Məhkəmə qərarları › İş №2(103)-4458/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4458/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4458/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(011)-8530/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmanova (Əliyeva) Şəlalə Novruz qızı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(011)-8530/2017 saylı qətnaməsinin “cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən” növünə, yoxsa “pul vəsaitlərinin tutulması” növünə aid olmasına izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(011)- 8530/2017 saylı qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini və qətnaməyə izah verilməsi barədə ərizəyə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadı maddi və prosessual hüquq normalarını və ərizəçinin konstitusion hüquqlarını pozmaqla çıxarmış, ərizəni əsassız olaraq geri qaytarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(011)-8530/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında mülki iş üzrə İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh 10 mart 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(011)-8530/2017 saylı qətnaməsinə əsasən ondan 4100 manat İddiaçı xeyrinə pul tutulması barədə qətnaməsinin “cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən” növünə, yoxsa “pul vəsaitlərinin tutulması” növünə aid olub-olmamasına izah verilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(103)-7003/2020 saylı qərardadı ilə təmin edilməmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Sonradan cavabdeh təkrarən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Qeyd edilən müddəada məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən, yaxud müddəada göstərilən əsaslarla çıxarılmış qərardadlardan bəhs edilsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin qayda cavabdeh tərəfindən irəli sürülmüş məsələyə də tətbiq edilə bilər. Belə ki, mülki işin materiallarından da göründüyü kimi, tərəflər arasında mübahisə üzrə qətnamə 22 sentyabr 2017-ci ildə çıxarılsa da, cavabdeh nüxtəlif üsullarla qətnamənin icra olunmasına maneələr törədir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin məhkəmənin 22 sentyabr 2017-ci il tarixli 2(011)- 8530/2017 saylı qətnaməsinə izah verilməsinə dair ərizəni qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(011)- 8530/2017 saylı qərardadından cavabdeh İmanova (Əliyeva) Şəlalə Novruz qızı tərəfindən verilmiş şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar