Məhkəmə qərarları › İş №2(103)-4441/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4441/2020

13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4441/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X9, Cavabdeh Tahir oğlunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Tahir oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1487/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 3735 avro məbləğində (Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla) vurulmuş zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə iddiaçı İtaliya Respublikasının Milan şəhərində “Principe di Savoia” otelində yerləşən “Stefano Ricci” sərgi salonundan qiyməti 592 avro olan ipək köynək, qiyməti 2187 avro olan jaket və 956 avro qiyməti olan şalvarı almışdır. Daha sonra 2017-ci ilin dekabr ayında ona məxsus ipək köynəyi, jaket və şalvarı təmizləmək üçün “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə vermişdir. Təyin olunmuş vaxtda həmin paltarları götürdükdən sonra məlum olmuşdur ki, paltarlar məhz kimyəvi təmizləmədən sonra korlanmışdır. Halbuki paltarlar kimyəvi təmizləməyə verilən zaman hər hansı qüsuru olmamışdır. 2018-ci ilin mart ayında iddiaçı İtaliya Respublikasının Milan şəhərində olmuş və həmin paltarları özü ilə götürmüşdür. Milan şəhərində “Principe di Savoia” otelində yerləşən “Stefano Ricci” sərgi salonunda paltarları göstərərək həmin qüsurların aradan qaldırılmasını xahiş etmişdir. “Stefano Ricci” sərgi salonunda həmin paltarlara baxdıqdan sonra ona bildirmişlər ki, ipək köynək, jaket və şalvar kimyəvi təmizləməyə verilib, orada düzgün xidmət göstərilməyib və ona görə də paltarlar korlanmışdır. Hal-hazırda bu paltarları geyinmək mümkün deyil. “Eqoist” kimyəvi təmizləmə məntəqəsi tərəfindən göstərilən xidmətin qüsuru nəticəsində iddiaçıya zərər vurulmuşdur. Zərərin aradan qaldırılması üçün xx.xx.2018-ci il tarixində “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə iddiaçı tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin cavab gəlmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1487/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq 3381,93 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə iddiaçı 2017-ci ildə İtaliyanın Milan şəhərindən ümumi dəyəri 3735 Avro məbləğində köynək, jaket və şalvar aldığını sübut etməlidir. Həmin malların Azərbaycan Respublikasına idxal edilən zaman gömrük rəsmiləşdirilməsi aparılmasını və gömrük ödənişinin həyata keçirilməsini təsdiq edən sənədlər mövcud deyildir. “Stefano Ricci” sərgi salonu tərəfindən verilmiş sənəddə geyim əşyalarının 2017-ci ildə deyil, xx xxxx 2015-ci ildə alındığı qeydi əllə yazılmışdır. İddiaçı həmin geyim əşyalarının cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsinə verildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, 2015-ci ildə alınmış həmin əşyaların 2017-ci ilin dekabr ayına kimi, yəni 3 il ərzində bir dəfə də olsun yuyulmaması inandırıcı deyildir. Həmin geyim əşyalarının üzərinə ləkə məhz iddiaçının özü tərəfindən salınmışdır ki, bu hal iddia ərizəsində də göstərilmişdir. Bu isə geyim əşyalarının artıq iddiaçının özü tərəfindən korlandığını birbaşa təsdiq edir. Bundan əlavə, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməmiş və onların iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ağalar Quliyev apelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. A.Quliyev izahatında həmçinin bildirdi ki, iddiaçının qeyd etdiyi geyim əşyaları ümumiyyətlə onun təmsil etdiyi şəxsə məxsus paltar təmizləmə məntəqəsinə verilməmiş, həmin geyim əşyalarının “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə verilməsinə dair hər hansı bir sübut da iş materiallarına əlavə olunmamışdır. Hesab edir ki, iddiaçının sürücüsü tərəfindən əşyalar korlanmış, məsuliyyəti isə kimyəvi təmizləmə məntəqəsinin üzərinə qoymuşdur. “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə qüsuru aradan qaldırıla bilməyən paltarlar ümumiyyətlə qəbul olunmur. Həmin kimyəvi təmizləmə məntəqəsində təmizlənmək üçün qəbul olunan paltarlar qeydiyyat kitabında qeyd olunur. Həmin kitabda bu paltarların kimyəvi təmizləməyə qəbul olunması ümumiyyətlə qeyd olunmamışdır. Bundan əlavə, istər iddiaçı, istərsə də onun sürücüsü hal-hazırkı günə qədər də “Eqoist” kimyəvi təmizləmə məntəqəsi ilə əməkdaşlıq edir, öz paltarlarını təmizləmək üçün həmin kimyəvi təmizləmə məntəqəsinə verirlər. Hesab edir ki, iddiaçıya məxsus paltarların korlanmasında cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsinin təqsiri sübuta yetirilmədiyinə görə apelyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Emin Hacıyev apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1487/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən “Eqoist” kimyəvi təmizləmə məntəqəsinin rəhbərliyinə ipək köynək, jaket və şalvarın korlanması üçün ona dəymiş 7796 manat zərərin 10 gün müddətində ödənilməsi təklif edilmişdir və məktubun xx.xx.2018-ci il tarixdə çatdırılması barədə “xxxxxxxx” MMC-nin qəbzi əlavə edilmişdir. İş materiallarında olan X13 c|o X18 Savio P/ZZA Della Respublica, 17 20124 Milano tərəfindən təsdiq edilmiş sənədin surətindən görünür ki, İddiaçı 592 avro dəyərində ipək köynək, 2187 avro dəyərində jaket, 956 avro dəyərində şalvarı X16 Store c/o Hotel Principe di Savio-dan almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, həmin tarixə olan vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh (VÖEN **********) xx.xx.2016-cı il tarixdən vergi uçotunda olması, hüquqi ünvanının “AZ1149, ünvan 1 məhəllə 2347 mənzil 38” olması və faktiki olaraq ünvan 2 ünvanında “Eqoist” kimyəvi təmizləmə adlı təsərrüfat subyektində (obyektində) (KOD: **********-13001) fəaliyyət göstərməsi barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə iqtisad ekspertizasının xx.xx.2019-cu il tarixli 24620/21 saylı birgə rəyindən görünür ki, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan ağ rəngli ipək köynək hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə - 1010 manat, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli köynək hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə - 3735 manat, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvar hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdədir, istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə - 1633 manatdır. 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan ağ rəngli köynəyin, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli köynəyin və 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvarın səthləri üzərində kənar təsirlər nəticəsində (yuma, qurudulma, ütüləmə və s.) lif mikrostrukturunda qırışıqların, süzülmələrin, liflərin xaricə doğru liflənməsi, sürtünmələrin olması müşahidə edilmiş, geyim əşyalarının tərkibini təşkil edən təbii mənşəli liflər-kaşmir, ipək lifləri turşulara, qələvilərə və üzvi həlledicilərə qarşı və həmçinin yüksək temperatura, istiliyə qarşı davamsızdırlar. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində parçanı təşkil edən lifin strukturu deformasiyaya uğrayaraq, paltarın keyfiyyətini aşağı salması və ümümi görünüşünü korlaması, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan ağ rəngli köynəyin, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli köynəyin və 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvarın xarici görünüşü sadalanan əlamətləri daşıması müəyyən edilmişdir. İş üzrə materialların məhkəmə ekspertizası üzrə rəy verən ekspert Elvin Qəhrəmanov məhkəmə iclasında dindirilmiş və izahatında göstərmişdir ki, ekspert rəyinin nəticə hissəsində 1-ci sual üzrə verilən cavabın üçüncü, yəni “1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvar hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdədir, istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə - 1633 manat” yazılmasına dair hissəsində texniki səhvə yol verilərək geyim əşyasının “istifadəyə yararsız” olması yazılması əvəzinə “istifadəyə yararlı” olması qeyd olunmuşdur. Göstərilən yalnışlıq düzəldilməli və məhkəmə tərəfindən ekspert rəyinə qiymət verilərkən, “istifadəyə yararsız” kimi qəbul edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı “Stefano Ricci” sərgi salonundan aldığı 1 ədəd ağ ipək köynək, 1 ədəd göy jaket və 1 ədəd göy şalvarı kimyəvi təmizləmə məqsədi ilə Cavabdeh məxsus “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə vermiş, iddiaçı sonradan kimyəvi təmizləmə üçün verdiyi geyimləri geri aldıqda onlarda qüsurların olduğunu görmüşdür. İş üzrə göstərilən 1 ədəd ağ ipək köynək, 1 ədəd göy jaket və 1 ədəd göy şalvarda olan qüsurların həmin geyimlərin “Eqoist” kimyəvi təmizləmə mərkəzində yuyulması nəticəsində baş verib-verməməsinin müəyyən olunması üçün keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, həmin geyimlərin səthləri üzərində kənar təsirlər, yəni yuma, qurudulma, ütüləmə və s. nəticəsində lif mikrostrukturunda qırışıqlıqların, süzülmələrin, liflərin xaricə doğru liflənməsi, sürtünmələrin olması müşahidə olunur, həmin geyim əşyaları istifadəyə yararsız vəziyyətdədirlər. Apelyasiya icraatı zamanı iddiaçının nümayəndəsi X9 vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, 2016-cı ildən iddiaçı Qulu Quluyevin sürücüsü işləyir. Onun əsl adı Əlican olsa da, onu Babək kimi tanıyırlar. O və iddiaçı həmişə paltarlarını Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq,14 ünvanında yerləşən “Eqoist” kimyəvi təmizləmə məntəqəsində təmizlətmişdir. Həmin məntəqə geyim əşyalarını keyfiyyətlə təmizlədiyinə görə onların daimi müştəriləridir. Qulu Quluyev özü də dəfələrlə həmin məntəqədə olmuşdur. Çünki qiyməti baha olan geyim əşyalarını təmizlətdirərkən məntəqənin işçilərinə məlumat verməsi üçün özü də oraya gedirdi. Təxminən üç il bundan qabaq İddiaçı məxsus 1 ədəd ağ ipək köynəyi, 1 ədəd göy jaketi və 1 ədəd göy şalvarı üzərindəki ləkələrin təmizlənməsi üçün həmin məntəqəyə vermiş və malların qəbulunu aparan Gülya adlı işçi həmin geyim əşyalarını kitabda qeydiyyata almışdır. Bu barədə ona qəbz verilsə də, həmin qəbzi saxlamamışdır. Əşyaları götürüb İddiaçı verəndən sonra paltarlarda silinməz ləkələrin əmələ gəldiyini və paltarların yararsız hala düşdüyünü görmüşlər. Kimyəvi təmizləmə məntəqəsi isə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. İddiaçı həmin kimyəvi təmizləmə məntəqəsinə gəlib iradını bildirsə də, nəticəsi olmamışdır. Bundan sonra Qulu müəllim həmin paltarları özü ilə götürüb İtaliyaya aparmış, orada da bildirmişlər ki, paltarlar kimyəvi təmizləmə zamanı düzgün qulluq göstərilməməsi nəticəsində yararsız vəziyyətə düşmüşdür. Buna baxmayaraq, həmin məntəqə adətən keyfiyyətli kimyəvi təmizləmə apardığına görə onlar hal-hazırda da həmin təmizləmə məntəqəsinə geyim əşyalarını təmizlənmək üçün təqdim edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsinə təmizləmə üçün gətirilən əşyaları qəbul etməklə qeydiyyat jurnalında qeydiyyatını aparır. Əgər paltarlarda əsaslı və aradan qaldırılması mümkün olmayan qüsur varsa, o həmin paltarları təmizləmə üçün qəbul etmir. O, iddiaçını yalnız 2017-ci ilin noyabr ayında öz etirazını bildirməyə gələn zaman görmüşdür. Q.Quluyevə məxsus 1 ədəd ağ ipək köynəyi, 1 ədəd göy köynəyi və 1 ədəd göy şalvarı onun sürücüsü təmizlənməsi üçün gətirmişdir. O, geyim əşyalarına baxan zaman onların üzərində ləkələrin olduğunu görüb həmin ləkələrin təmizlənməsini onların işçilərinin bacarmayacağını bildirmiş və geri qaytarmışdır. Onun işlədiyi təmizləmə şirkəti həmin əşyaları heç vaxt yararsız vəziyyətə salmamışdır. Qulu Quluyev may ayında da özünə məxsus olan paltarları “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə gətirən zaman görmüşdür. Babək kimi tanıdığı İddiaçı sürücüsü dəfələrlə həm özünə məxsus, həm də İddiaçı məxsus paltarları kimyəvi təmizləmə üçün onun işlədiyi kimyəvi təmizləmə məntəqəsinə gətirmişdir. Hansı paltarların Babəkə, hansı paltarların isə Qulu müəllimə məxsus olması barədə kitabda öz xətti ilə qeydlər etmişdir. Təqdim etdikləri qeydiyyat jurnalındakı yazıların ona məxsus olduğunu etiraf edir, lakin kitabda qeyd edilən 2017-ci ilin noyabr ayında təhvil alınmış 1 ədəd köynək, 1 ədəd şalvar və 1 ədəd jaketin iddiaçıya və yaxud onun sürücüsünə məxsus olduğunu xatırlamır. Cavabdehin nümayəndəsi Ağalar Quliyevin baxış keçirilməsi üçün məhkəmə kollegiyasına təqdim etdiyi “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə təmizləmə üçün qəbul olunan paltar və əşyaların qeydiyyat jurnalına tərəflərin nümayəndələrinin və dindirilmiş şahidlərin iştirakı ilə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə Babək adlı şəxs tərəfindən tenniska, şalvar, köynək və kurtka təmizləmə üçün həmin məntəqəyə təhvil verilmiş, qeydiyyat kitabında kurtkanın Babəkə məxsus olması qeyd olunmuşdur. Baxış zamanı iştirak edən şahid X1 həmin yazıların ona məxsus olmasını etiraf etmiş, lakin bu paltarların kimyəvi təmizləməyə qəbul olunmasını xatırlamadığını bildirmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Yenə həmin Məcəllənin 1130.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məxsus “Eqoist” kimyəvi təmizləmə məntəqəsi tərəfindən göstərilən qüsurlu xidmət nəticəsində iddiaçıya məxsus geyim əşyaları istifadəyə yararsız vəziyyətə salınmış və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Qüsurlu xidmət göstərilməsi nəticəsində isə fiziki şəxslərin əmlakına vurulmuş zərərin əvəzi işi və ya xidməti göstərən, yəni icraçı tərəfindən ödənilməli olduğundan, “Eqoist” kimyəvi təmizləmə məntəqəsi isə cavabdehə məxsus olmaqla, vergi ödəyicisi kimi Cavabdeh adına qeydiyyatdan keçdiyindən, iddiaçıya dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür. İddiaçıya məxsus paltarların kimyəvi təmizləmə üçün cavabdehə məxsus “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə verilməsi və orada qüsurlu xidmət nəticəsində yararsız vəziyyətə salınması şahid ifadələri, qeydiyyat kitabına keçirilmiş baxış, ekspert rəyi və digər sənədlərlə sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı Qulu Quluyev vurulmuş zərərin əvəzinin ödənilməsi üçün xx.xx.2018-ci il tarixdə “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə pretenziya məktubu göndərsə də, həmin məktuba heç bir cavab verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir : Cavabdeh apelyasiya şikayətində iddiaçının 2017-ci ildə İtaliyanın Milan şəhərindən ümumi dəyəri 3735 avro olan köynək, jaket və şalvar aldığını və bu geyim əşyalarını Azərbaycan Respublikasına gətirdiyini sübut edə bilmədiyini, iş materiallarında həmin geyim əşyalarının 2017-ci ildə Azərbaycan Respublikasına idxal edilən zaman gömrük rəsmiləşdirilməsi aparılmasını və gömrük ödənişi həyata keçirilməsini təsdiq edən sənədlərin mövcud olmadığını, iddia ərizəsində paltarların 2017-ci ildə İtaliyadan alındığı qeyd olunsa da, iddiaçının təqdim etdiyi sənəddə geyim əşyalarının xx xxxx 2015-ci ildə alındığının qeyd olunmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın həlli baxımından iddiaçıya məxsus paltarların hansı ölkədən (İtaliyadan, yoxsa başqa ölkədən) və nə vaxt (2015-ci ildə, yoxsa 2017-ci ildə) alınmasının əhəmiyyəti yoxdur. Burada aydınlaşdırılmalı olan əsas məsələlərdən biri həmin geyim əşyalarının iddiaçıya məxsus olmasıdır ki, iddiaçı və onun sürücüsü olan şahid geyim əşyalarının iddiaçıya məxsus olmasını bildirmiş, cavabdeh isə paltarların iddiaçıya məxsus olmasını mübahisələndirməmişdir. Apelyasiya şikayətinin digər dəlili iş materiallarında geyim əşyalarının cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsinə verildiyini təsdiq edən heç bir sübutun mövcud olmaması, cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsində həmin geyim əşyalarının korlanmasının, iddiaçıya xidmətin məhz cavabdeh tərəfindən göstərilməsinin sübuta yetirilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus geyim əşyalarının cavabdehə məxsus kimyəvi təmizləmə məntəqəsinə təmizləmə üçün verilməsi iddiaçı tərəfin izahatından başqa, şahid X2 ifadəsi və “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə təmizləmə üçün verilən paltar və əşyaların qeydiyyat jurnalına keçirilmiş baxışla sübuta yetirilmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 da ifadəsində iddiaçını yalnız 2017-ci ilin noyabr ayında öz etirazını bildirməyə gələn zaman gördüyünü, iddiaçı Q.Quluyevə məxsus 1 ədəd ağ ipək köynəyi, 1 ədəd göy köynəyi və 1 ədəd göy şalvarı onun sürücüsü Babək adlı şəxsin təmizlənmə üçün məntəqəyə gətirdiyini, o, geyim əşyalarına baxan zaman onların üzərində ləkələrin olduğunu görüb həmin ləkələrin təmizlənməsini onların işçilərinin bacarmayacağını bildirdiyini və geri qaytardığını göstərmişdir. Halbuki, cavabdehin nümayəndəsi Ağalar Quliyev məhkəməyə verdiyi izahatında bu paltarların ümumiyyətlə təmizlənmə üçün “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə gətirilmədiyini bildirmişdir. Həmçinin qeyd olunmalıdır ki, “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə təmizlənmə üçün qəbul olunan paltar və əşyaların qeydiyyat jurnalına baxış keçirilməsi məhz cavabdehin nümayəndəsinin vəsatəti əsasında həyata keçirilmiş, cavabdehin nümayəndəsi həmin qeydiyyat jurnalını baxış keçirilməsi üçün məhkəmə kollegiyasına təqdim etmiş və iddiaçıya məxsus paltarların 2017-ci ilin noyabr-dekabr aylarında kimyəvi təmizlənmə üçün məntəqəyə təhvil verilmədiyini bildirmişdir. Halbuki, tərəflərin və məhkəmə iclasında dindirilmiş şahidlərin iştirakı ilə keçirilmiş baxış zamanı iddiaçıya məxsus qeyd olunan paltarların xx xxxxxx 2017ci il tarixdə kimyəvi təmizləmə üçün həmin məntəqəyə təhvil verilməsi təsdiq olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Qulu Quluyev vurulmuş zərərin əvəzinin ödənilməsi üçün xx.xx.2018-ci il tarixdə “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə pretenziya məktubu göndərsə də, həmin məktuba heç bir cavab verilməmişdir. Halbuki, paltarlar həmin məntəqəyə təhvil verilmədiyi halda, cavabdeh həmin pretenziya məktubuna reaksiya verib paltarların kimyəvi təmizləmə üçün onlara təhvil verilmədiyini və ya məntəqədə xidmət nəticəsində paltarlara ziyan dəyməməsini iddiaçıya bildirə bilərdi. İddiaçıya məxsus paltarların iddia ərizəsində göstərildiyi kimi 2017-ci ilin dekabr ayında yox, xx xxxxxx 2017-ci il tarixdə “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan da görünür ki, paltarların kimyəvi təmizləməyə verilməsini təsdiq edən sənəd iddiaçıda qalmadığına görə bu tarix təxmini göstərilmişdir. İddiaçı müntəzəm olaraq öz paltarlarını kimyəvi təmizləmə üçün “Eqoist” kimyəvi təmizləmə məntəqəsinə verdiyinə görə qeyd olunan tarixin dəqiq yadda saxlanılmaması ağlabatandır. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmişdir. Hətta cavabdehin vəkili X7 xx xxxxxx 2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1487/2020 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Tahir oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1487/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar