Məhkəmə qərarları › İş №2(103)-447/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-447/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-447/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4537/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 44F saylı fərdi yaşayış evi X2 mülkiyyətindədir. Onun tərəfindən əmlakına sərəncam verilməsi səlahiyyətləri də daxil olmaqla Cavabdeh (bundan sonra cavabdeh) etibarnamə verilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarənin 25-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən İddiaçı (bundan sonra iddiaçı) şikayəti əsasında toplanılmış material üzrə cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin icraat çərçivəsində ararılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında xalası qızına məxsus olan (yuxarıda göstərilən) evin ona verilmiş etibarnamə əsasında satılması üçün iddiaçıdan hissə-hissə, ümumilikdə 52.200 manat məbləğində pul aldığını, lakin rəsmiləşdirmə aparılmalı olan günü etibarnamənin xalası qızı tərəfindən təsadüfən ləğv edildiyini müəyyən etdiyini, bununla bağlı xalası qızı ilə dərhal əlaqə saxladıqdan sonra sonuncu ona səhəri günü yeni etibarnamə verəcəyini söylədiyini, lakin bu barədə iddiaçıya məlumat versə də, iddiaçının bundan imtina etdiyini və pulunu geri tələb etdiyini, aldığı puldan 5.000 manat hissəsini qaytardığını, ümumilikdə aldığı pulu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etdiyini, lakin aldadıldığından məşğul ola bilmədiyini, həmin pulların tərəfindən istifadə edildiyini bildirmiş və faktiki olaraq iddiaçıya 47.200 manat borclu olduğunu etiraf etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 47.200 manat əsas borc məbləğinin, və 270 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin iyul ayında özünə ev almaq qərarına gəlmişdir. Bu səbəbdən “Bina.az” sosial şəbəkəsinə daxil olaraq elanlara baxdığı zaman Nizami rayonu, “Ayla” şadlıq sarayının arxa hissəsində 3 otaqlı, dəyəri 135.000 manat təşkil edən həyət evinin satıldığını görmüşdür. Bu səbəbdən elanda olan (050) *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs adının Cavabdeh olduğunu bildirmiş, evin qohumunun olduğunu, həmin şəxsin hazırda ölkə hüdudlarından kənarda olduğunu və evin satılmasının ona tapşırıldığını bildirmişdir. Evə baxmağa getdiyi zaman ünvanda Cavabdeh onu qarşılamış, həmçinin də Farizin yanında anası olan qadın da olmuşdur. İlkin danışıq zamanı Fariz evin ipotekada olduğunu bildirmiş, 64.200 manat vəsaitin özünə istədiyini, geri qalan məbləğin isə ipoteka qaydasında onun adına keçiriləcəyini vəd vermişdir. Bir müddət fikirləşdikdən sonra o, evi almaq qararına gəlmişdir. Вu səbəbdən Farizlə razılaşaraq 64.200 manat ödəyib ipotekanı öz adına keçirtməyə razılaşmışdır. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək o, cavabdehə Nizami rayonu ərazisində müxtəlif yerlərdə pullar ödəmişdir. Sonuncu ödədiyi məbləğ isə 2022-ci ilin iyul ayında, o dövrdə yaşadığı Nizami rayonu, “Star” idman mərkəzinin arxasında yerləşən məhlədə vermişdir. Ümümilikdə həmin dövr ərzində o, Cavabdeh 54.000 manat pul ödəmişdir. 54.000 manatdan ibarət pul vəsaitini Farizə dedikdən sonra banka gedərək ipotekanı artıq adına keçirmək lazım olduğunu bildirmişdir. Bu səbəbdən onlar görüşərək Səbail rayonu ərazisində yerləşən "xxxx" ASC-nin baş ofisinə getmişlər. Orada olan zaman Cavabdeh evin satılmasına görə ona verilmiş etibarnamənin ləğv olunduğunu müəyyən etmişdir. Fariz ona tezliklə yenidən etibarnamə veriləcəyini bildirərək gözləməyini xahiş etmişdir. Lakin həmin gündən sonra o, dəfələrlə Farizlə əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək iddiaçı ilə görüşməkdən boyun qaçırmışdır. İndi isə ümümiyyətlə onun zənglərinə cavab vermir. Nəhayət bu faktla bağlı o, Nizami rayonu 25 saylı Polis Şöbəsinə müraciət etmişdir. Lakin materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Yazdıqlarından göründüyü kimi, ona aid olan 54.000 manat qanunsuz olaraq cavabdehdədir. Həmin faktların danılmaz sübutu aralarında olan çoxsaylı “Whatsapp” yazışmalarıdır və cavabdeh tərəfindən Nizami rayonu 25 saylı Polis şöbəsinə verdiyi izahatıdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4537/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 47.200 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99.60 manatın tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X6).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında şifahi razılaşma əsasında alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlinmişdir. İddiaçı bu razılığın qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsi üçün üzərinə düşən öhdəlik olaraq pulun ödənilməsini həyata keçirmiş, lakin cavabdeh mənzillə bağlı qanun üzrə hərəkət edə bilmədiyindən, yəni mənzili iddiaçıya satmaq səlahiyyətinə sahib olmadığından razılaşma baş tutmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş ziyanı tələb etməkdə haqlıdır. Belə olan halda iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh iddiaçıdan aldığı 47.200 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

6. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumu 231.60 manatdır. İddiaçı 270 manat dövlət rüsumunun ona qaytarılmasını tələb etsə də, iş materiallarında ola qəbzdən görünür ki, iddiaçı tərəfindən 99.60 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının ödədiyi 99.60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385.1ci, 442-ci, 443.1-ci, 1096-cı, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əgər tərəflər arasında şifahi müqavilə münasibətləri yaranmışsa, həmin müqavilə etibarsız sayılmalı idi və iddia tələbi tərəflər arasında bağlanılmış şifahi müqavilənin etibarsız sayılması və etibarsız sayılmış müqavilə üzrə verilmiş pul vəsaitlərinin geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etməli idi. Bu halda AR MM-nin 354.1-ci maddəsinə əsasən etibarsız müqavilənin tətbiqi barədə iddia müddəti 1 il təşkil edir və əgər məhkəmə düzgün hüquq normasını tətbiq etsə idi, cavabdeh iddia müddətinin keçməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbinin təmin edilməməsini xahiş edəcəkdi. Məhkəməsi tərəflər arasında yaranmış hüquqi münasibətin əsasını ilkin olaraq müəyyənləşdirməlidir. Həmin hüquqi münasibətlə müqavilə əsasında, əsassız varlanma, delikt əsasında yaranıbyaranmaması barədə hüquqi mövqə dəqiqləşdirildikdən sonra məhkəmə iş üzrə tətbiq edilən hüququ müəyyənləşdirib, iddia müddətinin keçib-keçməməsini nəzərə alaraq qətnamə qəbul etməldir. Ödənilmiş məbləğin beh müqaviləsi əsasında yaranması məsələsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Beh üzrə verilən pul vəsaiti beh verənə geri qaytarılmır. Məhkəmə qəbul edilmiş qətnamədə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiqləmişdir, lakin məhkəmə işə birtərəfli baxaraq dövlət rüsumunun tam ödənilmədiyinə görə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməmiş və bununla da cavabdehin prosessual hüquqularını pozmuşdur. İddia ərizəsi dövlət rüsumunun ödənilməməsi ilə geri qaytarılsa idi, iddia tələbi üzrə bir illik, hətta üç illik iddia müddətləri keçmiş olma faktı birmənalı olaraq təsdiqlənəcəkdir. Dövlət rüsumunun ödənilməməsi məhkəmə tərəfindən buraxılmış ciddi prosessual xətadır və məhkəmə iddiaçı tərəfindən törədilmış xəta nəticəsində onun mülki hüquqlarını bərpaedilməz şəkildə pozulmuşdur. İddiaçı tərəfindən iş üzrə pretenziya məktubu göndərilməmişdir. Müqavilənin mövcudluğu pretenziya məktubunun göndərilməsi öhədliyini ehtiva edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

12. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 Dəyiman qızı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 365.1.4-сü maddəsinə əsasən etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir; 386.1-сi maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır; 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunması və iddianın rədd edilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın qismən təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Lakin hüquq normalarını düzgün tədbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməlidir.

20. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə, habelə iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 44F saylı fərdi yaşayış evi X2 mülkiyyətindədir. Qeyd edilən şəxs hazırda Almaniyada yaşayır və bu əmlaka sərəncam verməyi, habelə digər səlahiyyətləri cavabdehə etibar etmişdir. Cavabdeh də həmin etibarnaməyə əsaslanaraq, bu əmlakı satışa çıxartmış və nəticədə əmlakı almaq niyyətini bildirən iddiaçı ilə aralarında münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində tərəflər razılaşmışdılar ki, əmlakın dəyərinin bir hissəsi iddiaçı tərəfindən cavabdehə ödəniləcək, bundan sonra evin bank qarşısında ipoteka ilə yüklü olması səbəbindən ipoteka müqaviləsi iddiaçının adına rəsmiləşdiriləcək və qalan məbləğ artıq ipoteka müqaviləsinin tərəfi olaraq iddiaçı tərəfindən banka ödəniləcəkdir. Nəticədə iddiaçı tərəfindən cavabdehə 52.200 manat məbləğində pul ödənilmiş və bundan sonra ipoteka müqaviləsinin iddiaçının adına rəsmiləşdirilməsi məqsədi ilə tərəflər bankda olarkən cavabdehə verilmiş etibarnamənin ləğv edildiyi müəyyən edilmişdir. Qeyd edilən məbləğin 5.000 manat hissəsi sonradan cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.

21. Hazırda iddiaçı qalan 47.200 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Etibarnamənin səhvən (təsadüfən) ləğv edildiyini, bununla bağlı xalası qısı ilə (mülkiyyətçi ilə) əlaqə saxladığını və xalası qızının növbəti günü yenidən etibarnamə verməyə razı olduğunu iddiaçıya bildirməsinə baxmayaraq, iddiaçının rəsmiləşdirməni aparmaqdan imtina etdiyini bildirir. Halbuki, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən mülkiyyətçi tərəfindən cavabdehə həmin ərəfədə (2022-ci ilin avqust ayından sonra ən azı ilin sonunadək) etibarnamənin verildiyi müəyyən edilmir. Digər tərəfdən rəsmiləşdirmənin həyata keçirilməsi üçün tərəflər 2022-ci ilin avqust ayında "xxxx" ASC-yə getmişdilər. Bundan bir il sonra, yəni 2023-cü ilin sentyabr ayında iddiaçı Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinə müraciət edərək, göstərmişdir ki, etibarnamənin ləğv edilməsi səbəbindən razılaşdıqları rəsmiləşdirməni həyata keçirmək mümkün olmadıqdan sonra cavabdeh yenidən etibarnamənin veriləcəyini bildirərək, gözləməyini xahiş etmiş, lakin həmin gündən sonra o dəfələrlə cavabdehlə əlaqə saxlasa da, cavabdeh müxtəlif bəhanələr gətirərək, onunla görüşməkdən boyun qaçırmış, aldığı pulun cəmi 5.000 manat hissəsini geri qaytarmış, hazırda isə onun zənglərinə cavab vermir, həm pulu qaytarmaqdan, həm də görüşməkdən imtina edir. Qeyd edilənlər öz növbəsində etibarnamə ilə bağlı cavabdehin mövqeyinin əsassız olduğunu təsdiq edir.

22. Bununla belə, cavabdeh etibarnamə əsasında hərəkət edərək, həmin etibarnaməni vermiş X2 mülkiyyətində olan əmlakla bağlı ipoteka müqaviləsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün iddiaçıdan pul vəsaiti almış, lakin sonradan həmin etibarnamənin ləğv edilməsi səbəbindən rəsmiləşdirməni apara bilməməsinə baxmayaraq, nə bu halı aradan qaldırmış, nə də ki, iddiaçıdan aldığı pulu qaytarmışdır. Hadisədən sonra ümumilikdə alınmış pulun 5.000 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, qalan 47.200 manat məbləğində pul isə bügünədək qaytarılmamışdır. Bununla belə, qeyd edilən məbləğin alınması üçün cavabdehin ilkin olaraq hüquqi əsası olsa da, bu əsası yaradan etibarnamənin mülkiyyətçi tərəfindən sonradan ləğv edilməsi ilə həmin əsas aradan qalxmışdır. Hüquqi nəticə etibarı ilə hazırda cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus 47.200 manat pulu özündə saxlayır. Bu hal da birmənalı şəkildə onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və nəticə etibarı ilə əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh həmin məbləği iddiaçıya qaytarmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, hazırki münasibətlərə Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbləri tədbiq edilə bilməz. İddia üzrə dövlət rüsumunun tələb olunan məbləğdən az məbləğdə ödənilməsi isə rüsumun kəsirinin məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınmasını istisna etmir.

24. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, tərəflərə mübahisənin barışıqla həll edilməsi də təklif edilmiş, lakin tərəflər məbləğlə bağlı razılığa gəlməmişdilər. Belə ki, sonuncu məhkəmə iclasında hər iki tərəf evin 126.000 manata satılması ilə bağlı razılığa gəldiklərini etiraf etmişlər. İddiaçı da 126.000 manatı əsas götürüb və tərəfindən bu məbləğin 47.200 manat hissəsinin artıq ödənildiyini nəzərə alıb, qalan məbləğin də ödənilməsinə razı olduğunu bildirmiş, lakin cavabdeh hadisədən iki ildən artıq vaxt keçdiyini və evlərin qiymətinin artığını bildirərək, bu məbləğlə razılaşmamışdır. Daha artıq məbləğin ödənilməsinə isə iddiaçı razı olmamışdır.

25. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini nəzərə alıb, qeyd edir ki, bu məbləğ üçün (120 + (37.200 x 0,3 % =111,60) = 231,60) 231,60 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı tərəfindən cəmi 99,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə yalnız bu məbləğin əvəzi tutula bilər. Dövlət rüsumunun ödənilməli olan, lakin ödənilməmiş (231,60 – 99,60 = 132 manat) 132 manat (kəsr) hissəsi cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

26. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 47.200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99.60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manat məbləğində pul Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4537/2024 nömrəli qətnaməsi qismən - iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh 47.200 (qırx yeddi min iki yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,60 (doxsan doqquz manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 (bir yüz otuz iki) manat məbləğində pul Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar