Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4447/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 688 manat məbləğində əsas, 92 manat məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 688 manat məbləğində əsas borc, 92 manat məbləğində cərimə borcu olmaqla, cəmi 780 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi müəyyən edilmişdir. Borclu Cavabdeh1 məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli qərardadı ilə qeyd olunan məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № e-2(011)-13/21) iddia qismən təmin olunaraq, 07.08.2014-cü il tarixli müqaviləyə görə 688 (altı yüz səksən səkkiz) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 718 (yeddi yüz on səkkiz) manat pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı MMC-nə ödənilməsi qət edilmiş, iddia qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı MMC ilə Cavabdeh1 arasında 07.08.2014-cü il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən kreditor tərəfindən cavabdehə 792,87 manat məbləğində kredit verilmişdir. Uzun müddət keçməsinə baxmayaraq borclu üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş və borc məbləğini kreditora qaytarmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsinin surəti ona göndərilməmişdir. Digər tərəfdən Xətai Rayon Məhkəməsi tərəfindən 22 fevral 2021-ci il tarixdə ona bildiriş təqdim olunub, həmin bildirişdə göstərilib ki, 16 fevral 2021-ci il tarixdə məhkəmə iclası keçiriləcək və yuxarıda qeyd edilən iddia ərizəsinə münasibət bildirməsi üçün yazılı izahat verilməsi təklif olunub. Həmin bildiriş iki il əvvəl vəfat etmiş hakimin imzası ilə təsdiq edilmişdir. Beləliklə, məlum olmuşdur ki, heç bir əsası olmadan qətnamə çıxarılıb. Bu isə onu sübut edir ki, saxta əmr və bildirişlə ondan qanunsuz tutulmalar həyata keçiriləcək. O, İ qrup Qarabağ müharibəsinin qazisidir və ona təyin edilmiş əmək pensiyasına göz dikilib. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə yalnız iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də hazırkı qətnamə yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh1 arasında 07.08.2014-cü il tarixdə 49107 saylı malın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən İphone 5S 16GB markalı mobil telefon ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmış və həmin müqavilədən görünür ki, ümumilikdə ödəniləcək məbləğ 792,87 manatdır, borclu 105 manat ilkin ödəniş etdikdən sonra, qalan 687,87 manat borcu hər ay 57,32 manat olmaqla, 12 ay ərzində hər ayın 7-nə qədər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının tələbi cavabdehdən 688 manat məbləğində əsas, 92 manat məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədədir. O, tələbinin faktiki əsasını təsdiq edən mötəbər sübutlar kimi alqı-satqı müqaviləsinin, ödəniş cədvəlinin, təhvil-təslim aktının və s. sənədlərin surətlərini, eləcə də maliyyə arayışını iddia ərizəsinə əlavə etmişdir. İddiaçı müqavilədəki xəttin və imzanın ona məxsusluğunu mübahisələndirdiyindən birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 17.11.2020-ci il tarixli 4/916 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 07.08.2014-cü il tarixli 49107 saylı malın nisyə alqı-satqı müqaviləsinin 3-cü vərəqəsində “10.Tərəflərin ünvanı və rekvizitləri” hissəsində “10.2. Alıcı imza” qrafasındakı imza və “Cavabdeh1” yazıları – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinə öz etiraz və mülahizələrini təqdim etmişdir, cavabdehin iddiaya etirazının əsas dəlili həbsdə olması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası 8 saylı CÇM tərəfindən verilmiş sorğuya cavab məktubundan məlum olur ki, Cavabdeh1 cəzasının əvvəli 28.12.2013-cü ildən başlamış, cəzasının sonu 28.12.2023-cü ildir. Məhkum Cavabdeh1 28.12.2013-cü il tarixdən 04.09.2014-cü il tarixədək hansı cəzaçəkmə müəssisəsində cəza çəkməsi, xüsusilə, 07.08.2014-cü il tarixdə harada olması barəsində şəxsi işində heç bir məlumat aşkar edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh1 barəsində 12.12.2014-cü il tarixli hökmündən görünür ki, həmin hökm çıxanadək Cavabdeh1 ev dustaqlığında olmuş və yalnız adı çəkilən hökmlə o, Cinayət Məcəlləsinin 178.3.2, 178.3.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cavabdeh1 həmin cinayət işi üzrə məhz 28.12.2013-cü il tarixdə tutulması və barəsində “ev dustaqlığı” qətimikan tədbiri seçilməsi nəzərə alınaraq hökm üzrə onun cəza çəkməsinin əvvəli 28.12.2013-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, 07.08.2014-cü il tarixdə Cavabdeh1 həbsdə olması, istintaq təcridxanasında, yaxud cəzaçəkmə müəssisəsində saxlanılması və bununla da notariat kontoruna gedib müqaviləni imzlamaq imkanından məhrum olması öz təsdiqini tapmamışdır. Digər tərəfdən, alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olması müvafiq məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini təsdiq olunmadığına görə əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Rəşad Həsənov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4447/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4447/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver