Məhkəmə qərarları › İş №2(103)-4435/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4435/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4435/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, e-2(004)-1408/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 262500 (iki yüz altmış iki min beş yüz) manat məbləğində borcun, 555 (beş yüz əlli beş) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli e- 2(004)1408/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, e-2(004)-1408/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qərardaddan şikayət verərə, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2(004)- 1408/2022 saylı qərardadı ilə şikayət rədd edilməsi və şikayətin mülki işlə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət etməklə və apellyasiya şikayətinin forma və məzmunu barədə MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada verilməmiş, elektron qaydada verilmiş apellyasiya şikayətində şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adı göstərilməmiş, apellyasiya şikayətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanması qeyd olunmuşdur. Bundan əlavə, apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi apelyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş formaya və məzmuna uyğun şəkildə tərtib edilmədiyindən apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş konkret forma və məzmuna uyğun olmamışdır. Həmçinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, e-2(004)-1408/2022 saylı qərardadından şikayət verməklə yanaşı qətnamədən yenidən apellyasiya şikayəti verilmiş, bu dəfə də apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh sonradan verdiyi apellyasiya şikayətində şikayətin verildiyi məhkəməninin adını göstərmiş, həmçinin ünvanı barədə qeydlər etmişdir, lakin məhkəmə aktının hansı hissədə mübahisələndirdiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutları göstərməyərək, qanunla müəyyən edilmiş məzmuna riayət etməyərək, apellyasiya şikayətini müəyyən edilmiş formaya uyğun tərtib etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 361, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, e-2(004)- 1408/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar