Məhkəmə qərarları › İş №2(103)-4438/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4438/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4438/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(006)-2002/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsinə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus “Şkoda Fabia” markalı, 90MK781 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərlərə görə 2050 manat maddi zərər əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı1 ödənilməsi və vurulmuş mənəvi zərərlərə görə də 5000 manat olaraq dəyərləndirdikləri mənəvi zərər əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(006)- 2002/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçılar tərəfdən şikayət verilmiş və məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi mübahisələndirilən qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş və qərardadın “qərara aldı” hissəsində də göstərilmişdir ki, “Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.” İddiaçılar şikayət verərək, qərardadın ləğv edilməsini, iddiaya işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişlər, göstərilmişdir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaların keçirilməsinə zərurət yoxdur. Hazırki halda xüsusi bilik tələb olunan sual yoxdur. Göründüyü kimi iddiaçılar tərəfindən verilmiş şikayətdə qərardad iş üzrə icraatın dayandırılması hissəsində yox, ekspertiza təyin edilməsinə aid hissədə mübahisələndirilmişdir, qanunvericiliyin tələbinə görə isə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi verilmiş şikayəti geri qaytarmalı olduğu halda, həmin şikayətə baxaraq təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(006)-2002/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(006)- 2002/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar