Məhkəmə qərarları › İş №2(103)-4425/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4425/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4425/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2021-ci il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, MMC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 26.06.2018-ci il tarixli “xxxx” əsasında yaranmış borcun ödənilməsi məqsədi ilə 2.452,12 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış ******* nömrəli, 26.06.2018-ci il tarixli müqaviləyə əsasən, MMC-dən, dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 3.000 manat olan 2 ədəd “Galanz AUS 24 H” markalı kondisionerlərini almışdır. Kondisionerlər cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, kondisionerlərin dəyərini MMC-yə qismən ödəmişdir. Nəticədə cavabdehin MMC-ya 2.452,12 manat məbləğində borcu yaranmışdır. MMC cavabdehə xəbərdarlıq məktubu göndərərək qeyd edilən məbləğin ödənilməsini cavabdehdən tələb etsə də borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.01.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı rədd edərkən o iş üzrə ekspertiza tərəfindən verilmiş rəyi əsas götürmüş və hesab etmişdir ki, “xxxx” cavabdeh tərəfindən imzalanmamışdırsa, cavabdeh iddiaçı MMC qarşısında mülki məsuliyyət daşımır. Lakin alğı-satqı obyektlərinin cavabdehə təslim edilməsi barədə aktdan da görünür ki, cavabdeh kondisionerləri qəbul etmiş və bu barədə aktı da imzalamışdır. Ekspert rəyi həqiqəti əks etdirmir. Həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, üzərinə iddiaçı MMC ilə cavabdeh arasında bağlanması qeyd edilən ******* nömrəli, 26.06.2018-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, cavabdeh iddiaçı MMC-dən, dəyərinin 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə ümumi qiyməti 3.000 manat olan 2 ədəd “Galanz AUS 24 H” markalı kondisionerlərini alır. Üzərində cavabdeh tərəfindən imzalanması qeyd edilən “xxxx” görünür ki, yuxarıda göstərilən kondisionerlər MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçı MMC iddia edir ki, kondisionerlər cavabdehə təhvil verilsə də, cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, kondisionerlərin dəyərini ona qismən ödəmişdir. Nəticədə cavabdehin ona 2.452,12 manat məbləğində borcu yaranmışdır və cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq borc ödənilməmiş qalmışdır. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı MMC-nin istinad etdiyi müqavilədə və “təhvil-təslim aktlarındakı” imzalar ona məxsus deyil. O heç bir sənədi imzalamamışdır. Belə o, kondisioner almaq üçün MMC-yə müraciət etsə də, həmin malların ona satılmasından imtina olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi cavabdeh tərəfindən ona bildirilmiş məlumatın yoxlanılması üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş 20.11.2020-ci il tarixli, 4/776 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 26.06.2018-ciil tarixli, ******* saylı “xxxxndə” “alıcı” qrafasındakı imza, habelə işdə olan 26.06.2018-ci il tarixli, 843 və 844 nömrəli aktlarda “təhvil aldı” qrafalarındakı imzalar cavabdeh tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə xxxxnə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600-cü maddəsinə görə, xxxxndə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu xxxxndə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, xxxxnin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, icra edilməmiş öhdəliyə görə şəxsin (borclunun) mülki məsuliyyətə cəlb edilməsi üçün kreditor ilk olaraq sübut etməlidir ki, həmin şəxs onun qarşısında üzərinə öhdəlik götürmüşdür. Bu halı sübuta yetirdikdən sonra isə sübut etməlidir ki, həmin şəxs öhdəliyi yerinə yetirməmişdir. Hazırki iş üzrə iddiaçı MMC onun tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilmir. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC-nin tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 yanvar 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar