Məhkəmə qərarları › İş №2(103)-4456/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4456/2023

17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4456/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1257/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin olunmuş, tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılmaqla iddiaçının xeyrinə hər ay 220 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, aliment məbləği hal-hazırda uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşağın saxlanılması, geyimi, təhsil və s. xərclərini həmin məbləğ əsasında tam qarşılamaq mümkün deyil.Belə ki, X4 orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artıb. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna görə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə maraqlanmır, aliment məbləğini ödəməkdən boyun qaçırır. Bu hal da tək valideyn kimi övladına baxmaqda ona ciddi maddi çətinliklər yaradır. Əlavə olaraq bildirir ki, işin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etsə də cavabdeh gəlməyib və xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasına dair arayış Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ona təqdim edilib.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1257/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 76.2, 78.2 maddələrinə, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 233.4-cü, 216-220, 227, 233, 235, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, ondan 1 uşağa görə aylıq qazancının 25 faizi məbləğində alimentin tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qanunsuzluqda və özbaşınalıqda analoqu olmayayan qətnamə qəbul etmişdir. Cavabdeh Bakı şəhəri Nizami Rayon məhkəməsinin dəftərxanasına rəsmi surətdə qanunla nəzərdə tutulan vaxtda qarşılıqlı iddia ərizəsi təqdim etməsinə baxmayaraq qarşılıqlı iddia ərizəsinin müzakirəsi aparılmamış, ona hüquqi qiymət verilməmişdir. İşə baxan hakim müxtəlif bəhanələrlə münasibət bildirməkdən yayınmışdır.Həmçinin, cavabdehin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi barəsində qərardad 11 aprel 2023-cü il tarixində qeydiyyatdan keçirilsə də, qərardad 9 gün sonra, yəni xx.xx.2023-cü il tarixində, ramazan bayramı ilə əlaqədar başlayan 5 günlük bayramdan 1 gün qabaq poçta təhvil verilmişdir.Hakim axırıncı məhkəmə iclasını da planlı şəkildə 26 aprel 2023-cü il tarixinə təyin etmişdir.Cavabdehə qərardadın vaxtında çatması süni surətdə 14 gün gecikdirilmişdir. Cavabdeh təyin olunmuş alimenti vaxtı-vaxtında çətinliklə də olsa ödəyir. O, valideyn kimi həmişə uşağına maddi dəstək olub. Təlim-tərbiyəsində iştirak etmək istəsə də,anası qərəzli surətdə buna imkan vermir.Qeyd edilir ki,iddiaçı cavabdehdən ayrılandan sonra dərhal ailə həyatı qurmuş və Bakı Hava Limanında işləyən yeni həyat yoldaşının yanında işə düzəlmişdir. İddiaçının yeni həyat yoldaşından da bir övladı dünyaya gəlmişdir. Özü və həyat yoldaşı da işləyərək, normal əmək haqqı alırlar. Lakin bütün bu halları iddiaçı həmişə olduğu kimi bu dəfə də məhkəmədən gizlətməyə çalışıb. Əgər iddiaçı özünün vəziyyəti barəsində düzgün məlumat versə onun uşağı saxlamaq üçün alimentə ehtiyacının olmaması məlum olacaqdır.Cavabdeh qeyd edir ki, səhhətilə əlaqədar indi fəhləlik edə bilmir. Daim əmək haqqına malik dövlət işinə girib. Aylıq əmək haqqım 380 manatdır. Qanuni qüvvəyə olan məhkəmə qətnaməsinə hörmət əlaməti olaraq 380 manatdan hər ay 175 manatını bir uşağına aliment kimi ödəyir. Məhkəmə tərəfindən alimentin 220 manata qaldırması ilə onun 4 baş ailə üzvlərinin acından öldürülməsi barəsində qətnamənin verilməsi deməkdir. 160 manatla 4 nəfər ailə üzvləri neçə dolanmalıdır?

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

9. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirir ki, o, evlənmişdir və onun 2 uşağı var. İddiaçı bu iddianı hər dəfə qaldırır.O, dövlət işində işləmir,elə-belə iş olanda işləyir.İndi onun ayağında problem var,qırılıb və ona görə işləmir.Pandemiyada uşağa görə 300 manat pensiya alırdı. İndi o, pul ödəyə bilmir. Məhkəmədə iddiaçı hər dəfə deyirdi ki, dövlət işi var. İddiaçı deyir ki, onun təlabatı çoxdur.Onun da körpə uşağı var.O, uşaqlara bayramlarda, ad günlərində hər şey edib. İddiaçı deyir ki, etməyib. Cavabdehə şər atırdı. Ödənişlərin hamısını çıxardıb.Uşaq əməliyyat olunub pulunu cavabdeh verib. İddiaçı deyir ki, heç bir köməklik etməyib. Aliment pulunun qalxdığını bilir,amma 2 uşağa necə baxa bilər.İddiaçı və həyat yoldaşı iş yerindən arayışı təqdim etməlidir.

10. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdəndən məhkəmə iclasına gəlmədiyini və işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

16. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyasıqeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

23. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1257/2021 saylı qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu artırılaraq 2022-ci il üçün 193 manat, 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.

24. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

25. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment İddiaçı xeyrinə ödənilməsini ədalətli və ağlabatan hesab edir.

26. Cavabdehin himayəsində digər azyaşlı övladının olması və maddi vəziyyətinin aşağı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

27. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

32. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar