Məhkəmə qərarları › İş №2(103)-4420/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4420/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4420/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7350/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə, 36 ay müddətinə, illik 24% ödəmək şərtilə 9500(doqquz min beş yüz) manat kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Bankın təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə banka 8969,52 manat əsas, 4493,32 manat faiz olmaqla, cəmi 13462,84 manat borcu yaranmışdır.

3. Cavabdeh ünvanladığı xəbərdarlıq məktubunda cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8969,52 manat əsas, 4493,32 manat faiz borcu olmaqla, cəmi 13.462,84 manat məbləğində borcun və 130 manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun banka tələbdə göstərilən məbləğdə borcu yaranmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7350/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Cavabdeh tərəfindən isə müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 8969,52 manat əsas, 4493,32 manat faiz borcu olmaqla, cəmi 13.462,84 manat məbləğində borc tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 428.4, 739.1, 739.2, 741, 742.1, 743-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, əsas və faiz borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şikayətdə göstərir ki, cavabdeh tərəfindən borcun ödənilməsi bank tərəfindən nəzərə alınmamışdır, məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmamışdır, məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir, tələsik qətnamə qəbul etmişdir. İşi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi onun iştirakını təmin edilməməsi səbəbindən məhkəmədə öz dəlillərini və etirazlarını verə bilməmişdir. Apellyasiya baxışında iş üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Məhkəmə tərəfindən banka ödənilmiş məbləğləri nəzərə almamışdır. Məhkəmə iddianın əsas və faiz borcunun azaltmaq əvəzinə iddianı tam təmin etmişdir, qətnaməsini formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Tərəfindən ödədiyi həmin pullar ortada yoxdur, əlavə olaraq əsassız pul yazılıb, nəticədə müqavilə üzrə düzgün hesablama aparılmamışdır. Belə olan halda iddiaçının belə şişirdilmiş məbləğlə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia tələblərinin əsas və faiz borcunun azaldılması barədə qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini iddia tam təmin edildiyindən qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

23. Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

24. Cavabdeh ödədiyi məbləğin bank tərəfindən nəzərə alınmadığını və məhkəmənin də bununla bağlı araşdırma aparmadığını göstərsə də konkret ödədiyi hansı məbləğin nəzərə alınmadığını göstərmir. Başqa sözlə cavabdeh hansı məbləğdə ödəniş etdiyinə dair əvvəlcə məhkəməyə sübut təqdim etməlidir ki, məhkəmə də buna uyğun tələb edilən məbləğin əsaslı olmadığına hüquqi qiymət verməli olsun. Etdiyi ödənişin məbləği barədə heç bir məlumat vermir, ancaq ümumi hüquqi terminlərdən istifadə edərək qətnaməni qanunsuz və əsassız hesab edir, yenə də qanunsuzluğun nədən ibarət olduğunu, əsassızlığın isə nədə ifadə olunduğunu göstərmir.

25. Cavabdeh onun iştirakı olmadan məhkəmə iclasının keçirildiyini göstərsə də bu dəlillər də açıq-aşkar əsassızdır. Çünki, məhkəmə iclasının yeri və vaxtı barədə ona məhkəmə bildirişi göndərilmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə iclasına dəvət olunmuş və iştirak etmişdir. Ancaq yenə də hansı məbləğdə ödəniş etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Demək, cavabdeh bu dəlillərdən də sadəcə şikayət etmək xatirinə istifadə edir. Əks halda öhdəliyini lazımi qaydada icra etməsinə dair apellyasiya məhkəməsinə hansısa sübut təqdim edə bilərdi.

26. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki, tələb edilən əsas və faiz borcu müqavilə şərtlərinə uyğun və adekvat olmuşdur.

27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7350/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7350/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar