Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-446/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(004)-2858/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2020-ci ilin may ayında İddiaçı özünə məxsus qızıl – zinət əşyalarını saxlamaq üçün qonşusu Cavabdeh vermiş, 2021-ci ilin may ayında həmin əşyaları geri alarkən çəkisi 27 qram olan qızıl boyunbağının verdiyi əşyalar arasında olmadığını görmüşdür.
2. Cavabdeh Nəsimi RPİ 19-cu PŞ-də İddiaçı şikayəti əsasında vermiş olduğu izahatında göstərmişdir ki, keçmiş qonşusu İddiaçı gəlininə etibar etmədiyi üçün 2020-ci may ayında qızıl-zinət əşyalarını saxlamaq üçün ona vermiş, təxminən 1 il sonra qızıllarını geri almışdır. Bu zaman bildirmişdir ki, 27 qram qızıl əksikdir. 4000 manat tələb etməklə onu hədələmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pul vəsatinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia onunla əsaslandırılmışdır ki, əvvəlcədən tanıdığı qonşusu 2020-ci ilin may ayında işə getdiyi üçün qonşusu Cavabdeh zinət əşyalarını saxlamaq üçün ona vermişdir. 2021-ci ilin may ayında qızıllarını geri alarkən orada olan 27 gram qızıl boyunbağı ümumi dəyəri 4000 manat qızılın ona verdiyi əşyalar arasında olmadığını bilmişdir. Cavabdehlə şifahi razılaşmaya əsasən boyunbağının əvəzi olaraq ona 4000 manat pul ödəməsinə vəd versə də, bugünə qədər pulu ona verilməmiş, müxtəlif bəhanələrlə ondan yayınmaqdadırlar.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ondan hədə-qorxu ilə tələb etdiyi 800 manat məbləğində pul vəsaitinin ondan alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə uzun müddət qonşuluq münasibətləri olmuşdur. İddiaçı hər ayın 15 günü işi ilə bağlı evdən kənarda olur. Bu zaman ərzində isə ev boş qalır, evin təhlükəsizlik sistemi yoxdur və ən əsası İddiaçı oğlu ilə arası yaxşı olmadığından ondan həmişə ehtiyat etmişdir. Çıxış yolunu isə zinət əşyalarını qonşusu olaraq ona Cavabdeh əmanət etmək qərarına gəlmişdir. Qonşuluq münasibətləri xətrinə bu təklifi qəbul etmişdir. Bu hal bir neçə dəfə təkrar etmiş, sonuncu dəfə zinət əşyalarını geri qaytardığı vaxtdan təxminən 1-2 saat sonra İddiaçı ona zəng edərək zinət əşyalarının arasında qızıl boyunbağının olmadığını və onun tərəfindən mənimsədildiyini iddia etmişdir. Qızılın ilk başda özünə, daha sonra isə bacısına aid olduğunu bildirirərək, tez bir zamanda qızıllarının dəyərinin qaytarılmasını tələb edərək ona hədə-qorxu gəlmişdir. İddiaçı dəfələrlə onu və ailəsini təhdid etmiş, əgər pulu qaytarmasa qohumlarının yanında onu rüsvay edəcəyini, xəsarət yetirəcəyini bildirmişdir. Hər an başına hadisə gələ biləcəyindən və çıxılmaz vəziyyətdə qaldığından məsələnin yekunlaşması üçün nə desə edəcəyini bildirdi. O, bu fürsətdən istifadə edərək qızılların əvəzi olaraq ondan 800 manat pul tələb etmişdir. Maddi vəziyyətinin zəif olmasından pulu yalnız hissə-hissə verə biləcəyini qeyd edərək ilk başda 100 manat olmaqla, daha sonra 100, 200 və 200 manat olmaqla, cəmi 600 manatı cavabdehin kart hesabına köçürməklə qalan 200 manatı isə oğluna nağd qaydada vermişdir. Dediyi məbləği ödəməyinə baxmayaraq təhdidlər artmış nəinki, o, hətta bacısı da onu hədələməyə başlamış, verdiyi məbləğlə kifayətlənməyərək əvvəlcə 800 manat, daha sonra 1000 manat, ən sonda 4000 manat tələb etmişdir. Bundan da göründüyü kimi onların niyyəti, zinət əşyalarının əvəzinin tələb edilməsi deyil, onu tələyə salaraq pul qopartmaqdır. Özünün etmiş olduğu əməlləri o etmiş kimi qələmə verərək vəziyyəti ört-basdır etmək niyyəti ilə onu polisə vermiş,
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(004)- 2858/2024 nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqı iddia isə qismən təmin olunaraq İddiaçı 600 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə məhkəmə baxışında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirən zaman tərəflərin aralarında danışıqlarının aparıldığı, bu danışıqdan Cavabdeh məlumatının olmadığı və hər hansı etirafın edilmədiyi, yəni həmin qızılların içərisində boyunbağı və brilliant üzüyün olması, qızılların onun tərəfindən götürüldüyünə dair etiraf müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilən iddia tələbi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən sözügedən qızılların mövcudluğu, həmin qızılların cavabdehə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Belə ki, ən azından iş materiallarında hər hansı təhvil-təslim aktı mövcud deyildir. Cavabdeh tərəf də qutuda qızılların verildiyini bildirsə də, hər iki tərəf izahatında qızılların verilərkən qutuda hansı qızıllar olduğunun aydınlaşdırılmadığı bildirilmişdir. Belə olan halda, məhkəmə cavabdehin 600 manat məbləğində pul ödəməsini iddianın etirafı kimi qiymətləndirmir. İlk iddia əsassız olduğundan rədd edildiyindən, iddiaçı tərəfindən cavabdehin ona 800 manat deyil, 600 manat məbləğində pul ödəməsini etiraf etdiyindən, cavabdeh iddiaçıya 800 manat ödəməsinə dair sübut təqdim etmədiyindən, iddiaçı 600 manat məbləğində əsassız varlanmışdır və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1091, 1092 və 1093-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmədə həm İddiaçı, həm də Cavabdeh izahatlarında bir neçə dəfə İddiaçı tərəfindən qızıl zinət əşyalarının Cavabdeh saxlanılması üçün verildiyini, sonradan heç bir problem olmadan geri qaytarıldığı götərmişlər. İddiaçı izahatında axırıncı dəfə qızılları geri götürərkən Dilbərin qızılları qoyub getdiyini, bir müddət sonra qızıllara baxarkən qızıl boqunbağının və brilliant üzüyünün yerində olmadığını gördüyünü bildirmişdir. Həmin zinət əşyalarının dəyəri birlikdə 4000 manat olmuşdur. Cavabdeh və həyatyoldaşı əvvəllər zinət əşyalarının itdiyini etiraf etməsələr də, sonradan zinət əşyalarının itdiyini etiraf etmişlər və dəyərini ödəyəcəklərinə söz vermişlər. İddiaçı məhkəməyə cavabdehlə və onun həyat yoldaşı ilə olan söhbətlərin olduğu diski sübut kimi təqdim etmişdir. Bu sübutla bağlı məhkəmənin mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, qətnamədə səs yazıının cavabdehin xəbəri və icazəsi olmadan yazıldığı, səsyazısında heç bir etirafın olmadığı götərilmişdir. Bu həqiqətə uyğun deyildir. Belə ki, səs yazısına qulaq asarkən görünür ki, Cavabdeh borcu etiraf edir və borcu hissə-hissə ödəyəcəklərinə, evi satarkən tam ödyəcəklərinə söz verir. İşə baxan məhkəmə tam qanunsuz və əsassız olaraq bunu borcun etirafını təsdiq edən sübut kimi qiymətləndirməmişdir. İddiaçı məhkəmə baxışı zamanı özünə və bacısına məxsus qızılzinət əşyalarını saxlamaq üçün bir neçə dəfə Cavabdeh verdiyini, axırıncı dəfə isə 4000 manat dəyərində qızıl zinət əşyalarının əskik olduğunu sübuta yetirmişdir. İddiaçı məhkəmədəki izahatı, məhkəməyə təqdim edilmiş səs yazıları, cavabdehin borcun 600 manatını qaytarması, iddianın əsaslı olduğunu sübut edən hallardır. Cavabdeh bunun əksini sübut edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz qarşılıqlı iddia ərizəsində göstəridən xüsusatlarla əsaslandıırlmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır.
19. İşin hallarından görünür ki, tərəflər arasında saxlama müqaviləsi üzrə münasibətlər mövcud olmuş və müqavilə əvəzsiz müqavilədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı özünə məxsus qızıl – zinət əşyalarını müvəqqəti saxlamaq üçün cavabdehə vermişdir.
20. Tərəflərin mübahisələndirdiyi hal ondan ibarətdir ki, cavabdeh əşyaların ona verildiyi kimi geri qaytarıldığını iddia edir, iddiaçı isə əşyaların ona tam qaytarılmadığını bildirir.
21. Məhkəmə iclasında təqdim olunmuş audio yazılar dinlənilərkən müəyyən olunmuşdur ki, cavabdeh itmiş əşyaların əvəzinə vurulmuş zərəri ödəməyi öhdəsinə götürür, hətta borcu hissə-hissə ödəyəcəklərinə, evi satarkən tam ödəyəcəyinə söz verir. Qeyd olunan xüsusat onu təsdiq edir ki, saxlanılmaq üçün verilən əşyanın ona məxsus evdə itməsi və ya götürülməsi ilə razılaşaraq bu öhdəliyi götürür və 600 manat da pul ödəyir.
22. Cavabdeh qarşlıqlı iddia ərizəsində bu xüsusatı onunla izah etmişdir ki, İddiaçı dəfələrlə onu və ailəsini təhdid etmiş, əgər pulu qaytarmasa qohumlarının yanında onu rüsvay edəcəyini, xəsarət yetirəcəyini bildirmiş, hər an başına hadisə gələ biləcəyindən və çıxılmaz vəziyyətdə qaldığından məsələnin yekunlaşması üçün nə desə edəcəyini bildirmişdir. Lakin iddiaçı tərəfindən hədələnməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, belə hədənin olduğu təqdirdə cavabdehin müvafiq orqanlara müraciət etmək imkanı da olduğundan bu arqumentlər inandırıcı hesab oluna bilməz. Buna görə də birinci instansiya məhkəməsinin ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin olunması ilə bağlı gəldiyi qənaət əsassızdır.
23. İddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində itən əşyanın çəkisi 27 qram, dəyəri 4000 manat olan boyunbağı olduğunu bidldirsə də, sonradan isə brilyant qaşlı üzüyün də itən əşyaların arasında oldğunu bildirmişdir. Lakin üzüyün hansı çəkidə olması, brilyant qaşların sayı və digər əlamətləri ilə bağlı hər hansı bir xüsusiyyət qeyd olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, pul tələbi barədə ilkin iddia yalnız çəkisi 27 qram olan qızıl boyunbağıya münasibətdə qismən təmin oluna bilər.
24. Həmin boyunbağının hansı əyarlı qızıldan hazırlanması barədə məlumat da məhkəməyə təqdim olunmadığından məhkəmə qiymətləndirməni 585 əyarlı qızılın qiyməti üzərindən aparılmasını məqsədə müvafiq hesab edir. “Caspian Valuation” qiymətləndirici təşkilatı tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, 585 əyarlı qızıl əşyasının 1 qram üzrə bazar qiyməti 100 manat təşkil edir. Bu baxımdan qiymətləndirmə aparıldıqda 585 əyarlı qızıl boyunbağının dəyəri 2700 manat təşkil edir.
25. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 600 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması nəzərə alınmaqla (2700-600=2100) 2100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(004)- 2858/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(004)- 2858/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 2100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat və apellyasiya şikayətinin üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 16 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.