Məhkəmə qərarları › İş №2(103)-4472/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4472/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4472/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinı dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1419/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-736/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 18 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1419/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-736/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırlaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddiaçının azad olunduğu 48.2 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “ Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə; “ İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə; Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 112.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 82.3, 106.1, 107, 119.1, 217.4, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə uşağa görə 155 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının nümayəndəsi uşağın gündəlik xərcinin artmasını, yaşayış minimumu məbləğinin artmasını, iddiaçının uşağı saxlamaqda tək qadın olaraq çətinlik çəkdiyini əsas götürərək alimentin artırılması tələbi irəli sürmüşdür. Yuxarıda sadalanan dövlətdaxili və beynəlxalq hüquq normalarının tələbinə əsasən, valideynlər uşağın saxlanmasına borcludurlar. Ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı mənfi dəyişikliyin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti ödəyir. Yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşaqların hər gün artan xərcləri, təhsili və digər əsaslar birlikdə qiymətləndirildikdə aliment miqdarının artırılması üçün əsasların yaranması aydın olur. Göstərilənlərə əsasən, 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğunu, uşağın üstün mənafeyini və onu təminat səviyyəsini əsas götürərək, uşağın əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, bu fərqin uşağın təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşaqların böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini, nəzərə alınaraq,iddia tələbi əsaslı olmaqla təmin edilməli, bir uşağa görə cəmi 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Tərəflərin 18 mart 2013-cü il təvəllüdlü X4 adlı övladı doğulmuşdur (xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ 094979 nömrəli doğum haqqında şəhadətnamə);- Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)- 736/2021 saylı qətnaməsi ilə, 18 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)- 735/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X3 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 155 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 11.06. 2024-cü il tarixli 2(002)-1419\2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, o, "xxxx" MMC-də fəhlə işləməklə aylıq əmək haqqısı 345 manat təşkil edir. O, hər gün saat 09:00-dan saat 18:00-dək işdə olur.Başqa fəaliyyət növü ilə məşğul olmaq üçün vaxtı yoxdur. Belə olan halda məhkəmə alimentin artırlması barədə iddianı təmin edərkən alimentin aylıq qazancın dörddə bir hissəsi miqdarında təyin etmək əvəzinə sabit pul məbləğində müəyyən etməklə səhvə yol vermişdir. O, birinci instansiya məhkəməsinə “Dost MMC-də fəhlə işləməyi və 345 manat əmək haqqı almağı barədə arayış, yeni nigaha daxil olmağı barədə X5 və həmin nigahdan uşağının olmasına dair Doğum haqqında şəhadətnamə təqdim etdiyi sübutlar qətnamənin əsaslanadırıcı hissəsində göstərilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi sübutlara hərtərfli və obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində (31-cu bənd) göstərilir ” indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin müəyyən edilməsi mümkün olmamışdır”. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 cavabdehin apellyasiya şikayətini əsassız hesab etdiyini, bu illər ərzində uşağı ilə maraqlanmadığını, yalnız alimenti ödədiyini, artıq qiymətlərin qalxması ilə əlaqədar 235 manat alimentin kifayət qədər normal olduğunu, uşağın yaşı artıqca , onun xərclərinin də artdığını, cavabdehin apellyasiya şikayətində istinad etdiyi halların onu ilk nikahından olan övladı qarşısında öhdəliklərdən azad etmədiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-22, 49, 50, 51, 60, 61, 75; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390, 402.1-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağın mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri uşağın təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) və qanunvericiliyin tələbləri baxımından qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 9.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 11.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna edilmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş yaşayış minimumu üzrə tələbat artmışdır. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. 14.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1419/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar