Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4420/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4272/2021 saylı, 27 oktyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 15.10.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 19.03.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə yaranmış 1.400,99 ABŞ dolları əsas borc, 2.794,36 ABŞ dolları faiz borcu, 4.002,54 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 203,30 ABŞ dolları olmaqla, cəmi 8.401,19 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22.12.2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 27.12.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4272/2021 saylı 27 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 15.10.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 19.03.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə 18.08.2017-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 1.400,99 ABŞ dolları əsas borc, 528,38 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 1.959,37 (bir min doqquz yüz əlli doqquz ABŞ dolları otuz yeddi sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 qarşı iddianın qalan hissədə rədd edilməsi, iddia tələbinin Cavabdeh2 qarşı olan hissədə tam rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin əvvəlki iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Kollegiya apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 15.10.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 3.800 ABŞ dolları kredit vermişdir. 15.10.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 19.03.2015ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kredit məbləğindən qalıq məbləği 3.239,62 ABŞ dolları təşkil edir və kreditin ödənilmə müddəti 18.08.2017-ci ilədək təyin olunmuşdur. Borcun təminatı olaraq kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin X2 arasında 19.03.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. X2 zaminlik müqaviləsini imzalamamışdır. LPO İddiaçı ASC 30.07.2020-ci il tarixli **********594 nömrəli çıxarışda göstərir ki, borclu Cavabdeh1 15.10.2014-cü il tarixli müqavilə üzrə 24.07.2020-ci il tarixə 1.400,99 ABŞ dolları əsas borc, 2.794,36 ABŞ dolları faiz borcu, 4.002,54 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 203,30 ABŞ dolları borcu olmaqla, cəmi 8.401,19 ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 15.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə bağlanmış 19.03.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə 18.08.2017-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 1.400,99 ABŞ dolları əsas borc, 528,38 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 1.959,37 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Cavabdeh1 qarşı iddia qalan hissədə rədd edilməlidir. Çünki, cavabdehin borcun qaytarılmasını gecikdirməklə, ondan fayda götürməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddia tələbi - Cavabdeh2 qarşı olan hissədə tam rədd edilməlidir. Çünki, zaminlik müqaviləsi zamin tərəfindən imzalanmadığına görə, onun borcun ödənilməsi üçün öhdəliyi yaranmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 448.1, 467 və 471-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilmiş maddi hüquq normalarını qanuni hesab edir. İddiaçının apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi düzgün nəticənin əldə edilməsi üçün müvafiq kredit üzrə məhkəməmühasibatlıq ekspertizası keçirməmiş və bu səbəbdən də iş üzrə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. İddiaçı apelyasiya baxışında məhkəmə iclasında iştirak etməsə də, kollegiya apelyasiya şikayətinin həmin dəlillərini müzakirə etmiş və kredit müqaviləsində faiz borcunun müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın 03 sentyabr 2021-ci il tarixli 9/4231 saylı ekspertiza rəyinin əsaslandırma hissəsindən müəyyən olunur ki, iş materiallarında mövcud olan hesabdan çıxarış məlumatlarında yalnız ssuda hesabı (əsas borc) üzrə aparılan əməliyyatlar qeyd olunmuşdur.Belə ki, həmin hesabdan çıxarış məlumatlarında Cavabdeh1 tərəfindən aparılan ödənişlərin yalnız əsas borc üzrə silinən hissəsi göstərilmiş, digər silinmələr isə (faiz, cərimə) öz əksini tapmamışdır.Yəni 15 oktyabr 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən aparılan ödənişlərin tam məbləği hesabdan çıxarış məlumatlarında göstərilməmişdir. Ona görə də hazırki ekspertiza tədqiqatı maliyyə arayışında mövcud olan məlumatlara əsasən aparılır. Tədqiqatla iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında 15.10.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 19.03.2015-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə 18.08.2017-ci il tarixədək ödənilməli olan faiz borcu 2.794,36 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kollegiya qeyd edilən prosessual normaların tələblərinə əsaslanaraq, ekspertiza rəyinə tənqidi yanaşır. Çünki ekspert ekspertiza qarşısında qoyulmuş sualı yalnız maliyyə arayışına istinad edərək, kredit müqaviləsi üzrə faiz borcunu maliyyə arayışında olan məbləğ qədər müəyyən etmişdir. Halbuki, iş materiallarında həmin maliyyə arayışı və həmin arayışda da faiz məbləği ekspertiza rəyində qeyd edilmiş məbləğdə göstərilmişdir. Belə olan halda ekspert əlavə tədqiqat aparılması üçün materiallar tələb edə bilərdi. Qeyd edilənlərə əsasən kollegiya ekspertiza rəyini sübut kimi qəbul etməmişdir. İddiaçının apelyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, cavabdeh qrafik üzrə ödənişlərdə qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən ödəniş məbləğinə ikiqat faizlər hesablanmışdır. Apelyatorun həmin dəlilini iş materialları ilə əlaqəli yoxlayan kollegiya hesab edir ki, iddiaçı həmin dəlilini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, yalnız ümumi fikirlərdən istifadə etmiş və məhkəmə iclaslarında iştirak etməmiş və şikayətin dəlillərini əsaslandırmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin faiz məbləği barədə gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının apelyasiya şikayətinin əldən çıxmış faydanın təmin edilməməsi və cərimə borcunun azaldılması barədə dəlillərini də kollegiya əsassız hesab edir. Çünki apelyator həmin dəlilləri təsdiq edəcək hər hansı bir sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları təqdim etməmiş və bu səbəbdən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4272/2021 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4420/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4420/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver