Məhkəmə qərarları › İş №2(103)-4428/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4428/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4428/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kredit borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" KB ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2024-ci il tarixli 209nkNFT/24 nömrəli kredit müqaviləsinə əsasən, bank 52 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 22570 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 %, maksimum 40 % təşkil edir.

2. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-ci il tarixli 209nkNFT/24 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 22324.4 AZN əsas, 2870.76 AZN faiz, 134.34 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 25329.50 AZN məbləğində borcu mövcuddur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Unibank KB» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22324.4 AZN əsas, 2870.76 AZN faiz, 134.34 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 25329.50 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 165.99 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilib ki, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASCyə cəmi 25329.50 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 22324.4 manat əsas, 1955.67 manat faiz, 55.33 manat cərimə borcu olmaqla, cəmi 24335.4 manat pul vəsaitinin və 163.01 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəfin 10 manat hissəsinin iddiaçı "xxxx" ASC-dən, 90 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İş materillarına əsasən (müqavilə, ödəniş qrafiki) iddiaçı bank tərəfindən cavabdehə 22570 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 52 ay müddətində, illik 25 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 716 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarış sənədlərindən aydın olur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ödəniş qrafikinə uyğun icra etməmiş, qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən bank tərəfindən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 4. 23.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi bütün borcun tutulması və müqavilənin ləğvi barədə olmuş, beləliklə də, Mülki Məcəllənin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş vermişdir. Odur ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 22324.4 manat əsas, 1955.67 manat faiz, 55.33 manat cərimə olmaqla, cəmi 24335.40 manat borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh məhkəmə araşdırması zamanı Cavabdeh bank tərəfindən ona hesablanmış borc məbləği ilə razı olmadığını bildirdiyindən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10452 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "X4" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 209nkNFT/24 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 xx.xx.2024-cü il tarixli pretenziya məktubu tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; əsas borc üzrə-22324.40 manat, faiz borcu üzrə-1985.39 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "X4" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 209nkNFT/24 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 maliyyə arayışı müddətinə yəni, xx.xx.2024-cü il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə- 22324.40 manat, faiz borcu üzrə-2884.57 manat. Lakin borc məbləğinin hesablanması tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 967 manat məbləğində ödənişlər nəzərə alınmadı. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edib və qeyd edib ki, ekspertiza rəyində pretenziya tarixinə hesablanmış əsas və faiz borcu bank tərəfindən borcluya ünvanlanmış həmin məktubda göstərilən məbləğlərdən artıq təşkil etdiyi üçün, müqavilənin ləğv edilmə tarixinə əsas borc 22324.4 manat, faiz borcu 1955.67 manat hesab edilməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və pretenziya məktubunda tələb edilən cərimə borcunun məbləği (55.33 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 55.33 manat həddində olmaqla qismən təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş edib şikayətində göstərir ki, həqiqətən də bankdan borc pul götürsə də, hesablanmış faizlər həddən artıq şişirdilmişdir. Qətnamədə göstərilən məbləğ həddən artıq yüksəkdir. Buna görə də qətnaməni əsassız, ədalətsiz və qanunsuz sayır. Belə ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. O, banka olan borcundan 5000 manatı artıq qaytarıb. Lakin iddiaçı bank "xxxx" ASC həmin ödənişləri nəzərə almayaraq, əsas kredit borcunu 22324.4 AZN, 2870.76 AZN faiz, 134.34 AZN məbləğində hesablamışdır. O, borcumun qaytarılmasından imtina etmir. Lakin bank ödənilən məbləği böyüdərək əsassız belə bir iddia vermiş, bundan əlavə hesab edir ki, ekspertlərin rəyləri həqiqəti əks etdirmir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. Əvvəla, təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

18. Belə ki, öhdəliyin pozulmasına görə borclu o şərtlə məsuliyyət daşımaz ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Ancaq borcalan bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir və istinad etdiyi halları sübuta yetirə bilmir. Cavabdeh məhkəmənin bir neçə maddi və prosessual hüquq normalarının pozduğunu göstərsə də, bu pozuntuların konkret nədən ibarət olduğunu, başqa sözlə hansı maddi hüquq normalarının pozulduğunu açıqlamır.

19. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

20. Cavabdeh iddiaçı ilə arasında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

21. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

22. Bundan əlavə, cavabdeh şikayətində faiz borcunun şişirdildiyini, borcundan 5000 manatı artıq qaytardığını, ekspert rəyinin həqiqəti əks etdirmədiyini göstərsə də, bu dəlillər hər hansı bir sübutla təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Ekspert rəyində xx.xx.2024-cü il tarixli pretenziya məktubu tarixinə, eyni zamanda maliyyə arayışı müddətinə yəni, xx.xx.2024-cü il tarixinə olan faiz borcunun məbləği ayrı-ayrılıqda göstərilib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının xx.xx.2024-cü ilədək tələb etdiyi faiz borcu məbləğini deyil, pretenziya məktubu tarixinə faiz borcunu əsas götürərək təmin etmişdir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istəristəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin borcun yenidən hesablanması üçün hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır.

23. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-211/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar