Məhkəmə qərarları › İş №2(103)-4455/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4455/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4455/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı1, Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borc verilmiş pulun məcburi alınması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-26/2022 saylı, 08 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 ABŞ dolları borc verilmiş pulun və 30 manat dövlət rüsumunun məcburi alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıların mərhum atası X5 2018-ci ildə notarial qaydada təsdiqlənən müqavilələrlə iki dəfə borc almışdır. 26 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda rəsmiləşdirilmiş, reyestrdə 3M- 763 nömrə ilə qeydə alınmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh iddiaçıların mərhum atası X5 26 aprel 2018-ci il tarixdə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc almışdır. 22 iyun 2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş, reyestrdə 3M-1254 nömrə ilə qeydə alınmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh iddiaçıların mərhum atası X5 22 dekabr 2018-ci il tarixdə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc almışdır. Lakin cavabdeh notarial qaydada iddiaçıların mərhum atası ilə müqavilələr bağlayıb öhdəlik götürməsinə baxmayaraq həmin borclarını, yəni cəmi 30.000 ABŞ dolları pulu qaytarmamışdır. X10 09 oktyabr 2018-ci ildə vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisindən verilmiş 31 may 2019-cu il tarixli, 316 saylı rəsmi arayışa əsasən X7 vəfatı ilə əlaqədar vərəsəlik açılmış və 23 yanvar 2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında İddiaçı1 və İddiaçı2 müvafiq şəhadətnamə verilmişdir. Onlar dəfələrlə tələb etsələr də, cavabdeh borcunu ödəməkdən yayınır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-26/2022 saylı, 08 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-26/2022 saylı, 16 may 2022-ci il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-26/2022 saylı, 08 aprel 2022-ci il tarixli qətnaməsinin 2-ci səhifəsində şahid X1 ifadəsində “Sonrakı gün Rüstəm gəlmiş, notariusda görüşmüşlər. O, Eminə 10.000 dollar vermişdir” kimi yazılmış ifadə “İddiaçı1 Cavabdehla birlikdə “Mercedes E Class” avtomobili satılması üçün onun yanına gətirdiyini və bir-iki gün ərzində avtomobili 11.000 ABŞ dollarına satıb, ondan 10.000 ABŞ dolları məbləğində pul İddiaçı1 verdiyini bildirmişdir” kimi oxunması və ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi X10 ilə Cavabdeh arasında 26 yanvar 2018-ci il tarixdə 3 ay müddətinə yəni 26 aprel 2018-ci il tarixinədək bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 10.000 ABŞ dolları verilməsi nəzərdə tutulsa da, lakin həmin məbləğ verilməmişdir. Yəni notariat orqanının depozit hesabına həmin məbləğ köçürdülməmişdir. Müqavilədə birbaşa qeyd olunmuşdur ki, ödəniş borc verənə ödənilməlidir. Bundan sonra yəni xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda yeni kredit müqaviləsi bağlanaraq, Cavabdeh 20000 ABŞ dolları verilməsi nəzərdə tutulmuşdur. Hər iki müqavilə tərəfindən mübahisələndirilmişdir. Belə ki, tərəflər arasında bağlanmış bu iki kredit müqaviləsi formal əsaslara bağlanmışdır. Həmin pul məbləği notariat orqanında hesaba daxil olmadan bağlanmış və pul ümumiyyətlə olmamışdır. Tərəflər arasında işgüzar nüfuza əsaslanan müqavilə olmuşdur. Cavabdeh avtomobil alıb Azərbaycan Respublikasına gətirib onun satışı ilə məşğul olur. X14 Yaquboçiv də Cavabdehla şərikli olaraq pul qoyaraq Azərbaycan Respublikasına “Mercedes Vito” markalı avtomobilləri gətirmiş və onlar burda satıldıqdan sonra hər bir şəxs öz qoyduqları pulu götürdükdən sonra qalan qazancları bölmüşlər. Əgər belə bir hal olmasa idi, ilkin olaraq xx.xx.2018-ci il tarixdə 3 aylıq kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməsə idi, növbəti xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmazdı. Lakin birinci instansiya məhkəməsi həmin hissələri tam araşdırmadan, təqdim edilən sübutları, şahid ifadələrini araşdırmadan, yalnız tərəflər arasında mövcud olan formal kredit müqaviləsinə əsaslanaraq, iş üzrə yekun qətnamə qəbul etmişdir. Bu iş araşdırılarkən məlum olur ki, kredit müqaviləsini bağlayan borc verən xx.xx.2018-ci il tarixdə X10 vəfat etmişdir. Onun ölümündən iki il sonra yəni xx.xx.2020-ci il tarixdə hüquqi varisləri Cavabdeh qarşı belə bir əsassız iddia ilə müraciət etmişlər. Həmin kredit müqaviləsi bağlanarkən ümumiyyətlə pul verilməmişdir. Bununla bağlı dəfələrlə məhkəmə qarşısında vəsatət qaldırılsa da, məhkəmə bununla bağlı notariat orqanına sorğu verməmiş, işi qərəzli olaraq yekunlaşdırmışdır. Cavabdeh həmin müqavilənin məhz avtomobilin gətirilməsi ilə bağlı olduğunu bildiyindən, avtomobili gətirdiyindən müqavilə üzrə öhdəliyinin yerinə yetirdiyini başa düşmüşdür. Çünki müqavilələrdən dərhal sonra o, sərhədi keçərək BƏƏ-nə getmişdir. Ordan avtomobili gətirmiş, satmış və pullarını da bölmüşlər. Məhkəmə təqdim olunmuş şahidlərə, təqdim olunmuş etibarnamələrə və daxili inama yəni ilkin olaraq 3 aylıq müddətinə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə inanmırdısa, o zaman ikinci kredit müqaviləsinin tərəflər arasında bağalanma ehtimalının olmamasını və müqavilə üzrə tərəflərin hər hansı icra qeydinin verilib verilməməsini aydınlaşdırmadan, onların arasında olan etibarnamələrin və etibarnamələrin də məqsədinin məhz xarici ölkələrdən avtomobillərin gətirilib onların üzərində sərəncam verilməsi ilə bağlı olduğunu araşdırmadan iş üzrə yekun qətnamə qəbul etmişdir. Bundan başqa hazırkı müqavilərdən də görünür ki, həmin öhdəlik birbaşa kreditora ödənilməlidir və onun ölümü ilə hazırki müqavilələr xitam verilməlidir. Odur ki, hazırki mübahisə üzrə notariat orqanında pul verilmədiyindən, əgər pulun verilməsi müəyyən olsaydı belə pulun verilməsi birbaşa borc verənə qaytarılmalı olduğundan, onun ölümü ilə öhdəliyə xitam verilməsinə əsaslanaraq iddia tələbi rədd edilməli idi. Eyni zamanda cavabdeh və onun vəkili məhkəmə iclasında iştirak etsə də, məhkəmə Azərbaycan Respublikası 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, bağlanmış kredit müqavilələri üzrə müqavilədə göstərilən pul vəsaitləri cavabdehə verilməmişdir, həmçinin notariusun depozit hesabına da pul qoyulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə Bakı şəhəri 5 saylı və Bakı şəhəri 6 saylı notariat Kontorlarına sorğu verilərək, kredit müqavilələri üzrə tələb olunan məbləğlərin notariat orqanının depozit hesabına köçürülüb-köçürülməməsi aydınlaşdırılmamışdır. Bundan başqa tərəflər arasında işgüzar münasibətlər olmuş, xarici ölkədən avtomobil gətirərək satışını həyata keçirmişlər və aralarında hər hansı borc münasibətləri olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh mərhum atası Rauf Quliyevdən ümumilikdə 30000 ABŞ dollarını tərəflər arasında bağlanmış müqaviləyə əsasən almışdır, lakin öz öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı2 məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 26 yanvar 2018-ci il tarixli, 3M-63 reyestr nömrəli kredit müqaviləsinə əsasən borcverən X10 borcalan Cavabdeh 26 aprel 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış 22 iyun 2018-ci il tarixli 3M- 1254 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borcverən X10 borcalan Cavabdeh 22 dekabr 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. İş materiallarından göründüyü kimi, X10 09 oktyabr 2018-ci ildə vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisindən verilmiş 31 may 2019-cu il tarixli, 316 saylı rəsmi arayışa əsasən X7 vəfatı ilə əlaqədar vərəsəlik açılmış və 23 yanvar 2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında İddiaçı1 və İddiaçı2 müvafiq şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı1, İddiaçı2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onunla mərhum X10 arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)- 491/2021 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli 2(103)-6159/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)- 491/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında bildirmişdir ki, o, ustadır. O, Emini tanıyır, Emin maşın alveri ilə məşğuldur. Onlar Dubaydan maşın gətirirlər. O, dəfələrlə gətirilən avtomobilləri təmir etmişdir. Bir dəfə “Mercedes Vita” markalı qara rəngli avtomobil gətirmişlər. Müştəri olduğuna görə onlar təmiri tezləşdirməyini istəmişlər. Emin, Rüstəm və alıcılar gəlib avtomobilə baxmışlar. Maşını 25.000 dollara satmağa razılaşmışlar. Alıcının imkanı olmadığına görə Emin 23.000 dollara razı olacağını bildirmişdir. O, Rüstəmi Emin vasitəsilə tanımış, onu 10-15 dəfə görmüşdür. Rüstəm də maşın alveri ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak edən X2 öz izahatında bildirmişdir ki, onların Eminlə alveri olmuşdur. Eminlə birlikdə Rüstəm də gəlmişdir. Eminlə Rüstəm dost olmuşlar. Onlar müştəri çıxacağı halda məlumat verməyini bildirmişlər. Daha sonra müştəri çıxmış, o, Eminə məlumat vermişdir. Emin ona etibarnamə verəcəklərini bildirmişdir. Sonrakı gün Rüstəm gəlmiş, notariusda görüşmüşlər. O, Eminə 10.000 dollar vermişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak edən X6 öz izahatında bildirmişdir ki, o, maşın alveri ilə məşğuldur. Emini də uzun müddətdir ki, tanıyır. “Mercedes Vita” markalı maşını Dubaydan yalnız Emin gətirir. Bir müştəri Emindən “Mercedes Vita” markalı maşın gətirməsini istəmiş, o, Eminlə danışmış və maşın bazarında 25.000 dollara razılaşmışlar. Müştəri maşını bəyənmiş və pulunu Eminə ödəyəndə o, pulu Raufa verməli olduğunu bildirmişdir. O, Raufa 25.000 dollar pulu vermişdir. Rauf həmin pulun 11.000 dollarını Eminə vermişdir. 14.000 dollar isə Emində qalmışdır. O, Raufu 2012-ci ildən tanıyır. Bu, onun Raufla ilk alveri olmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında bildirmişdir ki, o, Emini maşın alverçisi kimi tanıyır. Bir dəfə ona “Mercedes Vita” markalı avtomobil lazım olmuş, Emin Raufla birlikdə həmin avtomobili Dubaydan gətirdiklərini bildirmişdir. Bir neçə gün sonra Raufla Emin onun iş yerinə gəlmişlər. O, Raufla həmin gün tanış olmuşdur. 2018-ci ildə 25.000 dollara razılaşmışlar. O, alğı-satqını Eminlə etmiş, Rauf da orada olmuşdur. O, “Mercedes E Class” markalı avtomobili Eminə vermiş, 1 ay müddətində qalan 15.000 dolları verəcəyini bildirmişdir. 3-4 gün sonra ondan pulu istəyəndə ödəyə bilməmişdir. Təxminən 3 gün sonra pulu Raufun oğluna vermişdir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh tərəf istinad edilən kredit müqavilələrinə əsasən ona ümumiyyətlə pul verilmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, bununla bağlı dəfələrlə məhkəmə qarşısında vəsatət qaldırılsa da, məhkəmə bununla bağlı notariat orqanına sorğu verməmiş, işi qərəzli olaraq yekunlaşdırmışdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 558.2-ci maddəsinə istinad etməklə öhdəliyə xitam verilməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların istinad etdiyi hər iki kredit müqaviləsində pulun alınması barədə qeydlər olmuşdur, həmçinin kredit müqavilələri cavabdeh tərəfindən mübahisələndirilsə də, iddiası təmin edilməmiş və kredit müqavilələrinin etibarlılığı təsdiq edilmişdir. Həmçinin cavabdehin istinad etdiyi Mülki Məcəllənin 558.2-ci maddəsinə əsasən müəyyən edilir ki, icra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Hazırki kredit müqavilələrində isə belə bir hal nəzərdə tutulmamışdır. Göründüyü kimi kredit müqavilələri üzrə pul vəsaitinin cavabdehə verilməsi işin bütün halları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində 07 aprel 2022-ci il tarixdə baxış iclası keçirilmiş, həmin iclasın protokolunda tərəflərin iştirakı və məhkəmə iclasında verdiyi izahatlar öz əksini tapmışdır və iş üzrə qətnamənin elan edilməsi 08 aprel 2022-ci il tarixə saat 17:00-a təxirə salınmış, tərəflər buna etiraz etməmişlər. Qətnamə 08 aprel 2022-ci il tarixdə elan olunmuş, lakin məlumatlarının olmasına baxmayaraq, iş üzrə tərəflər və onların nümayəndələri həmin məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclas protokoluna bu barədə qeydlər vermiş və məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Göründüyü kimi cavabdeh və onun vəkili məhkəmə iclasında iştirak etsə də, Azərbaycan Respublikası 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsi barədə apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıların mərhum atası ilə aralarında olan kredit müqavilələri əsasında ona pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçılar mərhum atalarının qanuni vərəsələri olduqları üçün 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onlara verilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-26/2022 saylı, 08 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar