Məhkəmə qərarları › İş №2(103)-4441/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4441/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4441/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «faiz borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-86/2024 saylı, 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. 22 dekabr 2014-cü il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 95 ay müddətinə illik 14.00 % ödənilməsi şərti ilə 90000.00 manat məbləğində kredit verilmişdir.

2. Müqaviləyə edilmiş 09 iyun 2015-ci il tarixli 01 nömrəli və 08 may 2017-ci il tarixli 2 nömrəli əlavə razılaşmalardan görünür ki, 22 dekabr 2014-cü il tarixli 100802-0087/14 №-li İstehlak krediti müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilsin : "1.2. Kredit xx.xx.2017- ci il tarixinədək (bundan sonra "Kredit müddəti" adlandırılacaq) verilir." 2. Müqavilənin bu əlavə razılaşma ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalır. 3. Bu əlavə razılaşma imzalandığı andan qüvvəyə minir və 22 dekabr 2014-cü il tarixli 100802- 0087/14 №-li istehlak krediti müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi ona əlavə edilir

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2147.25 manat məbləğində əsas bоrc və 59056.09 manat faiz borcu оlmaqla, cəmi 61203.34 manat borcun və 274.01 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilib ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 95 ay müddətinə, illik 14.00% dərəcəsi ilə 90000.00 (doxsan min) manat məbləğində krеdit vеrilmişdir. 09 iyun 2015 il tarixində 22 dekabr 2014 il tariхli, 100802- 0087/14 nömrəli istehlak krеditi müqaviləsinə 01 nömrəli əlavə razılaşma bağlanaraq kredit müddəti dəyişmiş və xx.xx.2017-ci il tarixədək uzadılmışdır. 08 may 2017 il tarixində 22 dekabr 2014 il tariхli, 100802-0087/14 nömrəli istehlak krеditi müqaviləsinə 02 nömrəli əlavə razılaşma bağlanaraq kredit müddəti dəyişmiş və xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. 15 fevral 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2147.25 manat məbləğində əsas bоrc və 59056.09 manat faiz borcu оlmaqla, ümumilikdə 61203.34 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-86/2024 saylı, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin qismən təmin edilərək cavabdeh Məmmədov Emın Yaşar oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2147,25 manat əsas, 28814,27 manat faiz, ümumilikdə 30.961,52 manat (otuz min doqquz yüz altmış bir manat, əlli iki qəpik) borcun və 142,5 dövlət rüsumunun tutulması; iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 490 manatın 235 manatının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 255 manatın isə cavabdeh Məmmədov Emın Yaşar oğlundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh Məmmədov Emın Yaşar oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2147,25 AZN, müqavilə müddəti bitən tarixə faiz borcu 28814,27 AZN təşkil edir. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcun 2147,25 AZN və faiz borcunun 28814,27 AZN olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsini xahiş edilib bununla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bankın məhkəməyə təqdim etdiyi sübutlara əsasən kredit vəsaitinin borcluya təqdim edildiyi tarix, kredit müqaviləsi və ona edilmiş əlavə razılaşmalar, kredit ödənişləri barədə ətraflı məlumat və hesabdan çıxarış eskpertə təqdim edilsə də, keçirilmiş ilk 2 mühasibatlıq ekspertizası üzrə rəylərə əsasən iddiaçı 28 ay 16 gün müddətinə kredit müqaviləsi üzrə əldə etməli olduğu faiz gəlirlərindən məhrum edilmişdir. Sonuncu 3-cü dəfə keçirilmiş mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş rəydə isə keçirilmiş ilkin və təkrar ekspertizaların rəylərinə əks olaraq ekspert iş üzrə ödəniş cədvəli təqdim edilmədiyi üçün xx.xx.2017-xx.xx.2022 tarixləri aralığında faiz hesablamasının mümkün olmadığı qeyd etsə də, rəyə əlavə cədvəldən də müəyyən edilir ki, sonuncu keçirilmiş ekspertiza zamanı da hesablama xx.xx.2017xx.xx.2022 aralığında aparılmışdır. Nəticədə, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərində kredit üzrə faiz hesablaması ekspert tərəfindən aparılmamışdır. Məhkəmə tərəfindən bütün bu boşluqlar görülməsinə və ətraflı şəkildə məhkəməyə izah verilməsinə baxmayaraq məhkəmə ekspertin hesablama metodunun hansı əsaslarla aparıldığını müəyyən etmək əvəzinə “uydurma” rəyləri əsas götürmüşdür. Qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İndiki halda məhkəmə ekspert rəyində uyğunsuzluğu və ekspertin açıq-aşkar hesablamanı obyektiv aparmaqdan yayındığını görsə də, məsələ ilə bağlı heç bir qanuna uyğun tədbir görməmiş, əksinə qeyri-müəyyən səbəbdən yekunda özünün də razılaşmadığı ekspert rəyi ilə heç bir əsas gətirmədən “razılaşmağı” üstün tutmuş və nəticədə bankın iddiasını qismən təmin edərək bankı iş üzrə faiz gəlirlərindən əhəmiyyətli dərəcədə məhrum etmişidir. Məhkəmə qətnamədə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təgzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Halbuki, məhkəmə iddiaçının vəsatətini qəbul edərək iş üzrə iki dəfə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə bu addımları ilə ekspert rəyində müəyyən edilən halları təgzib etmiş, bu hallara zidd olan sübutlar müəyyən edildiyini təsdiq etmişdir. Bütün bunlara baxmayaraq əvvəlki ekspert rəyləri ilə eyni məbləğdə rəy verilmiş 3-cü ekspertizadan sonra məhkəmə tərəfindən qəbul edilməyən ekspert rəyləri heç bir əsas gətirilmədən mötəbər hesab edilmişdir. Keçirilmiş hər üç ekspertizanın rəyində dəyişiklik olmaması səbəbindən məhkəmə suallarına obyektiv cavab tapa bilməmiş və bu hala rəğmən məhkəmə tərəfindən ekspert rəyi əsas götürülərək işə obyektiv, qərəzsiz, tam baxılmadan və həmin sübutlara müvafiq qiymət verilmədən qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmənin hansı səbəbdən iş üzrə keçirilmiş ekspertizalardan ikisinin rəylərini qəbul etməməsi sonuncu 3-cü rəydə isə fikrini dəyişərək ekspertlə razılaşması özlüyündə müəmmalıdır və məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bunun nəticəsində iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçı ExpressBank" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın tam təmin edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın təmin edilməyən hissəsi üzrə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından o hissədə iddia haqlı sayılmır.

20. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırki iddiası təmin edilməyən hissədə əsaslı olmamışdır.

21. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən 3 dəfə istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi faiz borcu məbləğini deyil, hər üç ekspertiza rəyi ilə müəyyən edilmiş eyni faiz borcunu nəzərə alıb həmin hissədə iddianı qismən təmin etmişdir.

22. İddiaçının tələb etdiyi faiz borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər, hansı ki, birinci instansiya məhkəməsi də bu məqsədlə üç dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəylər almışdır. 23.Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin faiz borcunun yenidən hesablanması üçün dördüncü dəfə hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən alınmış rəylərin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Çünki təmin edilən faiz borcu müqavilə şərtlərinə uyğun və əsas borca kifayət qədər adekvat olmuşdur. 24.Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-86/2024 saylı, 21 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-86/2024 saylı, 21 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar