Məhkəmə qərarları › İş №2(103)-4417/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4417/2020

10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4417/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(002)-99/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2012-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 adlı bir uşağı anadan olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2015ci il tarixli 2(002)-99/2015 saylı qətnaməsinə əsasən xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadadək saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Qaradağ rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə bir uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, uşağı maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-426/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(002)- 99/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yeni nikaha daxil olduğunu, həmin nikahdan da övladının olduğunu, işsizliyini, ailə vəziyyətini nəzərə almayıb. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş izahatında bildirmişdir ki, cavabdeh daha əvvəl aliment borcunu ödəmədiyi üçün 10 sutka həbs edilmişdir. Uşaq əməliyyat olunanda əməliyyat xərclərində iştirak etməmişdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Belə ki, iş materiallarında olan AZ-İİİ 157714 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(002)-99/2015 saylı icra vərəqəsinə əsasən xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 108 manat sabit pul məbləğində aliment həmçinin X4 3 yaşına çatanadək İddiaçı üçün əlavə 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 248025 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir. İş materiallarında olan AZ-İİİ 926345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İş materiallarında olan AZ-İİ 205711 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx xxxx 2017-ci il tarixdə 1733 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mərkəzi Gömrük Hospitalı tərəfindən verilmiş məktubun surətindən görünür ki, Eyvazov Hüseyn xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə müayinə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2564 nömrəli arayışın surətindən görünür ki, 2013-cü il təvəllüdlü X4 xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə cərrahi əməliyyatı icra olunmuşdur. Hazırda iddiaçı alimentin artırılaraq 170 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh isə maddi vəziyyətinin alimentin artırılmasına yol vermədiyinə istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Maddənin dispozisiya şərtlərindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, valideynlər birgə nikahdan doğulmuş uşaqlarını saxlamaq, onların istehlak tələbatlarını, maddi ehtiyaclarını qarşılamağa birgə borcludurlar. Bu əsasdan qanunvericilik uşaqlardan ayrı yaşayan valideynin qeyd edilən vəzifəsinin icrasını aliment ödəməklə təmin etmişdir. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını 108 manatdan 170 manata artırmışdır. Cavabdehin rəsmi iş yerinin, müntəzəm gəlirinin olmaması, yeni nikaha daxil olması, həmin nikahdan başqa uşağının olması onun qanunla nəzərdə tutulmuş yaşayış minimumuna uyğun alimentin tutulması vəzifəsindən tam və ya qismən azad edilməsinə əsas vermir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə artırılmış alimentin miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir. Nəzərə alınmalıdır ki, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-426/2020 saylı, xx xxxxxx 2020ci qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar