Məhkəmə qərarları › İş №2(103)-447/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-447/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-447/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə faizin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-89/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 6.558 manat 43 qəpik məbləğində pulun (faizin) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutularaq əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 1598 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən borc alan İddiaçı-dən avtomobilin alınması məqsədi ilə 36 ay müddətinə, illik 20 %lə, 12.000 manat məbləğində kredit almışdır. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, “KİA Sorento” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuş və əmlak bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini dəfələrlə pozduğu üçün 2014-cü ilin aprel ayında kreditor-bank tərəfindən Nəsimi rayon Məhkəməsinə borc tələbinə və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli 2(006)-2530/2014 saylı qətnaməsi ilə iddia təmin olunmuş, borcun ipoteka qoyulmuş əmlakın açıq hərracdan satılması hesabına İddiaçı-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmiş və icra mərhələsində qətnamə üzrə borcun ödənilməsi həyata keçirilmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 6.558 manat 43 qəpik faizi qalmışdır. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2014-cü il tarixdə təqdim olunmuşdur və həmin günə olan 11.527 manat 44 qəpik borc tələb edilmişdir. Lakin cavabdehdən məhkəmə qaydasında tələb olunan həmin məbləğ iddia qaldırıldıqdan 26 ay sonra xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Ödəmədən mülki qanunvericiliyin göstərişinə uyğun ardıcıllıqla cərimə, faiz və nəhayət əsas borc məbləği silinmişdir. Hesab edirlər ki, 6.558 manat 43 qəpik məbləğində faiz iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında imzalanmış kreditmüqaviləsinin 3.8-ci bəndinə əsasən faizlər borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır. Mülki Məcəllənin 449.4-cü maddəsinə istinad edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-89/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozmasını irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünavanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-2530/2014 saylı qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə 10.728 manat 52 qəpik əsas borc, 70 manat 42 qəpik faiz, 20 manat cərimə olmaqla, cəmi 10.818 manat 94 qəpik məbləğində borcun tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş “KİA Sorento” markalı ** VO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, “KİA Sorento” markalı ** VO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan borcunun ödənilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin sözügedən qətnaməsi icra olunmuşdur. İddiaçı bank hazırki iş üzrə tələbini qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin gec icra edilmiş olması ilə əsaslandıraraq tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 442ci, 442-ci, 445-ci, 448.1-ci, 449-cu və 470.1-ci maddələrinə istinad etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə müvafiq əsaslandırma ilə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən əsas borc üzrə bankın xeyrinə tutulmalı olan pulun 10818,94 manat təşkil etdiyi müəyyən olunmuş, iddiaçının irəli sürdüyünə görə isə, həmin qətnamə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən icra olunmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə almaqla kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında yeni - tələbkar-borclu münasibətləri yaranmış və onların arasındakı müqavilə münasibətlərinin xitamı həmin qətnamənin icrasından asılı vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin materiallarında da göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmədiklərinə görə bank onlara qarşı iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə ilə cavabdehdən əsas məbləğ üzrə bankın xeyrinə tutulmalı olan pulun 10728,52 manat təşkil etdiyi müəyyən olunmuş, bununla belə cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında həmin xx.xx.2016-cı il tarixə ödəmişdir. İddiaçı qətnamənin xx.xx.2016-cı il tarixdə icra olunduğunu irəli sürsə də, iş materiallarından cavabdehin borcunu xx.xx.2016-cı il tarixdə tam ödədiyi aydın olur. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyindən ondan gecikdirilmiş vaxt üçün xx.xx.2014-cü il (iddiaçının “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” üzrə ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt) tarixdən borcun tam ödənilidiyi xx.xx.2016-cı il tarixədək 24 ay müddətinə illik 5% hesablanaraq iddiaçıya ödənilməlidir. Həmin müddət ərzində iddiaçıya hesablanmalı olan borc 1072,8 (10728,52 manat əsas borcun 5%-i = 536,42manat; 536,42: 12 ay = 1 aya hesablanmalı olan faiz 44,70 manat; 44,70 x gecikdirilmiş 24 ay = 1072,8 manat ) manat təşkil edir. Bununla belə apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2017-ci il tarixə cavabdeh tərəfindən 415,85 manat artıq ödəniş edilmişdir. Buna görə də kollegiya hesab edir ki, tələb üzrə artıq ödənilmiş məbləğ, cavabdehə gecikdirilmiş vaxt üçün hesablanmalı olan 1072,8 manatdan çıxılaraq, cavabdehdən tutulmalı olan məbləğ 656,95 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayəti vermək üçün iddiaçı bankın ödəmiş olduğu dövlət rüsumunun məbləğləri cavabdehə aid edilməli, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri isə tərəflər arasına bərabər bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-89/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1598 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün (xx xxxxx 2014-ci il tarixdən xx xxxxx 2016-cı il tarixədək) 656,95 (altı yüz əlli altı manat 95 qəpik) manat, həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının əvəzi olaraq 45 (qırx beş) manat İddiaçı-nin xeyrinə tutulsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50%-i, yəni 50 (əlli) manatı İddiaçı-dən, qalan 50%-i, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar