Məhkəmə qərarları › İş №2(103)-4411/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4411/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4411/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2025-ci tarixli, e-2(009)-439/2025 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı QSC BOKT ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış 07 aprel 2014-cü il tarixli, 70 saylı birgə borclularla kredit müqaviləsinə əsasən 24 ay müddətinə qaytarılmaqla, illik 27 faiz dərəcəsi ilə Cavabdeh1 1300 manat, Cavabdeh4 700 manat, Cavabdeh2 1100 manat kredit verilmişdir.

2. İddiaçı QSC BOKT tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 17 dekabr 2024-cü il tarixə İddiaçı QSC BOKT-a 2725,74 manat əsas, 872,08 manat faiz, cəmi 3597,82 manat borcu yaranmışdır.

3. İddiaçı QSC BOKT tərəfindən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ünvanlanmış 04 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı QSC BOKT cavabdehlərə kredit borcları üzrə tam borc məbləğini ödəməsinə dair xəbərdarlıq etmişdir .

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - birgə borclular Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 əsas borc 2725,74 manat, faiz borcu 872,08 manat, cəmi borcu 3597,82 manat borcun və ödənilmiş 55,97 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər - birgə borclular Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı arasında bağlanmış 07 aprel 2014-cü il tarixli 70 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə illik 27 faizlə 3100 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda bunaəməl edilməmiş, əsas borcdan 374,26 manat, faiz borcundan isə 437,74 manat ödəniş olmuşdur. Birgə borcluların Kredit Təşkilatına olan əsas borcu 2725,74 manat, faiz borcu 872,08 manat, cəmi borcu 3597,82 manat təşkil edir. Borcun ödənilməsi tələbi cavabdehlərə - birgə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2025-ci tarixli, e-2(009)- 439/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC BOKT-un xeyrinə 2725,74 manat əsas, 872,08 manat faiz, cəmi 3597 manat borc və 55,97 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir..

7. Qətnamənin əsaslarına görə, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500, 739.1-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, "xxxx" QSC bank olmayan kredit təşkilatından heç vaxt pul şəklində kredit götürməmişdir. O yalnız bir dəfə kredit qaydasında televizor almışdır, lakin həmin təşkilatın "xxxx" QSC BOKT olduğunu da dəqiq bilmir. Mülki işin materiallarında olan 30 aprel 2013-cü il tarixdə Səbail RPİ tərəfindən verilmiş ona məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində onun imzası əks olunmuşdur. Lakin məhkəməyə təqdim olunmuş kredit işinin sənədlərindən isə görünür ki, onun tərəfindən icra olunduğu iddia olunan imzalar həmin imzadan açıq şəkildə fərqlənir. Bu da onu deməyə əsas verir ki, kredit işində olan imzalar onun tərəfindən deyil, başqa bir şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə onun məhkəmə iclaslarında iştirakını təmin etmədiyi üçün iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmək hüququnu da məhdudlaşdırmışdır. Kredit müqaviləsi 07 aprel 2014-cü il tarixdə bağlansa da "xxxx" QSC bank olmayan kredit təşkilatı məhkəməyə 10 ildən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2(009)-439/2025-016 nömrəli qətnaməsində "cavabdehlər Cavabdeh1, Cavabdeh4və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir." olaraq qeyd olunmuşdur. Halbuki həmin mülki iş üzrə mənə iddia ərizəsinin surəti təqdim edilməmiş, məhkəmə iclaslarının tarixi, vaxtı və yeri barədə heç bir məlumat verilməmişdir. Yalnız yekun məhkəmə aktı – qətnamə 07 aprel 2025-ci il tarixdə yaşadığı ünvana daxil olduqdan sonra belə bir məsələnin mövcudluğundan məlumatı olmuşdur. Bununla da iddiaya etirazını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini bildirmək kimi əsas prosessual hüquqları kobud şəkildə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri ) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı: “...apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib Cavabdeh1 münasibətdə iddianın rədd edilməsi tələb olunduğundan məhkəmə aktı şikayətin dəlilləri üzrə yalnız həmin cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv olunan hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

18. Cavabdeh tərəfindən apellyasiya şikayətində iddia müddətinin keçməsinə dair dəlil qeyd olunsa da, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

19. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili olaraq müqavilənin onun tərəfindən imzalanmadığına istinad etsə də, məhkəmə iclasına gəlməmiş, bu barədə dəlillərini təqdim etməmişdir. Belə olduğu, yəni, imza mübahisələndirildiyi təqdirdə şəxs məhkəmə iclasında iştirak etmirsə, məhkəmə tərəfindən həmin şəxsdən sərbəst yazı və imza nümunələrinin götürülməsi də mümkün olmur. Həmçinin, məhkəmə kollegiyası müqavilə üzrə qismən ödənişlər aparılmasını da nəzərə alaraq apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir və qeyd edir ki, digər cavabdehlər kimi Cavabdeh1 da kredit müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olmuş, lakin öhdəliklərini tam icra etməmişdir.

20. İddia müddətini ötürülməsi barədə dəlilin apellyasiya şikayətində göstərilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

22. İş materiallarından görünür ki, 11 mart 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş hər 3 cavabdehə ünvanlansa da, yalnız Cavabdeh4 oğuna göndərilməsi ilə bağlı məlumat mövcuddur, zərfin üzərində poçt – rabitə orqanı tərəfindən “ünvanda olmadı” qeydi aparılaraq məhkəməyə geri qaytarılmışdır. Digər cavabdehlərə (Cavabdeh1 və Cavabdeh2) ünvanlanmış bildirişin poçt – rabitə orqanına verilməsi bağlı reyestr və ya digər sənəd, SMS xəbərdarlığın göndərilməsi barədə məlumat da müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan plenum qərarında göstərilən mövqeyə uyğun olaraq bu qənaətə gəlir ki, apellyatorun iddia müddətinin keçməsi ilə bağlı apellyasiya şikayətində qeyd olunan dəlilinə qiymət verilməli, yəni, iddia müddətinin ona münasibətdə keçib – keçməməsi araşdırılmalıdır.

23. Tərəflər arasında müqavilə 07 aprel 2014-cü il tarixdə bağlanmış, öhdəliklərin icrası üçün son müddət 24 ay, yəni, 07 aprel 2016-cı il tarixə kimi müəyyən olunmuşdur, yəni, iddia müddətinin axımı da həmin tarixdən başlanmış, 07 aprel 2019-cu il tarixdə bitmişdir. İddiaçı tərəfindən məhkəməyə 10 yanvar 2025-ci il tarixdə, yəni, iddia müddəti ötürüldükdən sonra müraciət olunmuşdur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq həmin hissədə iddia rədd edilməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2025-ci tarixli, e-2(009)-439/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2025-ci tarixli, e-2(009)-439/2025 nömrəli qətnaməsi mübahisələndirilən – 3597,82 manat borc və 55,97 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar