Məhkəmə qərarları › İş №2(103)-4436/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4436/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4436/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Yalçin qızının Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-524/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Yalçin qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 2(002)-524/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Mülki iş üzrə cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-524/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3, 114.1.6, 130.3, 133.1, 133.5, 133.3, 360, 363.4, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisələndirilən qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə müvafiq məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən müvafiq məhkəmə qətnaməsindən verilmiş apelyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə göndərilmişdir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı müvafiq məhkəmə qətnaməsini rəsmi qaydada təhvil aldığı gündən 1 ay müddətində apelyasiya şikayəti vermək hüququna malik olduğu halda, onun tərəfindən həmin prosessual müddət ötürülmüşdür. Həmçinin, iddiaçı tərəfindən həmin prosessual müddət üzrlü səbəbdən ötürüldüyü halda, həmin müddətin bərpasına dair heç bir vəsatət və həmin hallara dair heç bir sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müvafiq şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehin nümayəndəsi Vəkil2 geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh şikayət vermiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin2(002)-524/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib apellyasiya şikayətinin müvafiq apellyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 50, 357.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəf dedikdə cavabdehin özü nəzərdə tutulur, onun vəkili və nümayəndəsi yox. Birinci instansiya məhkəməsinin mövqeyindən belə bir nəticəyə gəlmək olar ki, cavabdeh bir müddət sonra yeni nümayəndəsi və vəkili vasitəsilə qətnaməni rəsmi qaydada alıb, qətnamədən apellyasiya şikayəti verə bilər. Mülki prosessual qanunvericiliyin tələblərindən görünür ki, apellyasiya şikayəti vermək tərəfin hüququdur. Onun nümayəndəsi və vəkili onun tapşırığı əsasında onun hüquqlarından istifadə edə bilər. Belə ki, MPM-in 68.3-cü maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Bu normanın tələbindən də göründüyü kimi vəkil özbaşına məhkəmə aktından şikayət verə bilməz. Bu, yalnızca tapşırıq ilə vəkalət əsasında olur. Həmçinin, vəkilin tərəfin nümayəndəsi kimi apellyasiya şikayətini imzalaması apellyasiya şikayətinin vəkil tərəfindən verilməsi mənasını özündə əks etdirmir. Bundan başqa, vəkilin apellyasiya şikayəti verə bilməsi üçün müvafiq apellyasiya məhkəməsi üçün verilmiş vəkil orderi olmalıdır. Bu vəkil orderinin verilməsi əsası tərəflə vəkil arasında bağlanan müqavilədir. Yəni, tərəf vəkillə yeni bir müqavilə bağlamadan vəkil tərəfin adından apellyasiya şikayəti verə bilməz. Həmçinin, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxs qismində cavabdeh qeyd edilmiş, müvafiq dövlət rüsumu cavabdeh tərəfindən ödənilmiş, yalnızca apellyasiya şikayəti verilmiş etibarnamə və order əsasında vəkil tərəfindən elektron qaydada imzalanmışdır. 1-ci instansiya məhkəməsi mülki iş üzrə əhəmiyyətli olan halları müəyyən etməmişdir. Qəbul edilmiş qərardad 1-ci instansiya məhkəməsi tərəfindən düzgün əsaslandırılmamış qərardaddır. Qərardaddan da göründüyü kimi 1-ci instansiya məhkəməsi ərizə üzrə tamamilə başqa və həm də yanlış nəticələr çıxarmışdır. Belə ki, 1-ci instansiya məhkəməsinin qərardadında da göstərilən normalar əsas kimi götürülsə də, həmin normaların məzmununa uyğun qərardad qəbul edilməmiş, bununla da cavabdehin hüquqları pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-524/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin tələblərinə əsasən: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Vəkil2 cavabdehin vəkili və nümayəndəsidir, Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd edilməlidir ki, cavabdehin vəkil nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilən zaman qüvvədə olan etibarnamə və birinci instansiya məhkəməsində hüquqi yardımla bağlı vəkil orderi mövcud olmuşdur. Mülki Prosessual Məcəllənin 75.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. 75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Şikayətdə nümayəndənin tərəf olmadığı və məsuliyyət daşımaması dəlilinə münasibətdə çöx təəssüflə qeyd edilməlidir ki, müxtəlif vasitələrlə hüquqdan sui-istifadə edərək şikayəti əsaslandırmağa edilən cəhdlər, bunu məqsədli şəkildə məhkəmə qərarının icrasından yayınmaya (onun icasının uzadılmasına) yönəlik hərəkətlər məsuliyyətə səbəb olan haldır. Hazırki halda cavabdehin nümayəndəsi peşəkar təsisatın üzvü olaraq vəkil qismində müvəkkil edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsində ixtisaslı yardım göstərmək vəzifəsinə sahibdir. Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: Maddə 3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələbinə əsasən cavabdeh müvafiq məhkəmə qətnaməsini rəsmi qaydada təhvil aldığı gündən 1 ay müddətində apellyasiya şikayəti vermək hüququna malik olduğu halda, onun tərəfindən həmin prosessual müddət ötürülmüşdür. Həmçinin, cavabdeh tərəfindən həmin prosessual müddət üzrlü səbəbdən ötürüldüyü halda, həmin müddətin bərpasına dair heç bir vəsatət və həmin hallara dair heç bir sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-524/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar