində, aralarında olan şifahi razılaşma əsasında 2800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 34 800 (otuz dörd min səkkiz yüz) ABŞ dolları və 30 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.11.2016-cı il tarixli 2(008)- 10854/2016 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.01.2018-ci il tarixli 2(008)-10854/2016 saylı qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli 2(008)-2358/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2358/2018 saylı 27 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, apelyasiya şikayətinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh və rəhmətlik atası ilə uzun müddətdir ki, tanışlıq münasibətləri olmuşdur. Ona görə də malı nisyə verirdi. 23.09.2011-ci il tarixdə cavabdehlə aralarında bağlanmış müqaviləyə və işgüzar adətlərə əsasən cavabdehə öz şəxsi zavodunda istifadə etmək məqsədilə 32000 ABŞ dolları məbləğində təbii gön vermişdir. Bundan başqa cavabdehin rəhmətlik atasının xahişi ilə yazılı müqavilə izalamadan 2800 ABŞ dolları məbləğində təbii gön vermişdir. Artıq xeyli müddətdir ki, cavabdeh borcu geri qaytarmır. O, ürək xəstəliyindən əziyyət çəkir, ağır əməliyyat keçirib, 2014-2016-cı illər arasında fəal hərəkətlə və fiziki işlə məşğul ola bilməyib. Bu səbəbdən Azərbaycana gələ bilməmiş və mübahisəni məhkəmə qaydasında həll edə bilməmişdir. Odur ki, iddia müddəti məhz həmin vaxtdan, yəni 2016-cı il tarixdən hesablanmalıdır. Bakı Apelyasiya Məhkəməsinin 21.11.2018-ci il tarixli 2(103)-8421/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə iddiaçının apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)-4654/2019 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2(103)-8421/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 16.09.2019-cu il tarixli 2(103)-10738/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(102)-704/2020 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2014-cü ildə və 2015ci ildə ödəniş olmuşdur. Ailəvi münasibətləri olub deyə vaxt istəyib. 200 manat ödəniş edib, sonra möhlət istəyib. 2016-cı ilə qədər iddia verməyiblər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ayda 200 manat ödəniləcəyinə dair hər hansı öhdəlik götürülməyib. Heç bir ödəniş də olmayıb. Cavabdeh həbsdədir, evlərin satışı ilə bağlı. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, tərəflər arasında 23 sentyabr 2011-ci il tarixdə 32000 ABŞ dolları dəyərində təbii gön satışına dair müqavilə bağlanmışdır. Eyni tarixli digər müqaviləyə əsasən isə Cavabdeh iddiaçıya olan 32000 ABŞ dolları məbləğində borcu ayda 2000 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmçinin bildirir ki, cavabdehin atasının xahişi ilə müqavilə imzalamadan əlavə olaraq 2800 ABŞ dolları məbləğində gön satmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. İddiaçının tələbi məhz qeyd olunan müqavilələrə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilələrdən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05.02.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 07 iyun 2019-cu il tarixli qərarı ilə hazırkı iş üzrə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin MK-nın 07 iyun 2019-cu il tarixli qərarında göstərilənlərə əməl etməmiş, iddiaçının 23 dəfə Azərbaycan Respublikasında olmasına əsaslanmış, iddiaçının cavabdehin 2013-cü ildə ona ayda 200 manat ödəyəcəyini bildirməsinə dair dəlillərinə obyektiv qiymət verməmiş, cavabdeh üzürsüz səbəblərdən məhkəmə iclasına gəlməməsinə baxmayaraq iddiaçının bu dəlillərinə cavabdehin münasibətini aydınlaşdırmadan, əsaslandırmadan iddiaçının bu dəlillərini inandırıcı hesab etməmişdir. İşin yeni apelyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iddia müddətinin ötürülüb-ötürülməməsi, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün obyektiv sübutlara əsaslanmaqla müəyyən edilməli, əldə edilmiş nəticədən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli 2(102)-4654/2019 saylı qərarında isə məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsini əsas tutub iddia tələbindən imtina etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə iddia müddətinin ötürülməsi səbəbini, eləcə də buraxılmış müddətin üzrlü sayılması üçün müstəsna halların olub-olmamasını kifayət qədər araşdırmadan və beləliklə də iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmədən, habelə cavabdehin 23 yanvar 2013-cü il tarixdən sonra borcu etiraf etməsini göstərən hərəkətlər edib-etməməsini aydınlaşdırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası işin hallarını və Azərbaycan Respublikası Ali Məhkəmənin qərarlarında göstərilənləri nəzərə alaraq qeyd edir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıdan şifahi razılaşmaya əsasən 2800 ABŞ dolları məbləğində mal alınması öz təsdiqini tapmasa da, yazılı müqavilə əsasında 32000 ABŞ dolları məbləğində təbii gön verildiyi müəyyən edilib və bu tərəflər arasında bağlanmış yazılı müqavilə ilə öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, tərəflər arasında imzalanmış 23.09.2011-ci il tarixli birinci müqaviləyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 32000 ABŞ dolları məbləğində borcun hansı müddətdə ödənilməsi (öhdəliyin icrası müddəti) göstərilməsə belə, eyni tarixli digər müqavilədə 32000 ABŞ dolları məbləğində borcun ayda 2000 ABŞ dolları olmaqla ödənilməsi razılaşdırılmışdır. İkinci müqavilə üzrə cavabdeh tərəfindən borcun konkret olaraq hansı aylar üzrə ödənilməli olması qeyd edilməsə belə, bu müqavilənin qeyrimüəyyən müddətə bağlanması kimi dəyərləndirilə bilməz. Mülki Məcəllənin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan cavabdeh tərəfindən ayda 2000 manat ödənilməli olduğu qənaətinə gəldikdə belə (32000 / 2000 = 16 ay) hazırkı iddia üzrə iddia müddəti cavabdehin öz öhdəliklərini icra etməsi üçün müəyyənləndirilən tarixdən sonra keçən 3 ilin sonunda, yəni 23.01.2016-cı il tarixdə bitmişdir. İddiaçı isə ərizə ilə məhkəməyə 15.08.2016-cı il tarixdə müraciət etmişdir. Cavabdehin ayda 200 manat ödəyəcəyini bildirməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında nə yazılı formada, nə də ki, cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarda belə bir ifadə işlədilməmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin vəkili də, belə bir halın olmadığını bildirmiş və iddiaçının dediklərini təkzib etmişdir. Heç bir əsası olmayan və cavabdeh tərəfindən də inkar edilən bir fikrə münasibətdə məhkəmə kollegiyası tərəfindən cavabdehin ayda 200 manat ödəniş edəcəyinə dair öhdəlik götürməsi barədə nəticəyə gəlinməsi qanunvericiliyə ziddir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətində göstərdiyi xəstələnməsi (əməliyyat olunması) onun məhkəməyə müraciət edə bilməməsi üçün yetərli üzürlü səbəb hesab edilə bilməz və bu hal şəxsin nümayəndəsi və ya vəkili vasitəsilə məhkəməyə müraciət etməsini istisna etmir, eyni zamanda iddiaçı tərəfindən iddia verilməsinə mane olan hallar (xəstə olması, əməliyyat edilməsi və .) ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir. Həmçinin ikinci apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Sərhəd Xidmətinə göndərilən sorğulara cavabdan məlum olmuşdur ki, iddiaçı 01.01.2013-01.01.2015-ci illər ərzində müxtəlif tarixlərdə 12 dəfə, 01.01.2015-01.01.2018-ci illər arasında isə müxtəlif tarixlərdə 23 dəfə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İddia müddəti kifayət qədər ötürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2358/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4411/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4411/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver