Məhkəmə qərarları › İş №2(103)-4471/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4471/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4471/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi (atası) X1, İddiaçı özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq, iki uşağın – xx.xx.2012-ci il təvəllüdlü Nurgün və xx.xx.2015-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşaq üçün 235 manat, Nurgünün xroniki purpura (qan duruluğu) xəstəliyi ilə əlaqədar olaraq 100 manat olmaqla, ümumilikdə 570 manat sabit pul məbləğində alimentin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 154 manat məbləğində aliment, Nurgünün xəstəliyi ilə əlaqədar müəyyən edilmiş 46 manat məbləğində əlavə xərc uşaqların saxlanılması və Nurgünün müalicəsi üçün kifayət etmir. Çünki uşaqlar böyüdükcə uşaqların xərci və Nurgünün müalicəsi üçün lazım olan dərman preparatlarının qiyməti artır. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdehin nümayəndəsi (atası) X2 məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti cavabdeh olan oğlu deyil, o özü ödəyir. Çünki oğlunun maddi imkanı buna imkan vermir, oğlu kirayədə yaşayır, ikinci dəfə evlənib və 1 aya həmin nikahdan uşaq doğulmalıdır. Əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləği birtəhər ödəyir, hətta ödədiyi alimentin məbləğinin azaldılmasını istəyir. Həmin qətnamə ilə də xəstəliyə görə 46 manat əlavə pul tutulur. Həmçinin xəstə uşağa dövlət də yardım göstərir. Hazırda yalnız uşaqların saxlanması üçün hər biri 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin tutulmasına razıdır.

4. Cavabdehin özünün iddiaya qarşı verdiyi yazılı etirazı isə onunla əsaslandırılmışdır ki, rəsmi qazancı yoxdur, mövsümi işlərdə işləməklə ayda təxminən 300 manat qazancı olur. Əvvəlki qətnamə ilə təyin edilmiş alimenti qohumlarının köməyi ilə ödəyirdi. Lakin hazırda onun maddi vəziyyəti nəinki yaxşılaşmış, əksinə daha da pisləşmişdir. Yeni ailə qurmuş və həyat yoldaşı hamilədir. Digər tərəfdən o, kirayədə yaşayır və kirayə haqqı verir. İddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 200 manat aliment müəyyən edilməklə, cəmi 400 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini, xx.xx.2012-ci il təvəllüdlü Nurgünün müalicəsi üçün həmin qətnaməsi ilə təyin edilmiş əlavə xərcin miqdarının artırılaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 80 manat məbləğində əlavə xərcin tutulmasını, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını, iddianın qalan hissədə təmin olunmamasını, mediasiya sessiyasında iştirak edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyil. ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. İddiaçı cavabdehin hər uşaq üçün 200 manatdan artıq aliment və 80 manatdan artıq əlavə xərci ödəmək üçün maddi vəsaitə malik olduğunu sübuta yetirə bilmədiyindən iddia qismən təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağ borcludur. İddiaçı işləyir və ayda 600 manat əmək haqqı alır. Nurgünün xəstəliyi üçün də dövlət tərəfindən müavinət ödənilir. Rayon Məhkəməsinin qətnaməsində cavabdehin nümayəndəsinin sözü düzgün yazılmamışdır. Cavabdeh iddianı qəbul etmir. Alimentin artırılması üçün heç bir əsas olmadığı halda, Rayon Məhkəməsi əsassız olaraq iddianı qismən təmin etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

9. Cavabdehin nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. Apellyasiya baxışında iştirak edən iddiaçı isə şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat

11. İddia tələbi qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və dəlillərindən görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflər arasındakı nikahın pozulması, bu nikahından doğulmuş uşaqların – 25,07.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2012-ci il təvəllüdlü Nurgünün anasının, hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin və Nurgünün xəstəliyi ilə əlaqədar 46 manat əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

17. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsini xahiş edir.

18. İddiaçı həmçinin Nurgünün xəstəliyi ilə əlaqədar tutulan 46 manat əlavə xərcin artıqılmasını və 100 manat müəyyən edilməsini xahiş edir.

19. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə qismən təmin etmişdir

20. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun aylıq gəlirinin aşağı olması səbəbindən o, iddiaçının tələb etdiyi aliment və əlavə xərcin məbləğini ödəmək imkanına malik deyildir. Alimentin miqdarı dəyişdirilməməlidir.

21. AZEMİS “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehin gəlir məlumatlarından çıxarışdan müəyyən edilir ki, cavabdehin hər hansı rəsmi gəliri yoxdur.

22. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.

24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabehdən tutulmalı olan alimentin miqdarının 200 manat müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur.

25. Məhkəmə həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3.).

26. Məhkəmə hesab edir ki, “xroniki purpura (qan duruluğu)” xəstəliyindən əziyyət çəkən xx.xx.2012-ci il təvəllüdlü Nurgünün müalicə olunması üçün yetkinlik yaşına çatana kimi 80 manat məbləğində müalicə xərci kimi əlavə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir.

27. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi aylıq gəlirinin aşağı olması barədə və digər dəlilləri cavabdehi uşaqlarını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan, uşağın əlavə xərclərində iştirak etməkdən azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

32. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə (((235–200)x2=)70 manat x 12 ay = 840 manat; ((80–46=) 34 manat x 12 ay = 408 manat; 840 manat + 408 manat = 1.248 manat) 5.000 manatdan azdır.

33. İş üzrə iddiaçı da hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki hazırki apellyasiya baxışı çərçivəsində həll edilmiş məsələ iddiaçının maraqlarına toxunmur.

34. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar