Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-442/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Cəbrayılov Orxan Akif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ilə onun arasında olan alış-veriş əsasında cavabdehin ona borclu qaldığı pulun – 15.264 ABŞ dolları, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin – 15.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2005-ci il tarixdən hazırki vaxtadək “Moskva Univermağı” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh uzun illərdi ki, tanışdılar və aralarında etibarlı münasibətlər olmuşdur. 2011-ci ilin noyabr ayında cavabdeh iddiaçının yanına gələrkən ondan qızılzinət əşyalarını nisyə alaraq, əşyaların dəyərini bir ay ərzində ödəmək istədiyini bildirmişdir. İddiaçı cavabdehə etibar etdiyi üçün cavabdehin təklifini qəbul etmiş və ümumi dəyəri 16.000 ABŞ dolları olan qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Lakin bir ay keçdikdən sonra cavabdeh iddiaçının iş yerinə gələrək əlavə bir ay vaxt istəmişdir. İddiaçı bununla razılaşmışdır. 2012-ci ilin yanvar ayında cavabdeh yenidən iddiaçının yanına gəlmiş və bildirmişdir ki, qızıl-zinət əşyaları satılıb, lakin o, pulları öz şəxsi ehtiyaclarına xərcləyib və həmin pulu hissə-hissə verə biləcək. xx.xx.2012-ci il tarixdə cavabdeh iddiaçıya 736 ABŞ dolları ödəmiş və qəbz yazaraq qalan pulu hissə-hissə qaytaracağını yazılı surətdə bildirmişdir. Lakin bir neçə il keçməsinə baxmayaraq cavabdeh qalan pulu iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, (16.000–736=) 15.264 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir ki, həmin zərər cavabdeh tərəfindən ona ödənilməli və bu məqsədlə cavabdehdən onun xeyrinə mənəvi ziyanın əvəzi olaraq 15.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 15.264 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcək tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçıya verilməsini, iddianın qalan hissədə təmin edilməməsini, məhkəmə xərclərinin cavabdehə aid edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxaraq, qeyri-obyektiv, qanunsuz və əsassız qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh əvvəllər ailəli olmuş və həyat yoldaşı ilə ayrıldıqdan sonra keçmiş qayınanası müxtəlif vasitələrlə və hətta yaxın münasibətdə olduğu insanların əli ilə cavabdehə zərər vurmağa başladı. İddiaçı da cavabdehin keçmiş qaynanası ilə yaxın münasibətdə idi, hətta cavabdeh ailəli olduğu müddətdə tez-tez onların evində qalırdı. Cavabdeh, keçmiş həyat yoldaşı ilə ayrıldıqdan sonra iddiaçı, cavabdehin keçmiş qayınanasının sözü ilə cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdeh tərəfindən yazılmamış, hətta notarial təsdiqi belə olmayan, habelə kənar şəxslərin iştirakı və imzası ilə təsdiq olunmamış bir qəbzi məhkəməyə təqdim edərək, guya cavabdehin iddiaçıdan 16.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını aldığını, həmin puldan 736 ABŞ dollarını qaytardığını, qalan 15.264 ABŞ dolları borcu isə bir ay ərzində qaytaracağına söz verdiyini, lakin sözünə əməl etmədiyini, hazırda ona borclu olduğunu bildirmişdir. Lakin iddiaçı cavabdehin ondan həmin qızıl-zinət əşyalarını kimlərin yanında aldığını, həmin puldan 736 ABŞ dollarını ona necə və hansı şəraitdə, hansı şəxslərin iştirakı ilə qaytardığını və həmçinin həmin puldan müəyyən miqdar qaytardıqdan sonra qalan 15.264 ABŞ dolları borcu qaytaracağı barədə olan qəbzin hansı şəraitdə və kimlərin iştirakı ilə tərtib olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Rayon Məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün qəbzin onun tərəfimdən tərtib olunmaması və imza edilməməsi hallarının təsdiq olunması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət verə bilməmişdir. İş üzrə cavabdehin vəkili (nümayəndəsi) X1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir. O, apellyasiya baxışı zamanı “iddia müddətinin tətbiqi barədə” ərizə verərək, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi haqqında qanunvericiliklə nəzərdə tutulmuş bir illik iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat vermişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin növbəti iclasında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini təmin etməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin məzmunundan isə görünür ki, cavabdeh qətnamənin həmin hissəsini mübahisələndirmir. O, iddianın bir hissəsinin təmin edilməsi barədə nəticəni mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə cavabdeh tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15.264 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını aldığını və həmin əşyaların dəyərini 1 ay müddətində İddiaçı qaytaracağını bildirmişdir. İşin apellyasiya baxışı zamanı cavabdeh, vəkili (nümayəndəsi) A.Quliyevanın vasitəsilə Məhkəməyə vəsatət təqdim edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbin əsasını təşkil edən borcun etirafı barədə xx.xx.2012-ci il tarixli yazılı qəbz cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə, vəsatəti və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, xx.xx.2012-ci il tarixli sənəddəki imzanın cavabdehə məxsus olub-olmaması xüsusatını araşdırmaq üçün xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, müqayisəli tədqiqat üçün cavabdehin sərbəst imza nümunələri qismində iş materiallarına əlavə edilmiş sənədləri ekspertə təqdim etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 32215 nömrəli xx.xx.2020-ci il tarixli rəyini almışdır. Həmin rəylə müəyyən edilmişdir ki, mülki işin 23-cü vərəqəsində olan Cavabdeh ilə İddiaçı adlarından xx.xx.2012-ci il tarixli sənəddə “imza:” qrafasındakı imza, işin 48-ci vərəqədə olan xx.xx.2017-ci il tarixli ərizədə “imza:” qrafasındakı imza, işin 53-cü vərəqədə olan xx.xx.2019-cu il tarixli apellyasiya şikayətində “imza:” qrafasındakı imza, işin 54-cü vərəqədə olan xx.xx.2019-cu il tarixli müddətin bərpasına dair ərizənin “imza” qrafasındakı imza, işin 64-cü vərəqəsində xx.xx.2019-cu il tarixli şikayətdə “İmza: Cavabdeh” qrafasındakı imza öz aralarında – eyni bir şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, Məhkəmə tərəfindən müəyyən olunur ki, iş üzrə iddiaçı cavabdehə 16.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını vermiş, cavabdeh isə həmin məbləği iddiaçıya qaytarmağı öz öhdəsinə götürsə də, öhdəliyini tam icra etməmiş və həmin puldan yalnız 736 ABŞ dolları hissəsini qaytarmışdır, hazırda iddiaçıya 15.264 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianı borcun tutulması hissəsində təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, cavabdehin apellyasiya şikayətinin Rayon Məhkəməsinin onun iştirakı olmadan işə baxması barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehə məhkəmə iclasının hər iclasın yeri və vaxtı barədə bildirişlər göndərilməsinə baxmayaraq, bildirişlərin qəbulundan imtina edildiyinə görə həmin bildirişlər məhkəməyə qaytarılmışdır. MPM-nin 137.4-cü maddəsinə əsasən, ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Qeyd olunanlara əsasən, MPM-nin 137-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmaqda Rayon Məhkəməsi haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş sayılır. Bu baxımdan da, Məhkəmə cavabdehin “iddia müddətinin tətbiqi barədə” ərizəsini də əsaslı saymır. Belə ki, həmin ərizə birinci instansiya məhkəməsində işə baxılan zaman verilməmiş, yalnız apellyasiya baxışı zamanı verilmişdir ki, bu da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarında təsbit edilmiş hüquqi mövqeyə görə yolverilməzdir. “İddia müddətinin tətbiqi barədə” ərizədə cavabdeh Mülki Məcəllənin əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 354.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiq edilməsini xahiş edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən əqdin etibarsız hesab edilməsi üçün cavabdeh tərəfindən Məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı da, əqdin etibarsız hesab edilməsi üçün hallar aşkar edilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-442/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-442/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver