Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4412/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “Bank Standard” Kommersiya Bankı” QSC-yə qarşı “borcun olmadığının müəyyən edilməsi və borcun olmadığı barədə qeydin aparılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli qətnaməsindən “Bank Standard” Kommersiya Bankı” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (kredit alan) ilə cavabdehin (kredit verənin) arasında bağlanmış 20.04.2007-ci il tarixli kredit müqaviləsi üzrə bankın əməliyyat sistemində mövcud olan 8.618,93 manat kredit borcunun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh iddiaçının həmin kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etsin, bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. “Vaxtaşırı ödəniş” deyiləndə o ödəniş nəzərdə tutulur ki, həmin ödənişi etmək vəzifəsi müvafiq vaxt çatana qədər mövcud olmur, yalnız vaxt çatanda yaranır. Krediti (əsas borcu) qaytarmaq vəzifəsi isə borclunun həmin pulu keditordan aldığı andan yaranır, lakin bu vəzifə hissə-hissə icra olunur, yəni pul hissə-hissə qaytarılır. Pulun hissə-hissə qaytarılması “vaxtaşırı ödəniş” sayılmır. Digər tərəfdən, “vaxtaşırı ödəniş” ifadəsindəki “ödəniş” nəyinsə əvəzi kimi edilən ödənişi nəzərdə tutur. Məs., kirayə haqqı, icarə haqqı, kapital üçün fazilər başqasının əmlakından və pulundan istifadəyə görə əvəz kimi ödənilir. Ancaq kredit müqaviləsində borclu başqasını pulunu (əsas borcu) onun özünə hissə-hissə qaytarır. Beləliklə, kredit müqaviləsi üzrə əsas borca 551.2.1-ci maddədə göstərilən 5 illik müddət tətbiq edilə bilməz. Lakin birinci instansiya məhkəməsi 551.2.1-ci maddəyə istinad edərək iddianı təmin edib. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Apellyasiya icraatı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın hüquqi əsasını dəyişmiş, Mülki Məcəllənin 551.1-ci maddəsinin göstərişinə istinad etmişdir. Həmin maddəyə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. "xxxx" MMC-nin verdiyi çıxarışa (iş v. 6) görə 20.04.2007-ci il tarixli kredit müqaviləsinin müddəti 20.01.2011-ci il tarixdə bitib. Odur ki, 10 illik müddət 20.01.2011-ci il tarixdən hesablanır. Əgər müddətin axımı dayandırılmayıbsa (MM, maddə 552.2) və ya kəsilməyibsə (MM, maddə 553.1) 10 illik müddət 20.01.2021-ci il tarixdə bitir. Lakin iddia ərizəsi 10.03.2020-ci il tarixdə verilib, qətnamə isə 01.10.2020-ci il tarixdə qəbul olunub. Həmin zaman 10 illik müddət tamam olmamışdı. Ona görə də iddiaçının apellyasiya icraatı zamanı verdiyi ərizə iddianın yalnız hüquqi əsasının deyil, həm də faktiki əsasının dəyişdirilməsi hesab olunur. Belə ki, iddiaçı iddia ərizəsində faktiki əsas kimi 5 illik müddətin bitməsinə istinad etmişdir, apellyasiya icraatı zamanı isə faktiki əsas kimi 10 illik müddətin bitməsinə istinad edir. Apellyasiya icraatı zamanı iddianın faktiki əsası dəyişdirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Bank Standard” Kommersiya Bankı” QSC-yə qarşı “borcun olmadığının müəyyən edilməsi və borcun olmadığı barədə qeydin aparılması barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4412/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4412/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver