Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4456/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(002)-150/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14000 manat pulun, ev tikmək üçün gətirdiyi tikinti materialların özünün və ya dəyərinin, 14000 manat pulu 2019-ci ilin oktyabr ayından bu vaxta qədər özündə saxlamaqla ona vurulmuş ziyana görə əlavə olaraq 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir ailənin üç üzvü Cavabdeh1 Tahir oğlu, qardaşı Qaradağ rayonu Ələt qəsəbəsi Sülh küçəsi 20 saylı sahədə yaşayan Cavabdeh2 və Novruzun həyat yoldaşı Cavabdeh3 əvvəlcədən planlaşdıraraq ona qarşı dələduzluq etməklə etibarından sui istifadə edərək 14000 manat pulunu mənimsəyiblər. Belə ki, 2019cu ilin oktyabr ayında özünə ev tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almaq istədi. Qonşulardan Ələt qəsəbəsi 110 saylı məktəbin yaxınlığında Novruz adlı adamın həyətinin bir hissəsinin satdığını eşidib və ona yaxınlaşıb. Novruz öz torpağının 4 sotunu satdığını bildirdi. Sənədlərlə maraqlandıqda torpağın bələdiyyə sənədi ilə qardaşı Ruslanın adına 3 sot olduğu aydınlaşdı. 14000 manat qiymətə 3 sot üçün olan sənədlə oz həyətindən ona 4 sot torpaq ayırmaq və müəyyən başqa bir neçə sərfəli şərtlərlə razılaşıblar. Torpağı Ruslan ona Ələt qəsəbəsinə gəlmiş səyyar Asan xidmətdə etibarnamə ilə verdi. Asan xidmətdə Novruz ondan hansısa sənədi almaq üçün 100 manat aldı və asan xidmətdə qaldı. Oradan onlar Ruslanla onun maşını ilə Novruzun evinə gəldilər və o, Novruzun evində onun həyat yoldaşının yanında Novruzun qardaşı Ruslana 13900 manat pul verdi. Bu ailə əvvəlcədən planlaşdıraraq onun bu işlərdə səriştəsiz olduğundan nə vaxtsa ondan məhz 14000 manat aldıqlarını inkar edəcəylərini əvvəlcədən düşünmədiyindən (əks halda borc müqaviləsi bağlayardı) etibarından su istifadə edərək pulunu mənimsəyiblər. Bu səbəbdən onun təqdim etdiyi sübutlar yalnız bunlardır: ona verilən etibarnamə və bələdiyyənin onlara verdiyi sənədin orjinalı (normalda heç bir torpaq satıcısı 500 manata görə bunu etməz), hadisələrin gedişi vaxtı olanları özündə əks etdirən xüsusiyyətlərə diqqət yetirilməli olan iki telefon danışığı, (müvafiq qrumların tələbi ilə çıxarılmalı olan bir çox bu tip telefon danışıqları) torpağın ona aid olan hissəsində razılaşdığları kimi tikilinin sökülüb iki torpaq arasında sərhəd kimi yenidən tikilməsi.(normalda heç bir torpaq satıcısı 500 manata görə bunu etməz). Yalandan böhtan olaraq “obyekt tikmək istəyir qonşular narazlıq edir ifadəsinin” heç bir maddi və canlı subutunun olmaması pulu verdikdən dərhal sonra Novruzun həmən pulla özünə maşın alması və bütün yuxarıda göstərilənləri hər birisi söhbətin 500 manatdan deyil məhz faktiki olduğu kimi 14000 manatdan getdiyini açıq aydın göstərir. Amma onların iftiralarını təsdiq eden heçnə yoxdu. Bu insanlar öz dırnaq arası məharətlərindən istifadə etməklə dələduzluq edib 14000 manat pulu mənisəmək fikrinə düşüblər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(002)- 150/2021 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı xeyrinə 500 ( beş yüz) manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, təqdim edilmiş sübutlara düzgün qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin edilmiş, lakin cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin 05.04.2020-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasınin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ RPİninİŞ-nin 10 iyul 2020-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasınin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, Cavabdeh1la qonşudur, həm də Ruslanın qardaşı Novruzun xalasının yoldaşıdır. Həmin həyətin yaxınlığından keçən zaman xalası Cavabdeh3 ilə fəhlələr arasında mübahisə getdiyinin şahidi olmuş, amma məbləğlə bağlı, torpağın sahəsi ilə bağlı heç nə eşitməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, İddiaçı həyətində fəhlə kimi işləyir, dəmir materialları yığıb həmin həyətə aparıb atdığı zaman Kifayət xanım gəlib onlara satacaq torpağının olmadığını və verdiyi pulu da bir həftəyə qaytaracağını bildirmiş, lakin miqdar barədə heçnə eşitməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, İddiaçı həyətində fəhlə kimi işləmiş və dəmir materialları yığıb həmin həyətə aparıb atdığı zaman Kifayət xanım gəlib Ramilə satacaq torpağının olmadığını və verdiyi 14000 pulu da bir həftəyə qaytaracağını demişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 razılığı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 və İddiaçı arasında olan telefon səsyazıları dinlənilmiş, həmin səsyazıların məzmunundan göründüyü kimi, Ramil Ruslana onlar barəsində şikayət edəcəyəni bildirmiş, Ruslan isə torpağın qardaşının olduğunu, onun sadəcə etibarnamə verdiyini bildirmiş və şikayət verməsinə etirazı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmiş, 14000 manat zərərin mövcudluğu və miqdarı barədə sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq tələb məhkəmə iclasında iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının 14000 manat pulun verilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi yeganə sübut, şahid ifadələri olmuşdur, hansı ki, onlar pulun verilməsinin şahidi olmamış, yalnız İddiaçı ilə Cavabdeh3 arasında mübahisənin şahidi olmuş, həmin mübahisə zamanı Kifayətin Ramilə torpaq satmaq istəmədiyini verdiyi pulu qaytaracağını bildiyinin şahidi olmuşlar. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından şahid ifadələri qeyd edilən halın təsdiqi üçün kifayət deyildir. Belə ki, hazırki halda yeganə sübut şahid ifadələridir hansi ki, şahid ifadələri ilə təsdiq olunan hal digər heç bir sübutla təsdiq olunmur, həmçinin şahid ifadələri arasında da pulun məbləği ilə bağlı ziddiyyət vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, qeyd edir ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də hazırki apellyasiya baxışında sübutetmə yükünü həyata keçirə bilməmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən belə, yalnız cavabdeh tərəfin iddianı qismən etiraf etməsinə əsaslanmışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı iddia tələbinin əsası kimi şahid ifadələrinə və tərəflər arasında həyata keçirilmiş telefon danışıqlarının yazısına əsaslanır ki, həmin sübutlardan da birmənalı olaraq iddiaçının cavabdehlərə 14000 manat pul verməsi müəyyən edilmir. Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü hazırki tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Həmçinin qeyd edilməlidir ki, iddiaçı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına ərizə (vəsatət) təqdim edərək əlavə şahidlərin dindirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətlə razılaşmayaraq qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş, müəyyən sübutlarını (həmçinin şahidləri) təqdim etmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə sübutların (şahidlərin) birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim olunmasını və onun qəbul edilməsini mümkün hesab etmir. Çünki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 372.2-ci maddəsinin tələbinə görə əlavə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. Qeyd edildiyi kimi, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq sübutları təqdim etmək imkanında olmuşdur. İddiaçı əlavə sübutların birinci instansiya məhkəməsinə təqdim edə bilməməsini əsaslandırmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi yeni sübutları gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud səhlənkarlığa görə təqdim edilməmiş hesab etdikdə, onları rədd edə bilər (MPM-in 371.2-ci mad.). Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(002)-150/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(002)-150/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4456/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4456/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver