Məhkəmə qərarları › İş №2(103)-4415/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4415/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4415/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X4, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-749/20 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-749/20 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, poçtda işləyir, əmək haqı indiki dövr üçün azdır. Cavabdeh şəxsi sürücü işləyir və kifayət qədər gəlirə malikdir. Cavabdehin ailəsinə məxsus 3(üç) evi var və onları kirayə veriblər. Bundan başqa, Qax rayonunda hektarlarla fındıq bağları var. Artıq pul istəmir, yalnız dövlətin uşaqlar üçün müəyyən etdiyi minimumu istəyir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, uşaqların xərclərini çatdıra bilmir. Cavabdeh şirkətdə sürücü işləyir, ayda 1000 manat alır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 bildirdi ki, evin gəlir gətirəni təkcə odur. Hər dəfə aliment pulu artdıqca çatdıra bilmir. Oğlu sürücüdür. Lakin indi pandemiyaya görə işi yoxdur. İddiaçının özünün də qazancı var və hər dəfə uşaqları görəndə onlar da ayrıca 10-20 manat pul verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-831/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2009-cu ildə doğulmuş X3 və xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)- 1007/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşaq üçün 160 manat iki uşağa görə 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini belə əsaslandırmışdır ki, cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar mülki iş materiallarında heç bir sübut müəyyən edilməmiş, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, yalnız ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının artırılması üçün əsas deyildir. İddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına, həmçinin cavabdehin əmək haqqında əlavə gəlirləri olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, hazırkı iddia əsaslı deyildir və iddia təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. Hazırki işdədə iddiaçı tərəfindən cavabdehin qazancının armasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-749/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi iddiaçı X4 apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar