Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4432/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-470/2024 nömrəli 23 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 08 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana illlik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 2975 manat məbləğində kredit vermişdir.
2. Cavabdeh xx.xx.2014-cü il tarixli bildirişə əsasən borcun məbləği barədə xəbərdar edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 2820 manat məbləğində əsas borc, 7000.82 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1288.58 manat məbləğində cərimə borcu, 1734.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 12843.73 manat məbləğində pulun, 128.53 manat dövlət rüsumunun Bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2975 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 2820 manat məbləğində əsas borc, 7000.82 manat müqavilə müddəti üçün tələb olunan faizlər, 1288.58 manat məbləğində cərimə borcu, 1734.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 12843.73 manat məbləğində borcu qalmışdır.
5. Maliyyə arayışına əsasən borcalanın xx.xx.2022-ci il tarixə 2820 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 7000,82 manat faiz borcu, 1288.58 manat məbləğində cərimə borcu, 1734.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 12843.73 manat məbləğində borcu yaranmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-470/2024 nömrəli 23 may 2024-cü tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə istinad etsə də, müqavilənin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilərək, vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da, iddiaçının nümayəndəsi kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiklərini, müqavilənin aşkar edilmədiyini bildirdi. Belə olduğu təqdirdə, hazırkı iddianın təmin edilməsi qeyri-mümkündür.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Bank ilə Cavabdeh arasında 08 avqust 2008-ci il tarixli KMFŞ 16018/T saylı kredit müqaviləsi imzalanmışdır və Cavabdeh 2975 manat məbləğinə kredit verilmişdir. Bank öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Cavabdeh 2975 manat məbləğinə kredit vermiş, Cavabdeh da öz öhdəliyi üzrə krediti qəbul etmişdir. Bu tərəflərin aralarında bağladığı müvafiq müqavilənin nəticəsində baş vermişdir. Bankdan asılı olmayan səbəbdən kredit müqaviləsinin və ödəniş cədvəlinin əslini məhkəmədən əldə etmək mümkün olmamış, bu səbəbdən mülki dövriyyə iştirakçısı olan Bank kredit müqaviləsi üzrə gəlirlərindən məhrum olmuşdur. Kredit müqaviləsinin əsli Bankda olmasa da, kredit müqaviləsinin surətində və ödəniş cədvəlində cavabdehin müqavilənin şərtləri ilə razılaşaraq, imzalaması öz əksini tapır. Həmçinin təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən həyata keçirilmiş kredit ödənişi də tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin olmasını təsdiq edir. Bank tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2014-cü il tarixli məhkəmə əmri haqqında ərizə, daha sonra isə 2015-ci ilin may ayında iddia ərizəsi ilə borclu Cavabdeh qarşı borcun və dövlət rüsumunun tutulmasına dair müraciət edilmişdir. Kredit müqaviləsi və digər sənədlərin əsli iddia ərizəsinin qoşması olaraq həmin vaxt məhkəməyə təqdim edilmişdir. Bank tərəfindən göndərilmiş məktubların SS208306361AZ və SS22532446AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnaməsi “Bayramova” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İddia verildiyi tarixdən bir müddət sonra bankın ləğv edilmiş, ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Ləğvedici tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə dəfələrlə yekun məhkəmə aktının alınması üçün müraciətlər edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Sənədlərin əsillərinin geri qaytarılması üçün müraciətlərə də cavab verilməmişdir. Azərbaycan Kredit Bürosuna sorğu verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
19. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
28. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini ona görə rədd etmişdir ki, iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinin əsli, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir.
29. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi 08 avqust 2008-ci il tarixli müqavilənin əslini, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədləri təqdim edərək, iddia ərizəsində texniki səhv olaraq xx.xx.2008-ci il tarixli müqavilə qeyd olunduğunu, apellyasiya şikayətində də 08 avqust 2008-ci il tarixli müqavilə üzrə borcun tələb edildiyini bildirmişdir.
30. Təqdim edilmiş xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, bank tərəfindən borcalana illik 25% dərəcəsi ilə 24 ay müddətinə 2975 manat kredit verilmişdir.
31. Hesabdan çıxarışa əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə üzrə yalnız xx.xx.2008-ci il tarixdə 155 manat ödəniş edilmişdir.
32. Maliyyə arayışına görə xx.xx.2014-cü il tarixə borcalanın 2820 manat əsas borc, 745 manat faiz borcu olmaqla ümumilikdə 3565 manat borcu yaranmışdır.
33. İddiaçı 2015-ci il tarixdə hazırki kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2015-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
34. İddiaçı hazırda cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
36. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
37. Lakin Kollegiya qeyd edir ki, iddiaçının tələbi qismən əsaslıdır.
38. Belə ki, iddiaçı hazırda xx.xx.2022-ci tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 2820 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 7000,82 manat faiz borcu, 1288.58 manat məbləğində cərimə borcu, 1734.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 12843.73 manat məbləğində borcu tələb edir.
39. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
40. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.
41. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
42. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.
43. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
44. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
45. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
46. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”
47. Göründüyü kimi bank tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməsini tələb olunmuşdur. Əks təqdirdə Bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı bildirilmişdir.
48. xx.xx.2014-cü il tarixli bildirişdə xx.xx.2014-cü il tarixə cavabdehin 2820 manat əsas, 745 manat faiz borcu olmaqla cəmi 3565 manat borcun yarandığı göstərilmişdir.
49. Göründüyü kimi bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.
50. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış faiz borcunu həmin vaxtadək tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edilə bilər.
51. Kollegiya qeyd edir ki, bank tərəfindən verilmiş xəbərdarlıq məktubuna əsasən cavabdehin xx.xx.2014-cü il tarixə 745 manat faiz borcu olmuşdur.
52. Ona görə də Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borc 2820 manat, faiz borcu müvafiq olaraq 745 manat müəyyən edilməlidir.
53. İddiaçı 1734.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği tələb etmişdir. Kollegiya bu hissədə də iddia tələbini qismən əsaslı hesab edir.
54. Belə ki, Mülki Prosessual Məcəllənin 458.1-ci maddəsində göstərilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
55. Baxılan iş üzrə kredit müqaviləsinin müddəti 2010-cu il tarixdə bitmiş, iddiaçı daha əvvəl 2015-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, ərizə baxılmamış saxlanılmış və bundan sonra 2023-cü il tarixdə iddiaçı yenidən məhkəməyə müraciət etmişdir və bu qədər uzun müddət ərzində illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün faiz borcunu tələb edir, belə olan halda Kollegiya qeyd edir ki, borclunun icra etməməsi nəticəsində dəyən zərərin miqdarının artmasına kreditor qəsdən (yaxud ehtiyatsızlıqdan) şərait yaradaraq, ağlabatan tədbirlər görmədiyinə görə borclunun məsuliyyəti azaldılmalı və gecikdirilmiş vaxt üçün faiz borcu 3 il müddət üçün hesablanaraq tutulmalıdır.
56. Odur ki, 3 il müddəti üçün illik 5 faiz hesablanmaqla 428 manat (2820x5%/360x1095 gün) məbləğində pul cavabdehdən tutulmalıdır.
57. Bundan başqa bildirişdə cavabdehdən cərimə borcu tələb edilməmişdir, ona görə hazırda tələb edilən cərimə borcu əsassızdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-470/2024 nömrəli iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 2820 manat əsas borc, 745 manat faiz borcu və illik 5% hesablanmaqla 428 manat olmaqla, cəmi 3993 manat məbləğində pul vəsaiti iddiaçı LPO QSC “Bank Standard” KB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.