Məhkəmə qərarları › İş №2(103)-4449/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4449/2024

15.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4449/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4587/2024 saylı, 05 iyun 2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh oğluna qarşı istifadə olunan torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəyə cavabdehin yaratdığı maneənin aradan qaldırılması, onun hər hansı bir maneə yaratmağının müəyyən edilməsi və torpaqdan istifadə qaydasının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4587/2024 saylı, 05 iyun 2024cü il tarixli qərardadı ilə ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlaka dair mülkiyyət və ya qanuni sahib olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Ona görə də müstəsna aidiyyətlə bağlı qaydalar tətbiq edilə bilməz və hazırkı iddia ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Bu qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və şikayətində göstərib ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin hakim onun həmin qanunun tələblərinə tam əməl etdiyini nəzərə almamışdır. Prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticə çıxarmaq olar ki, sadalanan hallar hazırki iş üzrə iddia tələbinə Sabunçu Rayon Məhkəməsində mahiyyəti üzrə baxılması barədə kifayət qədər əsaslar vardır, belə olduğu halda birinci instansiya məhkəməsi prosessual qanunu səhv təfsir edib iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4587/2024 saylı, 21 iyun 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçı tərəfindən həm MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən tərtib edildiyinə, həm də mübahisəli daşınmaz əmlaka dair mülkiyyət və ya qanuni sahib olmasını təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən, müstəsna aidiyyətlə bağlı qaydalar tətbiq edilə bilməzliyinə istinad etmişdir. Ancaq həm birinci, həm də şikayətin təmin edilməməsinə dair ikinci qərardadda məhkəmənin mövqeyi yalnız daşınmaz əmlaka dair mülkiyyət və ya qanuni sahib olmasını təsdiq edən hər hansı sənəd əlavə edilmədiyinə görə müstəsna aidiyyət qaydalarının tətbiq edilə bilməməsi ilə bağlı olub. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinin necə və hansı hissələrdən ibarət olması bəllidir və bu cür iddia tələbinin irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin yekun hissəsi torpaq və üzərində yerləşən fərdi yaşayış evinin istifadə edilməsinə cavabdehin yaratdığı maneənin aradan qaldırılması və maneənin qadağan edilməsi torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi mövqeyini qərardadda göstərib və nəyə görə bu qənaətə gəldiyini də əsaslandırıb. Ancaq iddiaçı bununla razılaşmır və şikayətində bunun səbəblərini göstərir. Məhkəmə tərkibi mahiyyət etibarı ilə şikayətlə razılaşır və hesab edir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququ yaxud qanuni sahib olmasını təsdiq edən hər hansı sənədin olmaması və ya olsa da iddia ərizəsinə əlavə edilməməsi iddia ərizəsinin müstəsna aidiyyət qaydalarına uyğun icraata qəbul olunmasına və mahiyyəti üzrə baxılmasına maneə ola bilməz. Çünki iddia hər bir halda daşınmaz əşya ilə bağlıdır və o da Sabunçu rayonu ərazisində yerləşir. Demək ki, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan şərtlər olduqda, baxmayaraq ki, məhkəmə bunu inkar etmir, daşınmaz əşyaya dair hüquq müəyyən edici sənədin olub-olmamasından asılı olmayaraq mülki işə müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Çünki mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehin qeydiyyat ünvanının əhəmiyyəti yoxdur. Tutaq ki, müstəsna aidiyyət qaydaları tətbiq olunmur, ancaq hazırki iddia üzrə cavabdehin qeydə alındığı yer Qazax rayonu ərazisindədir, onda iddia ərazi aidiyyəti qaydalarına görə Qazax Rayon Məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Qazax Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı torpaq və tikinti sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində yaxud digər şəhər və rayonlarda fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin apardığı tədqiqatla əlaqədar məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin qeydə alındığı üvanının olduğu, Qazax Rayon Məhkəməsinin hakiminin Bakı şəhəri Sabunçu rayonu ərazisinə gəlməsində, Bakı şəhərində yaxud digər rayon və şəhərlərdə fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin isə Qazax Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etməyəcək və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzanacaq ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4587/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4587/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar